Şimal bölgəsindən 210 şagird tur-aksiyaya cəlb olunub

 

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Şimal regionu əhatə edən 6 rayondan 210 məktəbli qoşulub.

AZƏRTAC xəbər verir ki, noyabrın 16-sı səhər saatlarında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan məktəblilər İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə ekskursiyaya yola düşüblər.

Xaçmazdakı Heydər Əliyev adına parkda şagirdlərin təntənəli yolasalma mərasimi keçirilib. İcra hakimiyyətinin, təhsil şöbəsinin və məktəblərin nümayəndələri, eləcə də valideynlər səyahətə çıxanlara uğurlu yol arzulayıb.

Bildirilib ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində şimal-qərb rayonlarını gəzəcək, buradakı qədim tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə yaxından tanış olacaqlar. Səfərlə bağlı bütün xərclər dövlət tərəfindən ödənilir.

Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırıldıqdan sonra rahat avtobusla yola salınıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 noyabr.- S. 10.