Dövlətimizin
başçısı UNESCO Baş
Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib
Noyabrın
17-də Parisdə UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəldilər.
Bu il UNESCO-nun Nizamnaməsinin
qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə
bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulub.
UNESCO Baş Konfransının
38-ci sessiyasının Liderlər
Forumu da təşkilatın yaradılmasının
70 illiyinə həsr edilib.
Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazdı.
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq
baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri
oldu.
UNESCO Baş Konfransının
38-ci sessiyasının sədri,
Namibiyanın informasiya
və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq Forumun gündəliyi barədə
məlumat verdi.
Maltanın Prezidenti xanım
Mari-Luiz Koleyro Forumda çıxış
edərək UNESCO-nun yarandığı
70 il ərzində
dünyanın xeyli dəyişdiyini bildirdi. Qeyd etdi ki, bu
Forum UNESCO-nun gələcəyini müəyyənləşdirmək üçün yaxşı
tədbirdir. Malta Prezidenti
dedi ki, inkişaf real mədəni
mühitlə bağlıdır.
O, mədəni müxtəliflik,
təhsil, yoxsulluq, savadsızlıq, gender bərabərliyi
məsələlərinə toxundu, qlobal problemlərin həllində
UNESCO-nun rolunu və birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi.
Sonra Slovakiya
Baş nazirinin müavini, xarici işlər naziri Miroslav Layçak çıxış etdi. O, Parisdə
baş vermiş terror
aktlarını pisləyərək
terrorçuların bütün
bəşəriyyətin düşməni
olduğunu vurğuladı,
terrorla birgə mübarizənin önəmini
diqqətə çatdırdı.
Baş nazirin müavini vurğuladı ki, UNESCO terrorizm və ekstremizmin yer almadığı dünyanın
qurulmasında mühüm
əhəmiyyətə malikdir.
Miroslav Layçak qlobal problemlərin həllində
birgə səylərin
göstərilməsinin zəruriliyini
vurğuladı.
Foruma sədrlik
edən Stanley Mutumba Simataa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı
iqtisadi inkişafından,
beynəlxalq aləmdə
qazandığı böyük
nüfuzdan danışdı. O, ölkəmizin
UNESCO-nun etibarlı tərəfdaşına
çevrildiyini bildirdi.
Prezident İlham Əliyev Forumda çıxış
etdi.
Dövlət başçısı əvvəlcə noyabrın
13-də Parisdə baş
vermiş dəhşətli
terror hadisəsi ilə
bağlı Azərbaycan
xalqı adından Fransa xalqına başsağlığı verdi. Bildirdi ki, bu dəhşətli terror hadisəsi
beynəlxalq ictimaiyyətin
bu bəla ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu
bir daha göstərir. Prezident İlham
Əliyev keçmişdə
çoxsaylı terror hadisələrindən
əziyyət çəkən
Azərbaycanın terrorizmə
qarşı mübarizədəki
rolundan danışdı.
Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal
üzvü kimi bəşəri dəyərlərin
təşviqinə öz
töhfəsini verməkdə
davam etdiyini dedi. Bildirdi ki, Azərbaycan
UNESCO-nun bütün konvensiyalarını
və digər sənədlərini imzalayıb,
ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət,
elm, təhsil və kommunikasiya sahələrində
əməkdaşlıq üzrə
Çərçivə Sazişi
imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından
birinə çevrilmək
imkanı verib. Prezident İlham Əliyev əminliklə vurğuladı
ki, UNESCO-nun təhsil,
mədəniyyət və
elm sahələrinin inkişafına
verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.
Dövlət başçısı dedi ki, Azərbaycanın
beynəlxalq səviyyədə
tanınan ərazilərinin
Ermənistan tərəfindən
işğalı bu günə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb.
Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz
ermənilər tərəfindən
tamamilə dağıdılıb.
Prezident İlham Əliyev Ermənistanın nəinki
beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu,
beynəlxalq təşkilatlar
tərəfindən qəbul
edilən qətnamələrə
məhəl qoymadığını
vurğuladı. “Azərbaycanın ərazi
bütövlüyü istənilən
digər ölkənin
ərazi bütövlüyü
kimi eyni dəyərə malikdir”,
- deyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa
ediləcəyinə əminliyini
bildirdi.
Dövlət başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışdı,
ölkəmizin mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqa töhfələri
barədə Forum iştirakçılarına
ətraflı məlumat
verdi. Prezident İlham
Əliyev UNESCO-nun 70 illiyi
münasibətilə Forum iştirakçılarına
təbriklərini çatdırdı.
Sonra ABŞ Prezidenti
Barak Obamanın Foruma ünvanladığı məktub
oxundu.
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış etdi. O, Parisdə
törədilən son terror aktlarından bəhs etdi, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirdi. Fransa Prezidenti terrorizmin
bəşəri dəyərlərə
böyük təhdid
olduğunu qeyd etdi.
Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən
həmrəylikdən də
danışdı. O vurğuladı
ki, Parisdə terror aktlarını törədənlər
qatillərdir və onlar heç bir sivilizasiyaya aid deyillər.
Fransa dövlətinin
başçısı bəşəri
dəyərlərin qorunmasında
UNESCO-nun mühüm rol
oynadığını bildirdi,
təşkilatın Əfqanıstanda,
Malidə və digər ölkələrdə
dağıdılmış abidələri bərpa etdiyini vurğuladı. Fransa Prezidenti
UNESCO-nun mədəni dəyərlərin
qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini də diqqətə çatdırdı.
Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdülər.
Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli
uğurlu əməkdaşlığın
həyata keçirildiyi
vurğulandı. Azərbaycan Prezidenti İlham
Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın UNESCO Baş
Konfransının 38-ci sessiyasının
Liderlər Forumunda iştirakı əməkdaşlığımızın
yaxşı göstəricisi
kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın
UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın
işinə verdiyi töhfə yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda multikulturalizmin
inkişafı, ölkəmizin
mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə
verdiyi töhfələr
diqqətə çatdırıldı.
UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin
əhəmiyyəti qeyd
edildi.
Görüşdə əməkdaşlığımızın bundan sonra da
genişləndirilməsinə əminlik ifadə olundu və bu əməkdaşlığın
perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında
təşkilatın İcra
Şurasının zalı
və nümayəndə
heyətlərinin salonu
ilə tanış
oldular. Qeyd edildi ki, bu zalın və
salonun yüksək səviyyədə təmir
olunması Azərbaycan
dövlətinin dəstəyi
ilə həyata keçirilib. Zalda İcra
Şurasının tədbirləri
ilə yanaşı, xoşməramlı səfirlərin
görüşləri, toplantıları
da keçirilir.
Dövlət başçısı və
xanımı ölkəmizin
UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan
Respublikası tərəfindən
hədiyyə edilən
daş at və daş qoç abidələrinə baxdılar.
UNESCO-nun mənzil-qərargahının
həyətində qoyulan
bu heykəllər burada daimi olaraq
sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun
Aşağı Ayıblı
kəndindən tapılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva digər ölkələrin
UNESCO-ya təqdim etdiyi abidələrə də baxdılar. Qeyd edildi
ki, UNESCO-nun mənzil-qərargahının
həyətində və
binada sərgilənən
bu abidələr tarixi, mədəni əhəmiyyət daşıyır.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcək).
AZƏRTAC
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 1.