Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 17-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs edib. O, iki dost ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, İranın Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi səmimi görüşə görə təşəkkürünü bildirib, başçılıq etdiyi əyalətin Azərbaycan ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılıb.

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 4.