Azərbaycandan dünyanın enerji ailəsinə açılan qapı

 

BTC-nin marşrutunu müəyyənləşdirən sənədin imzalanmasından 16 il keçir

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında BTC-nin yaranma tarixində həlledici rol oynayan sənəd imzalandı. Bu, “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dairsaziş adlanırdı. Sazişi Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri öz imzaları ilə təsdiqlədilər. Bu, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi. 

Bir il ondan əvvəl - 1998-ci il oktyabrın 19-da kəmərin tikilməsi ilə bağlı “Ankara bəyannaməsi” imzalanmışdı. Əslində, BTC-nin tikilməsi zərurəti “Əsrin müqaviləsi”nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrında “Çıraq” platformasından ilkin neft alınmışdı. Qarşıda “Azəri”, “Dərinsulu Günəşli” yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü isə get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Odur ki, ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün uzaqgörən qərarını verdi. Bu, BTC-nin tikilməsi ideyası idi.

BTC layihəsinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Onun gerçəkləşməsi ulu öndərin düzgün seçimi ilə yanaşı, həm də dünyadakı nüfuzuna, mübarizliyinə söykənmişdi. Dünyanın bir çox görkəmli siyasətçiləri vurğulamışlar ki, Heydər Əliyevin səyi və zəhməti olmasaydı, BTC olmazdı. Çünki bu layihə ideyasının yarandığı gündən, hətta təməli qoyulandan sonra da bir çox sınaqlarla  rastlaşmış və ulu öndər özünün bu möhtəşəm əsərini bütün maneələrdən zəfərlə keçirmişdi.

BTC Ko. şirkətinin 11 səhmdarı var. Bunlar BP (30,1 faiz), AzBTC (25 faiz), “Şevron” (8,9 faiz), “Statoyl” (8,71 faiz), TPAO (6,53 faiz),  ENİ (5 faiz), “Total” (5 faiz), “İtoçu” (3,4 faiz); “İnpeks” (2,5 faiz), “KonokoFillips” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. Təsadüfi deyil ki, kəmər istifadəyə verilərkən layihənin tərəfdaşları ona ulu öndərin adının verilməsi təklifini irəli sürmüşlər. Təşəbbüs yekdilliklə bəyənilmişdir, BTC bu adı şərəflə daşıyır və Azərbaycan neftini dünya bazarlarına fasiləsiz, təhlükəsiz ixrac edir.

ARDNŞ-nin məlumatına görə, təkcə keçən ay ərzində BTC vasitəsilə 2 milyon 512 min 281 ton Azərbaycan nefti nəql olunub. Bu ilin yanvar-oktyabr aylarında kəmərlə 24 milyon 110 min 452 ton neft ötürülüb. Ümumiyyətlə, istifadəyə verilən gündən cari il noyabr ayının 1-ə qədər BTC-yə 287 milyon 935 min 149 ton neft vurulub.

Bundan başqa, ötən ay kəmərlə ümumilikdə 408 min 860 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

BTC-nin operatoru olan BP şirkətinin məlumatında bildirilir ki, bu ilin birinci yarısında kəmərin Ceyhana gətirdiyi neft 188 tankerə yüklənib. Fəaliyyət göstərdiyi 9 ildən çox vaxt ərzində isə bu tankerlərin sayı 2940-ı ötüb.

2002-ci ilin sentyabrında təməli qoyulan və 2006-cı ilin iyulunda tam bir sistem kimi istifadəyə verilən kəmər təkcə Azərbaycanın deyil, bütün regionun xeyir-bərəkət mənbəyinə çevrilib. Lakin onun əhəmiyyəti təkcə bununla bitmir. Qədim neft diyarı Azərbaycanın bu gün həm də qaz hasil edən ölkə kimi şöhrəti artdıqca BTC daha böyük önəm kəsb edir. Çünki qazın dünya bazarlarına ixracı üçün yeni yollar çəkilir və bu yolların başlanğıcında dayanan, təbii ki, BTC olub. “Şahdəniz” qazını nəql edən Bakı-Tbilisi-Ərzurum kəmərinin Azərbaycandan və Gürcüstandan keçən hissəsi məhz BTC ilə bir dəhliz boyu çəkilib. Xəzərin sahilindən başlanan bu dəhliz indi Adriatik dənizinin sahilinə doğru uzanır.

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərini belə dəyərləndirmişdir: “Geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə, bilirdilər ki, bizim zəngin qaz ehtiyatlarımız vardır. Amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu. Ancaq “Şahdəniz” qaz yatağının kəşfindən sonra - bu yataq dünya miqyasında ən böyük yataqlardan biridir - əlbəttə ki, bu sahəyə diqqət daha da çox olmuşdur. Beləliklə, düzgün strategiyanın icra edilməsi nəticəsində dəhlizin açılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 5.