Maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncə və Şəmkirdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 16-da Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarının məktəbliləri Gəncəyə gəliblər.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın girəcəyində ucaldılmış Zəfər tağı qarşısında böyük mehribanlıqla qarşılanan aksiya iştirakçıları Azərbaycanın bu qədim şəhərinə səfərlərindən məmnun qaldıqlarını bildirərək layihənin təşkilatçılarına minnətdarlıq ediblər.

Gəncədə həyata keçirilən abadlıq və yenidənqurma işləri haqqında məlumat verən şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov bildirdilər ki, Biləsuvar, Salyan, Cəlilabad və Masallı şagirdləri Azərbaycanın necə sürətlə inkişaf etdiyini burada olduqları müddətdə daha aydın görəcəklər. Dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan və 450 hektar sahəsi olan park-kompleksə heyranlıqla tamaşa edən məktəblilərə deyildi ki, burada amfiteatr, müasir incəsənət muzeyi, Gənclər kafesi, bir neçə əyləncə mərkəzi, həmçinin möhtəşəm Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Zəfər tağının ətrafında yaradılmış fəvvarələr alleyası şəhər sakinlərinin, eləcə də qonaqların ən çox sevdikləri yerdir.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəldilər. Burada dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Bildirildi ki, iki ilə inşa edilən bu nəhəng tikilidə bütün şəhər sakinləri böyük məhəbbətlə iştirak ediblər. İndi onlar mərkəzi tez-tez ziyarət edir, burada Heydər Əliyevin Gəncənin, ümumilikdə Azərbaycanın inkişafı naminə göstərdiyi misilsiz xidmətləri yad edirlər.

Sonra məktəblilər mərkəzlə yaxından tanış oldular. Onlar burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrə baxdılar.

Mərkəzlə tanışlıqdan sonra Biləsuvar məktəblilərindən ibarət qrupun rəhbəri, Amil Şirinov AZƏRTAC-a dedi: “Gəncəyə gələrkən yolboyu bir neçə rayon ərazisindən keçdik. Abad kəndlər, rahat yollar məndə qürur hissi oyatdı və bu inkişafın nəyin bahasına əldə edildiyi barədə şagirdlərə ətraflı məlumat verdim. Söz yox ki, sabahın qurucusu olacaq bu uşaqlar tur-aksiya çərçivəsində ölkəmiz haqqında, onun bölgələri barədə daha ətraflı bilgi əldə edəcəklər. Bütün bunlara görə “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən tur-aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarıq”.

Cəlilabad şəhər 7 nömrəli orta məktəbin X sinif şagirdi Azər Şükürov sevincini belə ifadə etdi: “Gəncə bölgəsinə gəlmək çoxdankı arzum idi. İndi bu arzum gerçəkləşdi. Buna görə çox sevinirəm. Birona görə sevinirəm ki, bölgənin maddi-mədəniyyət abidələri ilə tanış olmaqla bərabər, özümə çoxlu dostlar da tapacağam”.

Salyan rayon 1 nömrəli orta məktəbin XI sinif şagirdi Mirgünay Bayramova isə AZƏRTAC-a dedi: “Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox eşitmişdim. Sevinirəm ki, eşitdiklərimi dörd gün müddətində əyani surətdə görəcəyəm. Rayonumuza qayıdanda gördüklərim barədə sinif yoldaşlarıma da danışacağam”.

 

X X X

 

Noyabrın 16-da Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən Astara, Lənkəran və Lerik məktəbliləri də Şəmkirin Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılandılar.

Tur-aksiya iştirakçılarına rayonun tarixi, mədəniyyəti, turizm potensialı barədə geniş məlumat verildi. Qeyd edildi ki, dörd günlük aksiya zamanı onlar Gəncə və Göygöllə yanaşı, Şəmkirdə də bir sıra maraqlı ekskursiyalarda olacaqlar.

Noyabrın 17-də isə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncənin tarixi və mədəni abidələri ilə yaxından tanış olacaqlar.

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.