Gəncə ilə
tanışlıq tur-aksiya
iştirakçılarının xatirəsində silinməz
izlər qoyub
Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən
respublikamızın şəhər və rayonlarının məktəbliləri
üçün “Ölkəmizi tanıyaq” devizi ilə
keçirilən maarifləndirici tur-aksiya çərçivəsində
Gəncəyə gələn Biləsuvar, Cəlilabad, Salyan,
Masallı, Astara, Lənkəran və Lerik rayonlarının
IX-XI sinif şagirdləri noyabrın 17-də qədim Nizami
yurdu ilə tanışlığa Qoşa qala qapıları
- Arxeologiya və Etnoqrafiya Muzey-Kompleksindən
başladılar.
AZƏRTAC xəbər verir ki, məktəblilər muzey-komplekslə yaxından tanış oldular. Burada şagirdlərə məlumat verildi ki, möhtəşəm dəmir darvazalar Gəncə-Bakı magistral yolunun 7 kilometrliyində inşa edilən, qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanan kompleksə xüsusi əzəmət verir. Burada daş dövründən tutmuş, XX əsrin əvvəllərinə aid eksponatlara rast gəlmək mümkündür.
Məktəblilər dördmərtəbəli qala divarlarının salonlarını gəzərək eksponatlara baxdıqdan sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə gəldilər. Burada şagirdlərə məqbərənin inşasının tarixi, şairin 870 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının imzaladığı Sərəncamdan sonra məqbərə ətrafında görülən yenidənqurma işləri barədə ətraflı məlumat verildi. Məktəblilər məqbərə önündə xatirə şəkli çəkdirdikdən sonra Nizami Gəncəvi muzeyində şairin dövrünü əks etdirən eksponatlara baxdılar.
Gəncə ilə tanışlıq Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam” tarixi-memarlıq abidəsində, həmçinin Cavad xan küçəsində və Xan bağında davam etdirildi. Tanışlıq zamanı cənub bölgəsinin məktəbliləri həmyaşıdları ilə söhbətlər edərək özlərinə çoxlu dostlar qazandılar.
Gəncə-Şəmkir-Göygöl
marşrutu üzrə tur-aksiyada
iştirak edən qrup
rəhbəri, akademik Zərifə
Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli
tam orta məktəbin
müəllimi İbrahim Əzizov
AZƏRTAC-a bildirib ki,
məktəblilər tur-aksiyaya
qoşulduqları üçün çox sevinclidirlər:
“Açığını deyim ki, məktəblilərlə bərabər biz müəllimlər də sevinirik.
Çünki şagirdlərimiz bu gün
respublikamızın ikinci böyük
şəhəri Gəncə ilə yaxından tanış oldular. Hətta dahi söz ustası Nizami Gəncəvinin
məqbərəsini ziyarət edib, məqbərə
önündə xatirə şəkli çəkdirdilər.
Vaxt gələcək bu
uşaqlar böyüyəcək və həmin
şəklə baxanda xoş
hisslər keçirəcəklər”.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.