“Səhnə mənim həyatımdır”

 

70 illik ömrünün 50 ilindən çoxunu səhnədə keçirən Sarvan kənd mədəniyyət evinin müdiri, şəhid atası, tanınmış aktyor Cahangir  Bahadir oğlu Qaraşov bu gün də gənclik eşqi ilə səhnədə coşub çağlayır. Salyan rayonunda elə mədəni-kütləvi tədbir yoxdur ki, Cahangir Qaraşov orada iştirak etməsin. O deyir ki, səhnə mənim həyatımdır, özümü o məkansız bir an da düşünə bilmirəm.

18 nəvəsi, 3 nəticəsi olan C.Qaraşov doğulduğu Sarvan kəndində 48 ildir ki, kənd camaatının asudə vaxtını səmərəli keçirmək üçün səylə çalışır. Müdir işlədiyi Sarvan kənd mədəniyyət evində hazırda 5 bədii özfəaliyyət kollektivi var. Bu kollektivlər nəinki kənddə, rayonda, hətta respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə vaxtaşırı iştirak edirlər. Akkuşa” bədii-özfəaliyyət kollektivi, “Miniatür satirik teatr”, “Bizim meyxanaçılar”, “Hünər” qrupları “Qaravəlli” folklor akrobatlar dərnəyi, “Muğam” studiyası və s. kimi dərnəklər öz işlərini günün tələbləri səviyyəsində qurmuşlar. Sarvan mədəniyyət evinin işi rayonun şəhər və kənd mədəniyyət müəssisələrinə nümunə göstərilir.

C.Qaraşov 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunu (indiki Mədəni-Maarif  Kolleci) bitirib. Rayonun Şorsulu kəndində ixtisaslı klub müdiri kimi əmək fəaliyyətinə başlayıb. İş təcrübəsi qısa müddətdə respublikaya yayılıb. 1966-cı ildə o, Azərbaycan televiziyasına rejissor köməkçisi kimi dəvət olunub, televiziya filmlərinin çəkilişində rejissoraktyor kimi iştirak edib. 1967-1972-ci illərdə Bakı Dövlət Kukla Teatrında aktyor işləyən Cahangir yenidən rayon rəhbərliyinin çağırışı ilə Salyana  qayıdıb. 1973-cü ildə rayon mədəniyyət evində “Kukla” dərnəyi yaradıb. Bu dərnəyə xeyli həvəskarlar cəlb edib. 1975-ci ildə teatrın fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən bəyənilərək onaXalq kollektivi” adı verilib. 1982-ci ildə Çexoslovakiyada keçirilən ölkələrarası kukla teatrlarının baxış müsabiqəsində Cahangir Qaraşov münsiflər heyətinin üzvü kimi Azərbaycanı təmsil edib.

1994-cü ildə onun səyi nəticəsində Salyan Kukla Xalq Teatrının bazasında cənub bölgəsində yeganə olan Dövlət Kukla Teatrı yaradılır. C.Qaraşov teatra baş rejissor təyin edilir. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii özfəaliyyət kollektivinin rəhbəri fakültəsinin məzunu C.Qaraşov 1997-ci ildən indiyədək Salyan rayon Sarvan kənd mədəniyyət evinin  müdiri vəzifəsində çalışır.

1999-cu ildən 2008-ci ilə kimi Sarvan kənd bələdiyyəsinin üzvü olub. 1986-cı ildə “Əməkdə fərqlənməyə görə” medalına, 2013-cü ildə Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisidöş nişanına, 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə mükafatlandırılıb.

Ömrünün 70-ci ilində səhnədə özünü gənclik illərindəki kimi gümrah hiss edən C.Qaraşov yorulmadan səhnə fəaliyyətini davam etdirir. Onun bu fədakarlığı gənclərə örnək göstərilir.

 

Lətif ZƏRBƏLİYEV,

Salyan Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 8.