Parisdə UNESCO
Baş Konfransının 38-ci sessiyasının Liderlər
Forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda
iştirak ediblər
Xəbər
verdiyimiz kimi, noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının
38-ci sessiyasının Liderlər Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəldilər.
Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il
ötür. Təşkilatın
yaradılmasının 70 illiyi münasibətilə bir
sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulub. UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumu da təşkilatın
yaradılmasının 70 illiyinə həsr edilib.
Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq
kitabına ürək sözlərini yazdı.
Azərbaycan Prezidenti İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş
direktoru Koişiro Matsuura ilə qısa söhbətləri
oldu.
UNESCO
Baş Konfransının 38-ci sessiyasının sədri,
Namibiyanın informasiya və kommunikasiya texnologiyaları
nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq
Forumun gündəliyi barədə məlumat verdi.
Maltanın
Prezidenti xanım Mari-Luiz Koleyro Forumda çıxış edərək
UNESCO-nun yarandığı 70 il ərzində
dünyanın xeyli dəyişdiyini bildirdi. Qeyd
etdi ki, bu Forum UNESCO-nun gələcəyini müəyyənləşdirmək
üçün yaxşı tədbirdir. Malta Prezidenti
dedi ki, inkişaf real mədəni mühitlə
bağlıdır. O, mədəni müxtəliflik, təhsil,
yoxsulluq, savadsızlıq, gender bərabərliyi məsələlərinə
toxundu, qlobal problemlərin həllində UNESCO-nun rolunu və
birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi.
Sonra Slovakiya Baş nazirinin müavini, xarici işlər
naziri Miroslav Layçak çıxış etdi. O, Parisdə baş
vermiş terror aktlarını pisləyərək
terrorçuların bütün bəşəriyyətin
düşməni olduğunu vurğuladı, terrorla birgə
mübarizənin önəmini diqqətə
çatdırdı. Baş nazirin müavini vurğuladı
ki, UNESCO terrorizm və ekstremizmin yer almadığı
dünyanın qurulmasında mühüm əhəmiyyətə
malikdir. Miroslav Layçak qlobal problemlərin
həllində birgə səylərin göstərilməsinin
zəruriliyini vurğuladı.
Foruma sədrlik
edən Stanley Mutumba SİMATAA dedi:
-Zati-aliləri,
xanımlar və cənablar.
İndi isə bizim növbəti mötəbər
qonağımızı, Zati-aliləri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevi məmnuniyyətlə
salamlamaq istəyirəm. Onun rəhbərliyi ilə Azərbaycan
Respublikası sürətli iqtisadi artıma nail olaraq UNESCO-nun
etibarlı tərəfdaşına çevrilmiş və təşkilatımızın
mandatına uyğun bütün sahələrdə UNESCO-ya dəstək
göstərmişdir.
Zati-alilərinin “Bakı prosesi” təşəbbüsü
ilə çıxış etməsini xüsusi vurğulamaq
istəyirəm. Bu təşəbbüs iki fərqli
coğrafi regiona mənsub olan mədəniyyət nazirlərini
bir araya gətirməklə Avropa Şurası və İslam
Əməkdaşlıq Təşkilatını əhatə
edir. Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası
dialoq üzrə üç dünya forumuna müvəffəqiyyətlə
ev sahibliyi edib və yaxın gələcəkdə
BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunu təşkil
edəcək. Bütün bunlar Azərbaycanın
mədəniyyətlərarası dialoqun təşviqinə
sadiq qalmasının göstəricisidir.
Cənab
Prezident, Sizi UNESCO-da salamlamaqdan məmnunluq hissi keçiririk və
Sizin bizə söyləyəcəklərinizi
səbirsizliklə eşitmək istəyirik. İndi
isə böyük məmnuniyyətlə sözü Sizə
verirəm.
X X X
Dövlətimizin başçısı Forumda
çıxış etdi.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
-Baş Konfransın cənab sədri.
İdarə heyətinin cənab prezidenti.
Xanım baş direktor.
Hörmətli dostlar, xanımlar və cənablar.
Əvvəlcə, noyabrın 13-də Parisdə baş
vermiş dəhşətli terror hadisəsi ilə
bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin
hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan
xalqı Fransa xalqının kədərini
bölüşür və Fransa Respublikasının tarixində
bu faciəli məqamda Fransa xalqı ilə
çiyin-çiyinə dayanır. Bu dəhşətli
terror hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət
bu bəla ilə mübarizə aparmaq üçün səylərini
birləşdirməlidir. Dünyanın
heç bir ölkəsinə bu cür hücumlara məruz
qalmayacağı barədə yüz faiz zəmanət verilə
bilməz. Buna görə də beynəlxalq
ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə
mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin
qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə
qarşı mübarizədə öz rolunu oynayır və
bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.
Azərbaycan UNESCO-nun fəal üzvüdür. 23 ildən
artıqdır, - demək olar ki, müstəqilliyini bərpa
etdikdən dərhal sonra, - Azərbaycan UNESCO-nun üzvü
olmuşdur və bəşəri dəyərlərin təşviqində
öz rolunu oynamaqdadır. Azərbaycan demək
olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər
hüquqi aktlarını imzalamış və ratifikasiya
etmişdir. 2003-cü ildə Azərbaycan
ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və
kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə Sazişi
imzalanmışdır. Bu da Azərbaycana
UNESCO donorlarından birinə çevrilmək imkanı
vermişdir. Bu, ən zəif inkişaf
etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir.
Müstəqillik dövrünün əvvəlində
Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğal və
iqtisadi tənəzzüllə üzləşmişdi və
o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə
bu yaxşılığın əvəzini ödəmək
və dünyanın inkişaf məramına töhfə vermək
növbəsi bizimdir. Tamamilə əminəm
ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə,
elm kimi fəaliyyət sahələri bəşəriyyətin
inkişafı üçün əsas istiqamətlərdir.
Bu sahələrin inkişafı
dünyamızı daha da təhlükəsiz edəcək.
Dünya irsi siyahısına daxil olan İçərişəhər,
Şirvanşahlar sarayı, Qız qalası, Qobustan
qayaüstü rəsmləri kimi tarixi abidələrimizin
UNESCO tərəfindən qorunan abidələr sırasında
yer alması bizi fərəhləndirir. Azərbaycan qədim
mədəniyyət, tarix, adət-ənənələr
diyarıdır. Lakin, eyni zamanda, müstəqil dövlət
kimi yalnız 24 il yaşayan çox gənc
bir dövlətdir. Bu illər bir siyasi sistemdən
digər siyasi sistemə, planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçid illəri olmuşdur. Bu illər ərzində ölkəmiz uğurlar əldə
edə bilmişdir.
Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş
və təmsil olunduğu təşkilatların fəal
üzvüdür. Bizim ən böyük siyasi və
diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi
ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv
seçilməyimiz olub. Bu da beynəlxalq
ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın
rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim
nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq
əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı
üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik
etdiyimiz iki il ərzində biz diqqəti
iki vacib məsələyə yönəltdik. Bunlar
beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası
dialoqdur. Əfsuslar olsun ki, müstəqillik
illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün
qurbanına çevrilmişdir. Azərbaycanın
beynəlxalq səviyyədə tanınan ərazilərinin
Ermənistan tərəfindən işğalı bu günə
kimi davam edir. Ermənistan tərəfindən
yürüdülən etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. 250 min azərbaycanlı
Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə
məruz qalmışdır, 750 min nəfər isə öz
ölkəmizdə məcburi köçkünə
çevrilmişdir.
Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman
iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik,
çox kasib ölkə idik. Bu gün
televiziyada Avropanın üzləşdiyi miqrasiya
böhranı ilə bağlı reportajları izləyərkən
əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində
qalan insanların ağrısını baş
düşürük. Eyni zamanda, biz bu
prosesin Avropada yaşayanlar üçün çətinliklər
törətdiyini də anlayırıq. Lakin,
eyni zamanda, 1992-ci, 1993-cü illəri xatırlayırıq.
Bu illər ərzində biz Azərbaycanda bir
milyona yaxın insanı yerləşdirməli idik. O
vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz
milyondan bir az artıq idi. Beləliklə,
bu, dünya miqyasında adambaşına düşən
qaçqın və məcburi köçkünlərin
sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin
cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən
gələni etdik. Bu gün onlar ölkəmizin
inkişafında çox vacib rol oynayırlar.
Ermənistan nəinki beynəlxalq hüquq
normalarını, həm də tarixi ədaləti pozur. BMT-nin Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən
qeyd-şərtsiz və dərhal
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etmişdir. Əfsuslar olsun ki, o
dövrdən iyirmi ildən artıq vaxt
ötmüşdür və bu qətnamələr icra olunmur.
Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik
və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ
ilə üzləşirik. Söhbət
aparıcı beynəlxalq təşkilatların qərarları
və qətnamələrinə məhəl qoyulmamasından
və buna görə heç bir cəzanın tətbiq edilməməsindən
gedir. Ermənistan BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə məhəl
qoymamaqda davam edir və bu hərəkətinə görə
heç bir təzyiqlə qarşılaşmır.
Bu məsələ ciddi şəkildə nəzərdən
keçirilməlidir. Biz Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrin icra
mexanizmlərini təkmilləşdirməliyik ki, ikili
standartlara yol verilməsin. Çünki
biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik
Şurasının qətnamələri bir neçə
günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır
ki, danışıqlar masasında heç bir irəliləyiş
yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq
istəmirlər. Onlar imkanları olduğu qədər
işğalçılıq siyasətini davam etdirmək istəyirlər
və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər.
Lakin zaman bizim tərəfimizdədir, zaman ədalətin
tərəfindədir, beynəlxalq hüququn tərəfindədir
və mən əminəm ki, Azərbaycan bütün
dünya tərəfindən tanınan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın
ərazi bütövlüyü istənilən digər
ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə
malikdir. İşğal nəticəsində
bizim tarixi, memarlıq və dini abidələrimiz məhv
edilmişdir.
Siz bu vəziyyətlə
video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın
600-dən çox tarixi və memarlıq abidəsi erməni
silahlı qüvvələri tərəfindən tamamilə məhv
edilmişdir. Daxilində 40 min eksponat sərgilənən
22 muzey məhv edilmişdir. O cümlədən bizim
tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən
oğurlanaraq sonradan müxtəlif hərraclarda
satılmışdır. Erməni
işğalçıları tərəfindən 10 məscid
yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq,
siz bu gün Bakının mərkəzində Azərbaycan
hökuməti tərəfindən bərpa olunmuş erməni
kilsəsini görə bilərsiniz. Bu,
multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini
tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir
daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə
aid olmadığını nümayiş etdirir.
İslamı terrorizmlə əlaqələndirmək
tamamilə qəbuledilməzdir. Mən müsəlman
ölkəsini, erməni terrorizmindən, işğalından,
tarixi abidələrinin məhv edilməsindən əziyyət
çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza
qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik,
orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik,
lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik.
Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar
bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən
qaçqın və məcburi köçkünlərin,
Bakıda və Azərbaycanın digər şəhərlərində
dünyaya gələn, öz tarixi torpaqlarını heç
vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq
üçün qəlbində böyük iradə ilə
yaşayan insanların nəvə və nəticələrinin
iradəsini məhv edə bilməzlər. Onlar geri
qayıdacaqlar! Biz Azərbaycanın ərazi
bütövlüyünü bərpa etmək
üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq
hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir.
Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın
tarixi torpağıdır. “Qarabağ”
sözünün mənşəyi Azərbaycana məxsusdur.
Bu, Qara Bağ deməkdir, bunun erməni dilində
heç bir mənası yoxdur.
Ermənilər bu ərazidə XIX əsrin ortalarında
məskunlaşıblar. Çar Rusiyasının XX əsrin əvvəllərinə
təsadüf edən xəritələrinə baxsanız
görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin,
bütün şəhərlərinin və kəndlərinin,
bütün toponimlərinin mütləq əksəriyyətinin
adları öz mənşəyini Azərbaycan dilindən
götürüb. Rusiya imperiyasının
süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik
Respublikası yaradılmışdır. Bu
respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan
Ermənistana vermək oldu. Ermənistanın
bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin
80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi
İrəvan şəhərimizdir. Bu
gün bu şəhər tamamilə etnik təmizlənməyə
məruz qalıb. Beləliklə, tarix və beynəlxalq
hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də
təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan
üçün, Azərbaycanın hər bir vətəndaşı
üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək
davam edən işğala baxmayaraq Azərbaycan transformasiyada
böyük uğura imza ata bilmişdir.
Biz güclü demokratik təsisatlar
yaratmışıq, müasir siyasi və çoxpartiyalı
sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara
hörmət edildiyi bir ölkədir. Söhbət
siyasi fəaliyyət azadlığından, mətbuat
azadlığından, toplaşma azadlığından gedir.
Dünya Bankının qiymətləndirməsinə
əsasən 2008-ci ildə azərbaycanlıların yalnız
17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici
artıq 75 faiz təşkil edir. Bizim
planımız bütün ölkə ərazisini
genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə
etməkdir. Bu, mətbuat
azadlığının, informasiya azadlığının
bizim üçün prioritet məsələlər
sırasına daxil edildiyini aydın nümayiş etdirir.
Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan iqtisadi
inkişaf sahəsində böyük irəliləyiş əldə
edib. Buna
üzərimizdə olan qaçqın və məcburi
köçkün yükünə rəğmən nail
olunmuşdur. Ötən onillikdə iqtisadi
inkişaf dünyada ən sürətlilər sırasında
idi – 300 faizdən çox. İnsan kapitalına sərmayə
yatırmaqla biz 10 il müddətində
yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə
- demək olar ki, 50 faizdən 5 faizə qədər azalda
bildik. İşsizlik səviyyəsi hətta 5
faizdən azdır. Bizim çox az
xarici borcumuz var, ümumi daxili məhsulun yalnız 12 faizini təşkil
edir. Ümumdünya Davos İqtisadi Forumunun
hesabatına əsasən Azərbaycan iqtisadiyyatı qlobal rəqabətliliyinə
görə 40-cı yerdədir. Beləliklə, iqtisadi
islahatlar bizə maliyyə ehtiyatlarımızı
toplamağa, onları sosial inkişafa və infrastrukturun
inkişafına yönəltməyə imkan verdi.
Biz gələcəyə, təhsilə investisiya
yatırırıq. Azərbaycanda məktəblərin
ümumi sayı 5 minə qədərdir. Bunların 3
mindən çoxu ötən on il ərzində
inşa edilmişdir. Biz demək olar ki, yüz
faizlik savadlılığa nail olmuşuq. Bu
da öz növbəsində bizim gələcəyimizin
çox güclü intellekt mənbəyidir. Ötən
on il ərzində tikilmiş 500-dən
artıq xəstəxana və digər səhiyyə müəssisəsi
insanlarımıza müasir tibb xidmətlərindən
faydalanmaq imkanı verir. Beləliklə, insan
kapitalının inkişaf etdirilməsi bizim üçün
həmişə ciddi qəbul edilən prioritet məsələ
olmuş və olmaqda davam edir.
Cənab sədrin qeyd etdiyi kimi, Azərbaycan
sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqda çox fəal rol oynayır. Biz mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun
rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın
Şərq ilə Qərbin qovuşuğunda yerləşən,
əhalisinin əksəriyyətini müsəlmanlar təşkil
edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və
hökuməti olan, Avropa Şurasının və İslam
Əməkdaşlıq Təşkilatının üzvü
olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi
duyuruq. Biz bu çox əlverişli fürsətdən
istifadə edərək insanları, sivilizasiyaları bir-birinə
daha da yaxınlaşdırmağa
çalışırıq. Biz 2008-ci ildə İslam
Əməkdaşlıq Təşkilatına üzv olan
ölkələrin mədəniyyət nazirlərinin Avropa
Şurasına üzv olan ölkələrin mədəniyyət
nazirlərinin görüşündə iştirakını
təmin edən “Bakı prosesi” adlı forum təşəbbüsünü
irəli sürdük. Bu, tərəfimizdən
atılmış birinci addım idi. Sonra
2009-cu ildə biz əksini etdik. İslam
ölkələrinin mədəniyyət nazirlərinin
görüşünə Avropa Şurasına üzv olan
ölkələrin mədəniyyət nazirlərini dəvət
etdik.
Bu gün mədəniyyətlərarası dialoqa
heç zaman olmadığı qədər böyük
ehtiyac var. “Bakı prosesi” təşəbbüsünü irəli
sürəndə dünyadakı vəziyyət tamamilə fərqli
idi. Bu gün etimadsızlığın səviyyəsinin
artdığını görürük. Müvafiq
tədbirlər görməsək, dini zəmində qarşıdurmaların
hamımız üçün daha da böyük problemlərə
gətirib çıxaracağını görürük.
Lakin biz sülh şəraitində yaşaya bilərik
və düşünürəm ki, Azərbaycan kimi ölkələrin
nümunələri bunu əyani şəkildə göstərir.
Bizim ölkəmizdə bütün dinlərin
nümayəndələri sülh və dostluq şəraitində
yaşayırlar. Hökumətimiz, dövlətimiz
nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin,
pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən
qurulmasına və inşasına sərmayə
yatırır. Qafqaz regionunda ən qədim
kilsələrdən birinin Azərbaycanda, qədim Şəki
şəhərinin yaxınlığında yerləşməsindən
fərəhlənirik. Eyni zamanda, 743-cü
ildə tikilmiş ən qədim məscidlərdən birinin
Azərbaycanın qədim Şamaxı şəhərində
yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri
dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim
üçün bu gün müzakirə olunan, sadəcə,
işləyib-işləməməsindən, həyata
keçirilib-keçirilməməsindən asılı
olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir.
Bu gün multikulturalizm təkcə ənənə deyil,
bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu, mümkündür,
çünki bizim bu sahədə topladığımız
çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu
il Azərbaycanın ilk Avropa Oyunlarına
ev sahibliyi etməsidir. Çox qəribədir
ki, Avropadan başqa bütün qitələrin öz
oyunları var idi. Olimpiya Oyunlarının
ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de
Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus
Oyunları olmamışdı. Beləliklə,
Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində
Avropa Oyunlarının bərpası ilə əlaqədar
müdrik qərarı multikulturalizm və tolerantlıq
ideyalarının hamımız üçün əhəmiyyət
kəsb etdiyini nümayiş etdirir.
Oyunlar uğurla keçirilmişdir və Avropanın 50
Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet
Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik
Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və
Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi
yeganə yer olaraq qalacaqdır. Biz
qarşılıqlı anlaşmaya töhfə verməyi
davam etdirəcəyik, çünki multikulturalizm
qarşılıqlı anlaşmaya, qarşılıqlı
hörmətə əsaslanır.
Siz digər dinlərə öz dininizə rəğbət
bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz
qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə
ibadət etməsini soruşmadan onunla yanaşı
yaşamalısınız. Yalnız bu
halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik.
Əfsuslar olsun ki, dünyada vəziyyət bizim
istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir
araya gətirmək üçün üzərimizə
düşən vəzifəni yerinə yetiririk.
Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik
tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə
tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev
sahibliyi edəcəyik. Bu məsələdə
UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini və Baş direktoru
xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik.
Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində
dəstək olmaq üçün əlindən gələni
edəcəkdir. Bir daha sizi salamlamaq, sizə
hörmətimi ifadə etmək və UNESCO-nun 70-ci
ildönümü münasibətilə sizi təbrik etmək
istəyirəm. Çox sağ olun.
X X X
Stanley
Mutumba SİMATAA dedi:
-Zati aliləri,
çox sağ olun! Çox ətraflı və
maarifləndirici çıxışınız
üçün təşkilata üzv olan bütün
ölkələr adından Sizə səmimi minnətdarlığımı
bildirmək istəyirəm.
X X X
Sonra ABŞ Prezidenti Barak Obamanın Foruma
ünvanladığı məktub oxundu.
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış
etdi. O, Parisdə
törədilən son terror aktlarından bəhs etdi,
Fransanın terrorçulara sərt cavab verəcəyini
bildirdi. Fransa Prezidenti terrorizmin bəşəri
dəyərlərə böyük təhdid olduğunu qeyd
etdi.
Prezident Fransua Olland terror hadisələri ilə
bağlı bütün dünyada Fransa xalqına göstərilən
həmrəylikdən də danışdı. O vurğuladı ki, Parisdə
terror aktlarını törədənlər qatillərdir və
onlar heç bir sivilizasiyaya aid deyillər.
Fransa dövlətinin başçısı bəşəri
dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol
oynadığını bildirdi, təşkilatın
Əfqanıstanda, Malidə və digər ölkələrdə
dağıdılmış abidələri bərpa etdiyini
vurğuladı. Fransa Prezidenti UNESCO-nun mədəni dəyərlərin
qorunması ilə bağlı çoxlu layihələr həyata
keçirdiyini də diqqətə çatdırdı.
Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina
Bokova ilə görüşdülər.
Görüşdə Azərbaycan ilə UNESCO
arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın
həyata keçirildiyi vurğulandı. Azərbaycan
Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO
Baş Konfransının 38-ci sessiyasının Liderlər
Forumunda iştirakı əməkdaşlığımızın
yaxşı göstəricisi kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin bu tədbirdə
çıxışının önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində
rolu, bu təşkilatın işinə verdiyi töhfə
yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda
multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr
diqqətə çatdırıldı. UNESCO-nun
xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin
keçirilməsinin əhəmiyyəti qeyd edildi.
Görüşdə əməkdaşlığımızın
bundan sonra da genişləndirilməsinə əminlik ifadə
olundu və bu əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
Daha sonra
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın
İcra Şurasının zalı və nümayəndə
heyətlərinin salonu ilə tanış
oldular. Qeyd edildi ki, bu zalın və salonun
yüksək səviyyədə təmir olunması Azərbaycan
dövlətinin dəstəyi ilə həyata keçirilib.
Zalda İcra Şurasının tədbirləri
ilə yanaşı, xoşməramlı səfirlərin
görüşləri, toplantıları da keçirilir.
Dövlətimizin başçısı və
xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20
illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən
hədiyyə edilən daş at və daş qoç abidələrinə
baxdılar.
UNESCO-nun mənzil-qərargahının həyətində
qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər
XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun
Aşağı Ayıblı kəndindən tapılıb.
Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim
etdiyi abidələrə də baxdılar. Qeyd edildi ki,
UNESCO-nun mənzil-qərargahının həyətində və
binada sərgilənən bu abidələr tarixi, mədəni
əhəmiyyət daşıyır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 19 noyabr.- S. 1,
2.