Professor Əli Həsənovun “Geosiyasət”
kitabı gürcü dilinə tərcümə
olunub
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru,
professor Əli Həsənovun müəllifi olduğu “Geosiyasət”
kitabı gürcü dilinə tərcümə edilib.
Noyabrın 18-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində kitabın təqdimatı olub.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev kitabın əhəmiyyətindən danışıb, müəllifin bu əsərindən 40 nüsxə universitetin kitabxanasına hədiyyə etdiyini bildirib.
Universitetin rektoru, professor Kaxaber Kordzaya Qafqazın geosiyasətinə həsr olunmuş bu kitabın gürcü dilinə tərcümə edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu gün Cənubi Qafqazda baş verən proseslərin təhlili, elmi əsaslarının müəyyən edilməsi çox vacibdir. Kitabın universitetin kitabxanasına hədiyyə edilməsi Azərbaycan aliminin tələbələrə və müəllimlərə böyük töhfəsidir. Bu qiymətli dərs vəsaiti təkcə tələbələrin maariflənməsinə deyil, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcək.
Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova, Qafqaz Beynəlxalq Universitetinin professorları Aleksandr Rusetski, xanım Tamar Kikladze və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıb, bu dərs vəsaitinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndiriblər.
Bildirilib ki, kitabda geosiyasətin elm sahəsi kimi meydana gəlməsinə, əsas anlayışların yaranmasına, formalaşmasına və inkişafının tarixinə nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekti və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur.
Kitabın beynəlxalq münasibətlər, politologiya, sosiologiya ixtisasları üzrə təhsil alan tələbələr üçün vacib, zəngin dərs vəsaiti olduğu xüsusi vurğulanıb.
Qeyd olunub ki, professor Əli Həsənovun regionda təcavüzkarlığa, terrorizmə və digər cinayətkarlığa dair fikirləri və onun bu proseslərə münasibəti regional əhəmiyyət kəsb edir.
Gürcü dilinə tərcümə olunmuş “Geosiyasət” kitabının elmi redaktoru və ön sözünün müəllifi tarixçi alim, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliyadır.
Mərasimdə Qafqaz Beynəlxalq Universitetinin professor və müəllim heyəti, gürcü və azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Xətayi
Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.- 2015.- 19 noyabr.- S. 3.