Azərbaycan Mətbuat
Şurasının bəyanatı
Söz və ifadə azadlığı Azərbaycanda demokratik dövlət quruculuğu xəttinin mühüm tərkib hissəsidir. Mövcud istiqamətdə aparılan dövlət siyasətinin qayəsini hər bir vətəndaşın sərbəst şəkildə öz fikir və düşüncələrini bölüşməsinə müvafiq şəraitin yaradılması təşkil edir. Məhz bunun nəticəsidir ki, ölkədə kütləvi informasiya vasitələrinin kəmiyyət və keyfiyyət artımına xüsusi önəm verilir. Onların problemlərinin aradan qaldırılmasına, dövlət qayğısı ilə əhatə olunmalarına həssas yanaşılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda bildirilir ki, istər media sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsinə, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, istərsə də medianın özünü tənzimləyən müstəqil ictimai institut kimi formalaşmasına yönələn tədbirlər fundamental səciyyə daşıyır. Azərbaycan Mətbuat Şurası da məhz bu yanaşmanın nəticəsi olaraq yaradılmış qurumdur, eyni zamanda, media mənsublarının azad düşüncə sahibləri olaraq demokratik dövlət quruculuğuna mühüm töhfəsidir.
Mətbuat Şurasının üzərinə götürdüyü başlıca missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Şura ötən dövr ərzində media məkanımızın saflaşmasına, jurnalistlərin peşəkarlıqlarının artırılmasına çalışmaqla ümumən jurnalistikamızın cəmiyyət qarşısındakı nüfuzunun yüksəldilməsini başlıca hədəf seçib. Bu nüfuzun qorunması peşə borcunu ləyaqətlə yerinə yetirməkdən keçir. Həmçinin hər bir vətəndaşın dövlətə, dövlətçiliyə inamının sarsılmazlığının təminatını şərəf işinə çevirir. Qətiyyətlə demək olar ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəaliyyəti bu baxımdan əlamətdar olub.
Lakin zaman-zaman
jurnalist adından sui-istifadə hallarına da rast gəlinir. Bəzən ayrı-ayrı
media orqanlarının hadisə
və proseslərə
münasibətdə tutduqları
mövqe ictimai missiya əhəmiyyəti
daşımır. Bunun ayrı-ayrı
təzahür formaları
yekunda vətəndaşın
dövlətə inamını
sarsıdır. Mətbuat Şurası
təəssüf hissi
ilə bildirir ki, son günlər bəzi media orqanlarının,
əsasən də
internet informasiya resurslarının
bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə
medianın bir növ ittiham mexanizminə, təlaş,
həyəcan yaratmaq vasitəsinə çevrilməsindən
ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha
bir məqam isə müxtəlif
KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək
şantaja əl atmalarıdır.
Son proseslər fonunda
Mətbuat Şurasının
apardığı araşdırmalar
onu da göstərir
ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə
müəyyən oxucu
kütləsinə malik
media orqanları və
internet xəbər saytlarının
fəaliyyəti də
narahatlıq doğurur. Bir çox
hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi
mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları
mülahizələri mühüm
informasiya kimi yayırlar. Şura belə xoşagəlməz
meyillərin mövcudluğundan
ciddi şəkildə
narahatdır.
Mətbuat Şurası media-cəmiyyət
münasibətlərindəki problem və çətinliklərinin
hüquqi müstəviyə
daşınmadan həllini
həyata keçirmək
üçün mükəlləfdir. Hər bir
media əməkdaşının da cəmiyyəti doğru-dürüst şəkildə
məlumatlandırmaq kimi
mühüm peşə
borcu, fəaliyyət azadlığı vardır.
Bu missiya həm
cəmiyyətin, həm
də dövlətin bütövlükdə mütərəqqi
media ictimaiyyətinə etimadının
nəticəsidir. Hesab edirik
ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı
sarsıtmamalıdırlar. Bunun yolu isə hadisə
və proseslərə
münasibətdəki həssaslıqdan,
obyektivlik və dəqiqlikdən keçir.
Bəyanatda deyilir: “Mətbuat
Şurası ölkədə kütləvi informasiya
vasitəsi kimi fəaliyyət göstərdiyini
bəyan edən media orqanlarını jurnalistika prinsiplərinə sadiq
olmağa çağırır. Qurum bu sadiqliyi təkcə
peşə borcunu ləyaqətlə yerinə
yetirmək öhdəliyi deyil, müstəqil
Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi
mövqeyindən, dünyagörüşündən
asılı olmayaraq hər bir vətəndaşın dövlətə
etimadının qorunmasına ehtiram əlaməti
kimi dəyərləndirir. Şura bütün
bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan
KİV-lər barədə müvafiq tədbirlərin
görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ
qaldıracaq və mövqeyində israrlı olacaq”.
Azərbaycan.- 2015.- 19 noyabr.- S. 3.