Ermənistanda terror dövlət siyasətidir

 

Prezident İlham ƏLİYEV: “Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub”

 

Fransadakı məlum hadisə fonunda Avropada özünü göstərən neqativ tendensiyalardan biri İslamın terrorla əlaqələndirilməsi və bu yolla sivilizasiyalararası toqquşmanın yaradılması, dövlətlərin bir-birinə inam və etimadının zəiflədilməsi cəhdləridir. Hələ 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra bu məqsədləri güdən bəzi destruktiv dövlətlər İslamı guya “terrorçuluğa zəmin yaradan” din kimi qələmə verməyə çalışsalar da, mütərəqqi dünya bu yanaşmanı əsassız və təhlükəli saydı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə münasibət bildirərkən İslam dininin terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulayıb, terrorçunun dininin olmadığını bildirib. Dövlət başçısı hesab edir ki, heç bir din terror aktlarına, zorakılığa haqq qazandırmadığı halda, terrorçuların fəaliyyətinin bu rakursda şərh edilməsi də yanlış və qərəzlidir. Bu günlərdə Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliyin” Sammitində iştirak edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. Ölkə başçısı eyni zamanda qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.

Parisdə baş verən terror hadisəsindən dərhal sonra Avropa dövlətləri böyük əndişə içərisində genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə başladılar. İngiltərədə, Belçikada, Almaniyada terrorçuluqda şübhəli bilinən xeyli sayda insan həbs edildi, Fransada isə Şimali Afrika və Yaxın Şərq ölkələrindən olan məcburi köçkünlərin çadır düşərgəsi müəmmalı şəkildə yandırıldı. ABŞ Dövlət Departamentinin qlobal terror təhlükəsi ilə bağlı yaydığı məlumatda isə bildirildi ki, böyük ehtimalla terror təşkilatları ABŞ-a, onun Avropadan olan müttəfiqləri və koalisiya üzvlərinə qarşı əks hücum təşkil ediləcək. Terror təhlükəsinə qarşı dünyanın supergüclərinin təlaşa düşməsi bir daha sübut edir ki, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq heç bir dövlət bu terrorizmin törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm bütövlükdə dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. Təəssüflər olsun ki, Azərbaycan xalqı uzun tarixi zamandan bəri erməni terroruna məruz qalsa da, dünyanın supergücləri terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addım atmayıblar. Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz yumublar. Bu gün baş verən hadisələr isə terroru hansı qruplaşmanın törətməsindən asılı olmayaraq bütövlükdə terrorizmin bəşəriyyət üçün bəlaya çevrildiyini bir daha sübuta yetirdi.

Qondarma “genosid” iddiaları ilə dünyada özləri haqqında “əzabkeş və məzlum millət” imici yaratmağa çalışan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. Erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Erməni terrorizmi beynəlxalq terrorizm kimi XIX əsrdə meydana gəlmiş və yarandığı andan artıq mütəşəkkil, sistematik, planlı xarakterə malik olmuşdur.

1885-ci ildə birinci erməni siyasi partiyası “Armenakan” yaradılmışdı. Partiyanın üzvləri Osmanlı dövləti və Avropa ölkələri ilə yanaşı Rusiya və İran ərazilərində də fəaliyyət göstərirdilər. Onun rəhbəri Marselə (Fransa) mühacirət etmiş M.Portakalyan olub və orada silah alınması üçün pul toplanması ilə məşğul olan “Erməni vətənpərvərlik cəmiyyəti”ni təşkil edib. Alınmış müasir silahlar Vanda və onun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu. Orada onlara diversiya-terror müharibəsinin aparılması sənətini öyrədirdilər və erməniləri “dost dövlətlərin göstərdiyi dəstəyə arxalanaraq ümumi üsyana” hazırlayırdılar.

1886-cı ildə Cenevrədə Nazarbekyan tərəfindən yaradılmış “Qnçak” (“Zəng”) partiyası Osmanlı dövlətinə qarşı mübarizənin əsas metodunun terror olduğunu bəyan etmişdi. Bu partiyanın proqramının 4-cü bəndində göstərilirdi: “...nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün inqilabçı hökumət aşağıdakı metodlara müraciət etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması, fəhlə-kəndli hərəkatının inkişafı... Təşviqat və terror insanların daha güclü və cəsarətli yetişməsinə xidmət etməlidir və s.”.

Erməni İnqilabi Federasiyası Daşnaksütyun (EİFD) 1890-cı ildə Tiflisdə yaradılmışdı. “Daşnaksütyun”un mərkəzi çap orqanı “Droşak” (“Bayraq”) qəzeti 1891-ci ildən 1930-cu ilə qədər Cenevrədə çap edilib. Digər erməni siyasi partiyaları kimi “Daşnaksütyun”da öz fəaliyyətinin başlanğıcında “dənizdən-dənizə” “böyük Ermənistan” yaradılması və bu istiqamətdə türk siyasi və ictimai xadimlərinə qarşı mübarizənin əsas forması olaraq terroru qəbul edirdilər. “Daşnaksütyun” qısa müddətdə Cənubi Qafqaz şəhərlərində, İranda, Türkiyədə və Avropa ölkələrində çoxsaylı özəklərini yaratdı. Qondarma “erməni soyqırımı” iddiaları uzun illər ərzində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin görkəmli ictimai-siyasi xadimlərinə qarşı törədilmiş terror aktlarına və digər cinayətkar əməllərə “zəmin hazırlamaq” məqsədi güdmüşdür. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimləri - N.Yusifbəyli, F.Xoyski, X.Xasməmmədov, H.Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

“Daşnaksütyun” partiyasının yaratdığı “Nemesis” (“Cəza”) adlı xüsusi terror qrupu 1920-ci il martın 15-də Osmanlı hökumətinin daxili işlər və hərbi müdafiə naziri olmuş Tələt Paşaya Berlinin böyük prospektlərindən birində atəş açmışdır. Onun qatili Soqomon Teyləryan həbs olunsa da, Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar çıxararaq guya törədilmiş “erməni soyqırımı”na görə erməni terrorçusuna bəraət hökmü çıxarmışdır. Bu rüsvayçı hökmdən ruhlanan erməni terrorçuları İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

Vazgen Sisyan 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı “Van əməliyyatı” adlı terror aktının təşkilatçısı olduğu üçün həbs edilmiş, 1986-cı ildə o və hücumda iştirak edən digər iki erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan həbsdən azad olunmuşlar. Hər üçü əvvəlcə Livana, sonra daim yaşayış üçün Ermənistana köçmüşdür. Vazgen Sisyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində vuruşmuşlar. Qevorq Gözəlyan “Metsn Murad” dəstəsinin komandiri olmuşdur. Vazgen Sisyan “Qarabağ müharibəsi qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Hazırda adıçəkilən terrorçular keçmiş ASALA terrorçularından ibarət “Uxt Araratş” təşkilatının üzvüdür.

1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu ASALA terror təşkilatının “Orli”, “9 İyun” və “3 Oktyabr” qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan azərbaycanlıları ata-baba yurdlarından deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atmışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi ilhaqı məqsədilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə iki mindən çox insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.

Antalya şəhərində “Böyük İyirmiliyin” Sammitində Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev dövlət başçılarının diqqətini dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib.

Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları bu gün də Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər. ASALA terror təşkilatı, eləcə də NOR-ASALA terror təşkilatı (“Yeni Asala”) azərbaycanlılara qarşı hədələr, terror qorxusu və vandal üsulların tətbiq olunacağı ilə bağlı məktublar yayırlar. Erməni terror təşkilatlarının dünyanın gözü qarşısında bu cür aqressiv bəyanatlar səsləndirmələri terrorun ideoloji mərkəzi olan Ermənistanın açıq-aşkar terrorizmə rəvac verdiyini göstərir. Dağlıq Qarabağ müharibəsində dinc əhaliyə qarşı bu amansız terrordan istifadə edilmiş və həmin terrorçulara Serj Sarkisyan rəhbərlik etmişdir. Bunun Ermənistan prezidenti tərəfindən də etiraf edilməsi terrorun məhz adıçəkilən dövlətdə dəstəkləndiyini göstərir.

Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün amansız terrordan istifadə ediblər. Bu gün də həmin ssenari davam edir. Avropa bu gün bəşəriyyət üçün böyük bəlaya çevrilən terrorun artıq acı nəticələrini hiss etməkdədir. Beynəlxalq terrorizmin qarşısının vaxtında alınmaması və terrordan əziyyət çəkən ölkələrə biganə yanaşmanın hansı dəhşətli fəsadlar verdiyi göz önündədir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 6.