Seulda AZƏRTAC ilə Yonhap arasında əməkdaşlıq Sazişi imzalanıb

 

Noyabrın 18-də Seulda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Koreya Respublikasının aparıcı xəbər agentliyi olan Yonhap-ın prezidenti Park No-hvanq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Yonhap-ın baş qərargahında keçən görüşdə agentliyin vitse-prezidentləri və Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin müşaviri Vaqif Cəfərov iştirak ediblər.

Görüşdə baş direktor Aslan Aslanov həmkarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, turizmi haqqında geniş məlumat verib, ölkənin inkişaf templərinə görə Cənubi Qafqazda lider olduğunu bildirib. İkitərəfli əməkdaşlıqdan danışan baş direktor AZƏRTAC-ın Yonhap agentliyi ilə uzun müddətdir tərəfdaşlıq etdiyini, AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri təşkilatı (OANA) çərçivəsində səmərəli əlaqələrinin mövcud olduğunu bildirib. Noyabrın 16-17-də Yonhap-ın ev sahibliyi ilə keçirilən OANA İcraiyyə Komitəsinin 39-cu iclasının yüksək səviyyədə təşkil olunduğunu bildirən baş direktor burada müzakirə edilən məsələlərin medianın inkişafı üçün vacib rol oynayacağını diqqətə çatdırıb.Bu gün AZƏRTAC və Yonhap arasında imzalanacaq yeni Saziş həm ölkələrimizin tanıdılması, həm də agentliklərimiz arasında əlaqələrin inkişafı baxımından böyük töhfə olacaq. Bu, bizə xəbər və jurnalist mübadiləsi aparmağa, hər iki ölkənin müxtəlif sahələrdə qazandığı uğurlar barədə xəbərlərin qarşılıqlı surətdə cəmiyyətlərimizə təqdim edilməsinə imkan verəcək”, - deyə A.Aslanov vurğulayıb.

Gələn ilin noyabrında Bakıda keçiriləcək OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi haqqında məlumat verən Aslan Aslanov Yonhap-ın prezidenti Park No-hvanqı bu tədbirlərdə iştirak etməyə dəvət edib.

Yonhap-ın prezidenti Park No-hvanq Azərbaycan Respublikasının və Koreya Respublikasının iki aparıcı agentliyinin tərəfdaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O bildirib ki, Yonhap və AZƏRTAC arasında yeni əməkdaşlıq Sazişi Azərbaycanın Koreyada daha yaxından tanıdılmasına şərait yaradacaq.

Sonra AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və Yonhap-ın prezidenti Park No-hvanq əməkdaşlıq haqqında Sazişi imzalayıblar.

Sazişə əsasən, AZƏRTAC və Yonhap iki ölkə arasındakı qarşılıqlı əlaqələr, biznes, iqtisadiyyat, mədəniyyət, turizm, incəsənət sahələrində xəbər, fotovideo mübadiləsi aparacaqlar. Eyni zamanda, agentliklər jurnalistika, İKT, marketinq sahələrində qarşılıqlı səfərlər, həmçinin təcrübə mübadiləsi təşkil edəcəklər.

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 10.