Ölkəmizin cənub
bölgəsi ilə tanışlıq məktəblilərdə
zəngin təəssürat yaradıb
“Ölkəmizi
tanıyaq” tur-aksiyasının iştirakçısı olan
Gəncə, Göygöl, Şəmkir, Samux, Gədəbəy
rayonlarının məktəbliləri noyabrın 17-də Lənkəran
rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, Lənkəranla tanışlığa Bayraq Meydanından başlayan şagirdlər üçrəngli bayrağımızın önündə Azərbaycanın Dövlət himnini ifa etdilər.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi qala”, “Mayak” binası ilə tanışlıq məktəblilərin böyük marağına səbəb oldu.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verildi.
Məktəblilər rayondakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına da səyahət etdilər. Məlumat verildi ki, sahəsi 21,435 hektar olan “Hirkan”
qoruğu 2004-cü ildə “Hirkan” Milli Parkına çevrilib. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin
bir hissəsini tutur.
Məktəblilər, həmçinin rayondakı
konserv kombinatında texnoloji prosesləri yaxından izləyiblər.
X X X
Həmin gün tur-aksiyanın Qazax, Ağstafa və Tovuz rayonlarından
olan iştirakçıları
Lerik və Astara rayonuna səyahət ediblər.
Məktəblilər Lerikdə Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq
Muzeyində və Uzunömürlülər Muzeyində
nümayiş etdirilən
eksponatlar və fotoşəkillərlə, “Relax” turizm və istirahət mərkəzində
yaradılan şəraitlə
yaxından tanış
olublar.
Lerikdən sonra Astaraya səfər edən məktəblilər rayonda
fəaliyyət göstərən
“Astaraçay” fabrikində
istehsal prosesini izləyib, Heydər Əliyev Mərkəzində
Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə
tanış olub, Astara şəhərində
Xəzər dənizi
sahili boyu 8 hektar ərazidə salınmış park-bulvar
kompleksində gəziblər.
Məktəblilər, həmçinin Astara rayonunun Ərçivan qəsəbəsində “Yanar
bulaq”da suyun necə yandığını
böyük maraqla izləyiblər.
Cənub bölgəsinə səyahəti
həmişə xatırlayacaqlarını
bildirən məktəblilər
tur-aksiyanın onlarda zəngin təəssürat
yaratdığını vurğulayıblar.
Astara ilə
tanışlıqdan sonra tur-aksiyanın
iştirakçıları Lənkərana yola
düşüblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 19 noyabr.- S. 11.