Səkkiz rayonun məktəbliləri Azərbaycanın şimal qapısı Qusardadır

 

Noyabrın 17-də səkkiz rayonun məktəblilərindən ibarət 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan qruplar günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində olublar. Onlara burada yaradılan şərait, istirahət və əyləncə növləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu mərkəzin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını da artırır.

Bundan sonra məktəblilər Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

Tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında məlumat verilib. Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar.

Məktəblilər dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr ediblər.

Noyabrın 18-də 8 rayonun yuxarı sinif şagirdlərindən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olacaqlar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 11.