Azərbaycan - UNESCO əməkdaşlığı bəşəri dəyərlərin təşviqinə böyük töhfələr verir

 

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan UNESCO təhsil, elm və mədəniyyət məsələləri sahəsində beynəlxalq əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Bu təşkilatın fəaliyyəti ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib.

UNESCO-nun Nizamnaməsində qeyd edilib ki, təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur. Xatırladaq ki, bu nizamnamə 70 il əvvəl 1945-ci il noyabrın 16-da Londonda qəbul olunub. İlk illərdə təxminən 20 dövlət bu təşkilatla əməkdaşlıq edirdisə, hazırda 200-ə yaxın dövlət UNESCO-nun üzvüdür. UNESCO 600-dən çox qeyri-hökumət təşkilatı ilə də fəal əməkdaşlıq edir.

Beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək hər bir müstəqil dövlətin qarşıya qoyduğu mühüm hədəflərdir. Dövlət müstəqilliyinin bərpasının 24-cü ilini arxada qoyan Azərbaycan da beynəlxalq aləmə inteqrasiyanı uğurla həyata keçirərək qlobal siyasi, iqtisadi və humanitar proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim mühüm önəm verib. Bu sırada BMT və onun ixtisaslaşmış təşkilatlarından olan UNESCO ilə əməkdaşlıq xüsusilə diqqət çəkir. UNESCO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım ulu öndər Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən bu təşkilatın o vaxtkı baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüşdə UNESCO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri müzakirə olunub, ölkəmizin üzləşdiyi müharibə, qaçqın və məcburi köçkünlərin problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

1994-cü il fevralın 21-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Daha sonra respublikamızın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın tərkibi və daimi katibliyi formalaşdırılıb. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait mövcuddur. Bunun nəticəsidir ki, respublikamız təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə UNESCO vasitəsilə geniş təcrübə mübadiləsi aparıb.

Prezident İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqət yetirib. Dövlət başçısı UNESCO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005 və 2015-ci illərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. 2004-cü ildən Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi təsis edilib. 2006-cı ildə isə ölkəmiz UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını təsdiq edib.

Bu gün Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əlaqələrin son illərdə yüksələn xətlə inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESCO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Məhz Mehriban Əliyevanın sayəsində UNESCO ilə daha da canlanan əməkdaşlığın nəticəsində Azərbaycanın qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq ümumdünya mədəniyyətinin bir hissəsinə çevrilib.

1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə xanım Mehriban Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu gün muğamsevərlərin istifadəsində olan bu mərkəz həm də beynəlxalq musiqi tədbirlərinin keçirilməsi üçün unikal məkandır.

Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr UNESCO-nun diqqətindən yayınmayıb. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın “Xoşməramlı səfiri” adına layiq görülüb. Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Mehriban xanım Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı da verilib.

Qeyd etdiyimiz kimi, UNESCO qeyri-hökumət təşkilatları ilə yaxından iştirak edir. Belə təşkilatlardan biri də Heydər Əliyev Fondudur. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Azərbaycan mədəni irsinin UNESCO səviyyəsində təbliği istiqamətində mühüm işlər görüb. 2007-ci ildə Heydər Əliyev Fondu, Azərbaycan Hökuməti və UNESCO arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və UNESCO arasında qeyri-maddi mədəni irsin qorunması üzrə strateji hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq sazişi imzalanıb. Ötən 11 ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO səviyyəsində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib.

İndiyədək Məhəmməd Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanının 1300 illik, N.Tusinin 800 illik, Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin 100 illik, rəssam-xalçaçı Lətif Kərimovun 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, akademik Musa Əliyevin 100 illik, yazıçı Mir Cəlal Paşayevin 100 illik, rəssam Səttar Bəhlulzadənin 100 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi ölkəmizlə bu təşkilat arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bütün bunlarla yanaşı Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Bu günlərdə keçirilən UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilmişdi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ölkəmizlə bu təşkilat arasındakı sıx əməkdaşlıq münasibətlərinin göstəricisidir. Forumdakı çıxışında Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verdiyini dedi: “Azərbaycan UNESCO-nun fəal üzvüdür. 23 ildən artıqdır, - demək olar ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra, - Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri dəyərlərin təşviqində öz rolunu oynamaqdadır. Azərbaycan demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir”.

UNESCO Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm tribunalardan biridir. Forumda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin humanitar fəlakətə yol açdığını, ölkəmizin mədəni irsinin məhv edildiyini də diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, respublikamızın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı bu günə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğuladı. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. İşğal nəticəsində bizim tarixi, memarlıq və dini abidələrimiz məhv edilmişdir. Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə yeksan olunmuşdur”, - deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik.

Azərbaycan bu gün bir çox mötəbər təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak edir. Belə təşkilatlardan biri olan UNESCO ilə səmərəli əməkdaşlıq Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafında mühüm rol oynamaqla yanaşı, respublikamızın dünya miqyasında nüfuzunun möhkəmlənməsinə, imicinin yüksəlməsinə yol açır. Eyni zamanda bu cür əməkdaşlıq nəticəsində Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, multikulturalizm dəyərlərinin yayılmasına öz töhfələrini verir.

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 1.