Ceyhun Hacıbəylinin 125 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2016-cı
ilin fevral ayında Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri,
yazıçı-publisist, tərcüməçi, naşir
və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin
anadan olmasının 125 illiyi tamam olur.
Milli
ədəbi-ictimai fikir tarixinə töhfələr verən
Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni
nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində
səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Ceyhun Hacıbəylinin milli mədəniyyətin
inkişafı və təbliği sahəsində
mühüm xidmətlərini nəzərə alaraq qərara
alıram:
1. Azərbaycan
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19
noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 1.