Yonhap və AZƏRTAC mübadiləni genişləndirirlər

 

Koreya Respublikasının və Azərbaycan Respublikasının milli xəbər agentlikləri noyabrın 18-də qarşılıqlı mübadiləni genişləndirmək barədə razılığa gəldilər. İmzalanmış Sazişə əsasən bu agentliklər tərəfdaş ölkələrin müxtəlif sahələrdə qazandıqları uğurları təbliğ edəcəklər.

Bu barədə Koreya Respublikasının Yonhap agentliyi xəbər verir. Agentliyin məlumatında bildirilir ki, Sazişi Yonhap-ın prezidenti Park No-hvanq və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Seulda imzalayıblar.

Yonhap yazır ki, iki agentlik bundan əvvəl də ingilis dilində xəbərlərin, foto və videoların mübadiləsi barədə Saziş imzalamışdılar. Yeni Saziş isə Koreya Respublikasının və Azərbaycan Respublikasının iqtisadiyyat, mədəniyyət, turizm və incəsənət də daxil olmaqla milli xüsusiyyətləri ilə bağlı informasiyaların və məqalələrin mübadiləsini daha da genişləndirməyə imkan verəcək.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib ki, agentliklərimizin bir-birindən öyrənmələri üçün çox şey var. Əminəm ki, yeni Saziş agentliklərimiz arasında jurnalistlərin qarşılıqlı səfərləri də daxil olmaqla mübadilənin coğrafiyasını daha da genişləndirəcək.

Park No-hvanq AZƏRTAC-ın baş direktorunun 2010-cu ildə OANA-nın Seulda keçirilən Sammitində və noyabrın 16-17-də qurumun İcraiyyə Komitəsinin 39-cu iclasında iştirakına görə minnətdarlığını bildirib. Yonhap-ın prezidenti gələn il OANA-nın XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi işində AZƏRTAC-a uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 5.