Azərbaycan
qlobal layihələrin həyata keçirilməsində və
beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı
qüvvəyə çevrilib
“Böyük İyirmilik”in (G20)
Antalya Sammitində bu fikir bir daha səsləndirildi
Azərbaycan dünyada özünəməxsus milli
inkişaf modeli ilə seçilən, qlobal böhran şəraitində
belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi
tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi
altında son on iki ildə Azərbaycan bütün sahələrdə
öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyada
güclü, müstəqil və müasir inkişaf edən
ölkə kimi tanınır. İqtisadi,
siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə
həlledici uğurlar qazanmış müstəqil
respublikamız dünya miqyasında davamlı inkişaf edən
ölkə kimi qəbul edilir. Azərbaycanın
ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə
olan marağı artırmaqla yanaşı, beynəlxalq və
regional əməkdaşlıq sahəsində bundan sonra da
respublikamızın aparıcı rola malik olacağını
deməyə əsas yaradır.
“Böyük iyirmilik”in Antalya Sammitində Azərbaycanın
təmsil olunması, dövlətimizin
başçısının dünya liderləri ilə
birlikdə müasir dövrün ən aktual məsələlərinin
müzakirələrində yaxından iştirak etməsi
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə
artmasını sübut edən daha bir amildir. Bu həm də
dünya miqyasında Azərbaycana verilən önəmin daha
bir nümunəsidir. “Böyük
İyirmilik” ölkələri liderlərinin
qatıldığı və iki gün davam edən sammit
çərçivəsində yeddi böyük toplantı
keçirildi və qlobal iqtisadiyyat məsələləri,
eyni zamanda, terrorçuluğa qarşı mübarizə,
qaçqın problemi kimi aktual mövzular müzakirə
predmeti oldu. Qeyd edək ki, “Böyük İyirmilik”ə
daxil olan ölkələr dünya sənayesinin 85 faizini,
ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80
faizini təmsil edirlər. Dünya əhalisinin üçdə
iki hissəsi “Böyük İyirmilik”in üzvü olan
ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada,
Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan,
Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı,
Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və
Avropa İttifaqı ərazisində yaşayır.
Onuncu dəfə keçirilən bu sammitdə Türkiyənin
fəxri qonaq qismində Azərbaycanı seçməsi
ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini
bir daha təsdiq etməklə yanaşı, Azərbaycanın
iqtisadi potensialına verilən yüksək önəmin
göstəricisidir. Cənub-Şərqi Asiya regionundan Avropaya
qədər geniş bir ərazini əhatə edən iki
böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
və TACIS proqramının təşəbbüskarı və
iştirakçısı kimi Azərbaycanın bu sammitdə
iştirakı böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan iqtisadi potensiala malik ölkə və
sabitlik adası kimi Qərbin, ümumiyyətlə,
dünyanın diqqət mərkəzindədir və
etibarlı tərəfdaş kimi regionla yanaşı,
dünya iqtisadiyyatına da böyük töhfələr
verir.
Son illər mühüm beynəlxalq tədbirlərin
keçirilməsi üçün Bakı şəhərinin
seçilməsi, eyni zamanda, qlobal əhəmiyyətli tədbirlərə
ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq
nüfuzunu daha da yüksəldir. Aşkar
görünür ki, Azərbaycan sülh və əməkdaşlıq
paytaxtı kimi tanınmağa başlayıb. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi
ilə paralel şəkildə demokratik-hüquqi
islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün
ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən
keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə çevirmişdir. Azərbaycanda həyata keçirilən liberal
iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin
qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi
artımın olması və iqtisadiyyatın modernləşməsinə
dəstək verən siyasətin dərinləşdirilməsi,
qeyri-neft sektorunun sürətli inkişafı əldə edilən
müsbət nəticələrdir. Respublikanın
əldə etdiyi uğurlar dünyanın ən nəhəng
reytinq təşkilatları və maliyyə
institutlarının hesabatlarında da əksini tapır.
Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının
qiymətləndirmələrində islahatçı və
pozitiv dəyişikliklərə nail olan dövlətlər
sırasında çəkilir.
Cənubi Qafqazın lokomotiv dövlətinə
çevrilən ölkəmiz regionda gerçəkləşdirilən
bütün transmilli layihələrdə iştirak edir. Son 12 ildə
iqtisadi inkişaf və demokratikləşmə xəttini milli
inkişafın dəyişməz formulu kimi önə çəkən
dövlət başçısı İlham Əliyev
respublikamızın qlobal siyasi arenada müsbət imiclə
tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq
mərkəzinə çevrilməsini təmin etmişdir.
Beləliklə, həm də hücum xətti
üzərində qurulan çevik və səmərəli
xarici siyasət yürüdən cənab İlham Əliyev
“güclü dövlət - müstəqil siyasət” devizini
praktik olaraq gerçəkləşdirmişdir. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi
islahatların uğurlu nəticələri ümumən səmərəli
xarici siyasət üçün də etibarlı zəminə
çevrilir.
Azərbaycan
Prezidenti İlham Əliyev “Böyük İyirmilik”in (G-20)
Antalya Sammiti çərçivəsində keçirilən
işçi lançda Azərbaycanın energetika sahəsində
əldə etdiyi uğurlara da toxunub. “Cənub”
qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin
təmin olunması işində önəmini vurğulayaraq,
həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin
gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, 1999-cu ildə kəşf olunan
“Şahdəniz” yatağının işlənilməsinin
birinci mərhələsi çərçivəsində
2006-cı ildən Gürcüstan və Türkiyəyə
qaz ixrac edilir. “Şahdəniz”
yatağının işlənilməsinin ikinci mərhələsi
və “Cənub” qaz dəhlizi layihələri isə
dünyanın neft-qaz sənayesində indiyə qədər həyata
keçirilmiş ən böyük və mürəkkəb
təşəbbüslərdən hesab olunur.
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı
arasında strateji enerji əməkdaşlığına dair
memorandum imzalanmışdır. Bu da öz növbəsində
ölkəmizin enerji strategiyasının həyata
keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının
şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Trans-Anadolu boru kəməri -
TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas
ixrac marşrutu seçilmişdi. “Cənub”
qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə
verilmişdir. Ondan sonrakı dövr ərzində
bu böyük layihə üzərində davamlı işlər
həyata keçirilməyə başlanmışdır.
2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin
əsas ixrac marşrutu barədə əldə olunan
razılıq isə “Cənub” qaz dəhlizinin
üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan
sərhədində TANAP-la birləşəcək, sonra isə
Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin
altından keçməklə İtaliyanın cənub sahillərinədək
uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin
edəcək TAP gələcəkdə Xəzər hövzəsində
hasil olunan təbii qazın qitənin digər böyük qaz
istehlakçılarına - Almaniya, Fransa, Böyük
Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi
üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan
qazının daşınması “Şahdəniz-2” layihəsinin
hasilatı hesabına olacaqdır. 2018-ci
ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə
Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci
ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə
çatdıracaqdır.
Prezidenti
İlham Əliyev “Böyük İyirmilik”in (G-20) Antalya
Sammiti çərçivəsində keçirilən
işçi lançda bildirib: “Azərbaycanın qaz
ehtiyatları 2,6 trilyon kubmetr həcmində
qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir.
Potensial ehtiyatların həcmi isə 5 trilyon
kubmetr təşkil edir. Belə həcm
bizim üçün, qonşularımız və Avropa
istehlakçıları üçün ən azı 100 ilə
kifayətdir. Bu, enerji təhlükəsizliyi
layihəsidir. Bu gün enerji təhlükəsizliyi
məsələsinə ölkənin milli təhlükəsizliyindən
ayrı baxıla bilməz. Bu, şaxələndirmə
layihəsidir. Bu halda şaxələndirmə
tək marşrutların deyil, - halbuki bu, əhəmiyyətlidir,
- həm də mənbələrin şaxələndirilməsi
deməkdir. Bu baxımdan bizim mənbə
Avropa üçün yenidir. Bizim
marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək.
Azərbaycan özünü artıq etibarlı
tərəfdaş kimi göstərib. Əlbəttə
ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin
maraqlarını təmin etməliyik. Bu məqsədlərə
nail olmaqdan ötrü biz bütün tərəflər
üçün əlverişli şərait
yaratmalıyıq”.
“Böyük
İyirmilik”in sammiti çərçivəsində Prezident
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir
Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron,
Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo
Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı
Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli
münasibətlərin inkişafına dair fikir mübadiləsi
də aparıb.
Azərbaycanın qlobal layihələrin həyata
keçirilməsində əsas tərəf kimi beynəlxalq
iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə
çevrilməsi rəsmi Bakının mövqelərinin
güclənməsi ilə müşayiət olunur. Dünya
miqyasında əsas enerji mənbələrinə nəzarət
uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi
məsələsinin ciddiliklə gündəmə gəldiyi
indiki şəraitdə respublikamızın bu sahədə
öncül mövqelərə çıxması faktı
danılmaz reallıq kimi diqqəti çəkir. “Böyük İyirmilik”in (G-20) Antalya Sammitində də
Azərbaycanın bilavasitə iştirakı ilə
reallaşdırılan mühüm energetika və digər
layihələrin yalnız regionda deyil, dünya miqyasında da
mühüm əhəmiyyətə malik olduğu xüsusi ilə
vurğulandı. Qarşıya qoyduğu
bütün hədəflərə uğurla yetişən Azərbaycan
müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 9.