Uşaqlar ailənin və cəmiyyətin
sevilənləridir
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
300 mindən artıq uşaq
qaçqın və məcburi köçkün
vəziyyətinə düşərək ağır şəraitdə
yaşamağa məcbur olmuşdur
...Hər bir ailənin özülü məhəbbət və sevgi ilə qoyularsa, onun uzunömürlülüyünə şübhə yeri qalmaz. Körpələr isə səadət və xoşbəxtlik rəmzi olaraq ailənin bütövlüyü, nəslin davamı deməkdir.
Maraqlıdır, dünyaya gələn körpələrin böyüdükcə artan qayğıları azalırmı, yaxud onlara həmişə diqqət göstərilirmi? Bu kimi suallara cavab olaraq dünya miqyasında bir sıra qanunlar qəbul edilib, qaydalara əməl olunması vacib sayılıb. 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilib.
Xatırladaq ki, Birinci dünya müharibəsinin şahidi Eglantyne Djebb həmin illərin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyacını görüb. Ona görə də bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım edib, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması heç də təsadüfi yerə qərara alınmayıb. Bu bayramla yanaşı, 1954-cü ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi IX qətnaməyə əsasən, 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
Təəssüf doğuran hallardan biri də uşaqların milli və etnik zəmində dünyadakı mövcud münaqişələrin bəlasına tuş gəlmələridir. Uşaqlar döyüşlərdə hədəfə alınır, öldürülür, yaralanır, fiziki, psixoloji və cinsi zədələnmələrə məruz qalırlar. Qarşıdurmalar əsasında uşaq ölümlərinin 5 faizi birbaşa hədəfə alınaraq məhv edilmələri olmuşdursa, 95 faizi aclıq və xəstəliklərdən dünyasını dəyişənlərdir. Son on-on beş ildə 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilmiş, 4 milyonu isə şikəstə çevrilmişdir. Döyüşlər zamanı və sonra yaralanmaların və şikəstliklərin əsas səbəblərindən biri də minalardır. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox minanın basdırıldığı məlum olmuşdur ki, onların da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir.
Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdirməsinə və buna görə isə heç bir beynəlxalq sanksiyaya məruz qalmamasına təəssüfünü bildirərkən münaqişədə daha çox dəhşətlərə məruz qalanların arasında günahsız uşaqların, azyaşlıların və yenicə doğulan körpələrin də olması faktını xüsusi vurğulayaraq qeyd etmişdir ki, artıq uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin şüurlu şəkildə seçilmiş hərbi taktikası olduğu göz qabağındadır: “Bu, plan üzrə həyata keçirilən və sabit təkrarlanan bir hərbi cinayət metodudur və buna laqeyd qalmaq artıq cinayətkarı yeni qətllərə şirnikləndirmək olardı”.
Ermənistanla müharibə zamanı ölkəmizdə də uşaqlara dəyən fiziki, mənəvi zərbələr sözlə ifadə olunmayacaq dərəcədə ağır olub. Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir. Daha dəhşətlisi isə əsir aparılan, girov götürülən azərbaycanlı uşaqların orqanlarının çıxarılaraq, ömürlük şikəstə çevrilməsi faktlarının mövcudluğudur. Həmçinin aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülmüş, ömürlük fiziki və mənəvi cəhətdən şikəst edilmişlər.
Artıq bir çox ölkələrdə narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, bir sıra məişət zorakılıqlarına sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır. Bu kimi neqativ hallarla, adətən, kimsəsiz, evsiz-eşiksiz uşaqlar üzləşirlər. Belə hallara qarşı mübarizə aparan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hər bir uşağın ailəyə ehtiyacı var” adlı həyata keçirilən layihəsi xüsusi önəm daşıyır.
Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə, borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu il tarixində BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya əsas beynəlxalq sənəd hesab olunur. Artıq 190 dövlət həmin konvensiyaya qoşulub.
Ölkəmizdə uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq birlikdə nümunəyə çevrilib. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri də valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunu qəbul edilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış mühüm addımlardan biri də “De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramı”nın (2006-2015-ci illər) qəbul edilməsi olub. Proqram Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli sərəncamı ilə təsdiqlənib. Proqram çərçivəsində xeyli uşaq ailələrə verilib, bəziləri isə öz valideynlərinə qaytarılıb.
Uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsidir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə Azərbaycan uşaqlarının ümumrespublika forumları keçirib.
Geniş ictimaiyyətə məlumdur ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda artıq qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. 2002-ci ilin may ayında Azərbaycan nümayəndə heyəti BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirakını, həmçinin 2004-cü ildə Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi” haqqında 182 saylı konvensiyasına və eyni adlı tövsiyəsinə, eləcə də Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulmasını da bura əlavə etsək, ətraflı şərhə ehtiyac olmazdı.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarının reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Uşaqların müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər artıq silsilə xarakteri daşıyır. Belə ki, müəyyən olunmuş 34 sosial-humanitar müavinət növündən 6-sı uşaqlara yönəlmişdir.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı uşaqların hüquqları kobudcasına pozulmuşdur. 2011-ci il martın 8-də Ağdamda doqquz yaşlı Farizin, eləcə də hələ 1989-cu il iyul ayının 20-də Kəlbəcərdə 8 azyaşlı oğlan uşağının futbol meydançasında ermənilər tərəfindən qətlə yetirilməsi bir daha təsdiqlədi ki, bədnam qonşularımız insanlığa sığmayan vəhşilikləri davam etdirməkdən, analoqu olmayan zorakılıqlar törətməkdən əl çəkmir.
1994-cü ildə və 2011-ci ilin iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində oyuncaqlara partlayıcı qurğu quraşdırmaqla 3 azyaşlı uşağın ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olmaq və 2011-ci ilin martında isə səkkiz yaşlını snayper atəşilə qətlə yetirmək göstərir ki, erməni tərəfi körpələri hədəfə almaqda israrlıdır, acınacaqlısı isə odur ki, nəzərdə tutulan bu qeyri-insani taktika getdikcə intensivləşməkdədir.
Bununla da Ermənistan tərəfi üç mühüm prinsipi pozur: atəşkəs rejimi olduğu üçün atəş açmaq olmaz, mülki şəxsə atəş açmaq olmaz, uşağa atəş açmaq olmaz.
Mütəxəssislərin fikrincə, hüquqi aspektdən yanaşdıqda uşaqların hədəf seçilməsi beynəlxalq hüquqda hərbi cinayət kimi tövsif edilir. Çünki müharibənin qanunlarına görə bu kimi vəhşiliklər yolverilməzdir.
Daşnakların törətdiyi soyqırımıları nəticəsində minlərlə uşaq valideyn himayəsindən məhrum olmuş, yaşamaq hüquqları belə pozulmuşdur. Körpələrə qarşı təcavüzə, zorakılığa, terrora yol verən, bunu özünün çirkin məqsədi kimi həyata keçirən erməni quldurlarının vəhşi hərəkətlərinə, daha dəqiq desək, vandalizm siyasətinə qətiyyətlə son qoyulmalıdır!
Bütün bəşəriyyətin xoş gələcəyi körpələrdən asılıdır. Təsadüfi deyil ki, Viktor Hüqo da qətiyyətlə deyirdi: “Dünyada ən böyük himn körpə qığıltısıdır”.
Elə buna görə də bəşəriyyət irqindən, dinindən, millətindən asılı olmayaraq, uşaqları qorumalıdır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 9.