Ermənistan terroru dövlət siyasəti səviyyəsində
yürüdür
Bütün bu məsələlərə
göz yuman Avropa indi onun
acı nəticələrini dadmaqdadır
Noyabrın 15-16-da Türkiyədə “Böyük İyirmilik”in (G20) X Zirvə Görüşü keçirildi. Dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini, dünya əhalisinin isə 65 faizini, yəni, dünya əhalisinin 2/3 hissəsini təşkil edən böyük dövlətlər sırasında Azərbaycan da yer aldı.
Azərbaycan Türkiyənin “G-20”yə sədrliyi dövründə bu qurumun toplantısında xüsusi dəvətli qonaq statusunda təmsil olundu. Tədbirin ənənəsinə görə, iclasa evsahibliyi edən ölkə fəxri qonaq dəvət edir və Türkiyənin də belə qonaq qismində Azərbaycanı seçməsi iki dövlət arasında sıx qardaşlıq əlaqəsini bir daha təsdiq etdi. Türkiyənin türkdilli dövlətlərdən özünə müttəfiq hesab etdiyi Azərbaycanı fəxri qonaq seçməsi iki ölkə arasındakı münasibətlərə rəsmi Ankaranın, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəyərin göstəricisi idi. Onu da bildirək ki, ölkəmiz “G-20”nin sammitinə ilk dəfə qatılmırdı. 2012-ci ildə Meksikada keçirilən zirvə görüşünə də Azərbaycan dəvət edilmişdi. Bu isə artıq Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, siyasi və iqtisadi qüdrətinin dünya tərəfindən qəbul edilməsi deməkdir.
Sammit ərəfəsində - noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş verən terror aktları ilə əlaqədar zirvə görüşünün böyük hissəsinin terrorla mübarizəyə həsr olunacağı gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev ali tribunadan çıxış edərək 20 ildən artıqdır xalqımızın erməni terrorundan əziyyət çəkdiyini, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı və terrorun dini, irqi olmadığını, insanlığa, bəşəriyyətə qarşı çevrilmiş cinayət kimi anlaşılmasını ortaya qoydu.
Bu məsələ ilə bağlı fikirlərini bölüşən siyasətçilər də hesab edirlər ki, Azərbaycan regionda öz iqtisadi potensialı baxımından Qərbin və ümumiyyətlə, dünyanın diqqət mərkəzində olan bir dövlətdir. Məhz bu baxımdan Azərbaycan mühüm bir portnyor rolunu oynaya bilər. 24 illik müstəqillik tarixinə malik gənc dövlət olan Azərbaycanın bu mötəbər tədbirdə iştirak hüququ əldə etməsi qısa zaman kəsiyində həyata keçirilən uğurlu işlərdən xəbər verir. Dövlətimiz bu qısa müddət ərzində dünyanın ən böyük iyirmi ölkəsi sırasında özünə yer etməyə nail olub.
Milli Məclisin deputatı, YAP-ın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyir ki, Azərbaycanın xüsusi qonaq qismində iştirak etdiyi sammitdə Prezident İlham Əliyev çıxış edərək bir daha Azərbaycan həqiqətlərini dünya dövlətlərinin diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, ölkəmiz uzun illərdir terrordan əziyyət çəkir, bunun nəticəsində 2000-dən çox dinc vətəndaşımız həyatını itirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazilərimizdə bir-birinin ardınca terror aktları törətməsi terrorçu qrupların bazalarının birinin məhz Ermənistanda olduğunu göstərir: “Terror bu gün Ermənistanın dövlət siyasəti səviyyəsində yürüdülən xətdir. Ermənistan rəhbərləri Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan və erməni xalqlarının heç zaman bir yerdə yaşaya bilməyəcəyi kimi irqçi bir tezis irəli sürürdülər. Bütün bu məsələlərə göz yuman Avropa bu gün onun acı nəticələrini dadmaqdadır. Terrora qarşı mübarizə qətiyyətlə, hamılıqla və tez bir zamanda aparılmalıdır. Terroru yaradan səbəblər aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Dünyada sabitliyin yaranması üçün, təhlükəsiz dünyanın mövcudluğu üçün maksimum işlər görülməlidir. Hesab edirəm ki, dünya birliyi, böyük güclər bunu etməsə, təəssüf ki, terror xəbərləri bir-birinin ardınca dünyanın ayrı-ayrı bölgələrində eşidiləcək”.
A.Mirzəzadənin sözlərinə görə, vaxtilə Azərbaycan ərazisində erməni xüsusi xidmət orqanları sərnişin avtobuslarında, Bakı metrosunda partlayış törədib qan axıdanda dünya birliyi buna diqqət etmədi, xarici kütləvi informasiya vasitələrində bununla bağlı geniş məlumatlar yayılmadı, bəyanatlar verilmədi, Ermənistanın terror hərəkətləri pislənilmədi. Dünya bunun ardınca Türkiyədə PKK tərəfindən törədilən terror hadisələri, ərəb ölkələrində terror hadisələri zamanı da susdu. Yəni, beynəlxalq birlik ümumən götürdükdə, terrorun dünyəvi problem olacağını anlamadı. Amma bu gün birmənalı şəkildə demək olar ki, terror hər an istənilən yerdə baş verə bilər.
Deputat hesab edir ki, Azərbaycan öz ərazisində terrora qarşı mübarizədə ciddi tədbirlər görür. Ordumuzun güclənməsi, Ermənistanın terror hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılması da terrora qarşı mübarizənin tərkib hissəsidir. Prezident İlham Əliyevin “G-20” sammitində çıxışında bildirdiyi kimi, Azərbaycan Əfqanıstanda antiterror koalisiyasına qoşulan ilk dövlətlərdəndir. Vaxtilə orada 25 nəfərlik hərbi kontingentlə iştirak edən Azərbaycan bu gün iştirakçıların sayını çoxaldıb. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda əmin-amanlığın bərqərar olmasında yaxından iştirak edirlər. Azərbaycan terrorun bəşəriyyət, sivilizasiya üçün bir təhlükə olduğunu ardıcıl olaraq dünya ictimaiyyətinə böyük narahatçılıqla çatdıran azsaylı ölkələrdən biridir.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirdi ki, müharibə şəraitində olub inkişaf dinamikasına görə dünyada söz sahibinə çevrilən Azərbaycan Respublikasının super güclər sırasında olması qürurvericidir. Prezident İlham Əliyevin “G-20”nin ali tribunasından çıxış edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasının isə mühüm siyasi əhəmiyyəti var: “İlk növbədə hesab edirəm ki, zirvə görüşünün Türkiyədə keçirilməsi həm qardaş ölkə, həm də Azərbaycan üçün fərəhli hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirak etməsi, ayrı-ayrı dünya liderləri ilə görüşlər keçirməsi dövlətimizin inkişafı, nüfuzu üçün böyük önəm kəsb edir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik güclü dövlət olduğunu göstərir”.
E.Məmmədov qeyd etdi ki, zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bir daha terrorizmdən, Azərbaycanın bundan əziyyət çəkən ölkə olmasından və ağır fəsadlarından danışmışdır. Dövlət başçısı dünyanın böyük gücləri qarşısında vurğuladı ki, terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistanın terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlərlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Xocalıda misli görünməmiş soyqırımı törədən bu işğalçı, terrorçu dövlətdən cinayətkar əməllərinə görə heç nə soruşulmur. Ancaq Fransada baş verən terror hadisəsi Qərb dövlətlərini qorxuya salır və terrora qarşı birgə mübarizə aparmaq üçün koalisiya yaratmaqla bağlı müzakirələr aparmağa başlayırlar. Bəs, nədən indiyədək erməni terroruna qarşı heç bir koalisiyanın yaranmasına ehtiyac duyulmamışdı? Nədən Azərbaycana qarşı daim ikili standartlar prinsipi ilə yanaşılır?!
Avropa dövlətləri bilməli idilər ki, bir zamanlar Bakı metrostansiyalarında törədilən terror hadisələri 20 il sonra Paris kinoteatrlarında, stadionlarında təkrarlana bilər. Çünki terrora göz yumduqca onun əhatəsi genişlənir. Fransada 132 nəfərin ölümü ilə nəticələn terror hadisəsi dünyanı ayıltdı ki, bəli, terrorla mübarizə tədbirləri gücləndirilməlidir. Bu gün terrora qarşı hamı bir nəfər kimi ayağa qalxmalıdır. Avropa bu gün təlaş içərisindədir. Bir terror hadisəsi Qərb dövlətlərini qorxuya salıb. Ancaq Azərbaycan əhalisi 24 ildir müharibə şəraitində düşmənlə üz-üzə yaşayır və hər gün düşmən tərəfindən atəşkəs pozulur. Bunun müqabilində hələ də Azərbaycanın haqq səsini eşidən yoxdur.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 9.