Narahat ömrün səhifələri

 

Qulu Xəlilovun şəxsiyyəti haqqında düşünəndə ilk növbədə onun bütövlüyünü ən mühümüstün keyfiyyət kimi qeyd etmək lazımdır. Bütövlük çox təəssüflər olsun ki, bizim mürəkkəb və ziddiyyətlərlə dolu əsrimizdə şəxsiyyət üçün - şəxsiyyətin səviyyəsindən və fəaliyyətinin miqyasından asılı olmayaraq az qala, nadir bir keyfiyyətə çevrilmişdir. Yəqin elə buna görədir ki, Qulu müəllim onu tanıyanların yaddaşında hər şeydən öncə, məhz bu nadir xüsusiyyəti ilə qalmışdır. Sadəlik, comərdlik, dözümlük və prinsipiallıq kimi cəhətləri də ondakı bütövlük adlı nadir keyfiyyətin dairəsində diqqəti cəlb edirdi. Bu keyfiyyətlər istər onun gündəlik həyatında, məişətdə, istərsə də yaradıcılığında, elmipedaqoji fəaliyyətində - ictimai sahədə eyni dərəcədə özünü göstərirdi.

Uzun illər Azərbaycan oxucuları arasında əldən-ələ gəzən “Yaşamaq istəyirəm” romanında Qulu müəllimin xarakterinin daha mühüm keyfiyyətləri ilə tanış oluruq: bunlar onun dəyanəti, mübarizliyi, qətiyyətidir. Həyat və ölüm arasında apardığı amansız və dəhşətli çarpışmanı oxuyanda əmin olursan ki, belə insanları heç vaxt yenmək olmaz! Doğrudan da, Qulu müəllim heç zaman heç bir çətinlik, ağırlıq və maneə qarşısında əlini qaldırıb təslim olmayıb, öz həqiqəti, inamı və məsləki uğrunda qətiyyətlə mübarizə aparmaqdan usanmayıb, bezməyib.

Q.Xəlilov ədəbiyyata, böyük sənətə, elmə, elitar mühitə birbaşa xalqın içindən gəlmişdi: Zəngəzurda, sonra Ağcabədidə yaşamış, ömrü boyu onu daim izləyən xəstəliyi ilə çarpışmışdı. Əsl cəngavər kimi, fədai kimi, qəhrəman kimi...

İlk tənqidi yazısı mətbuatda 1953-cü ildə dərc olunmuşdu. Nə az, nə çox - 40 ildən artıq bir dövr ərzində bu sahədə yorulmadan çalışmışdı. Özünü ədəbiyyatımızın “qara fəhləsi” sayırdı, ədəbiyyatımızın mənafeyi onun üçün hər şeydən üstün idi.

O dövrdə ədəbi mühit çox qaynar idi. Bir tərəfdən universitetin (BDU) özündə dərs deyən M.Cəlal, Ə.Sultanlı, C.Xəndan, M.C.Cəfərov, C.Cəfərov, H.Əfəndiyev, M.Arif, F.Qasımzadə... kimi yazıçı və alimlərin oxuduğu mühazirələr, digər tərəfdən Yazıçılar İttifaqında keçirilən gənclər günləri və burada M.Hüseyn, S.Vurğun, S.Rəhimov, M.İbrahimov, R.Rza, S.Rüstəm, Ə.Vəliyev və digər görkəmli sənətkarların iştirakı, gəncliyə böyük qayğıları onda sənətə, ədəbiyyata dərin maraq oyatmaqla bərabər, yazıb-yaratmağa da güclü meyil yaratmışdı. Müəllif tərcümeyi-halında yazırdı: “Mən bir çox axtarışlardan sonra bir sıra sənət sahələrini götür-qoy edəndən, necə deyərlər, dişimə vurandan sonra belə bir qənaətə gəldim ki, həqiqəti az-çox əks etdirən, onu cəsarətlə açıq, mərdanə deyən bir sənət varsa, o da ədəbiyyatdır!..”

Q.Xəlilov 1930-cu il noyabrın 20-də yoxsul kəndli ailəsində anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc “Ədəbiyyat və incəsənət” qəzetinə işə göndərilir. O, ədəbi aləmə yaxınlaşır. Yazıçılar İttifaqında hər gün baş verən coşqun mübahisələr, qüdrətli söz ustaları ilə görüşlər, münasibətlər onun qarşısında tamamilə yeni bir mənzərə açır. Lakin tale elə gətirir ki, Q.Xəlilovu həmin il əsgərliyə çağırırlar. Həkimlər onun ağır xəstə olduğunu deyirlər. 1954-cü ilin payızından o, Moskva və Bakı xəstəxanalarında doqquz dəfə ağır cərrahiyyə əməliyyatları keçirir, ciyərlərinin hər birində 7-8 qovaqcıq, 7 qabırğası kəsilir, dalağı çıxarılır, böyrək altında, qara ciyərində əməliyyatlar aparılır, 1962-ci ildən sağ əli yazmaq qabiliyyətini itirir. Lakin heç bir çətinlik onu sənətdən, ədəbiyyatdan ayıra bilmir. Həm xəstəxanalarda müalicə olunur, həm də aspiranturaya daxil olub elmi-bədii və tənqidi fəaliyyətini davam etdirir. 1959-cu ildə S.VurğununVaqifpyesitarixi dram janrı” mövzusunda yazdığı namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edir. EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda işə girirdüz on il bu institutda çalışır. 1967-ci ildə bu elm ocağında “Azərbaycan romanının inkişaf tarixindən” adlı doktorluq dissertasiyasını müdafiə edir. Elə həmin ildən universitetin filologiya fakültəsində dərs deyir, 1962-ci ildən oranın professoru kimi pedaqoji fəaliyyətini davam etdirir. Son dərəcə zəhmətkeş olan Q.Xəlilovun 30-a qədər kitabı çap olunmuşdur. Əgər bura müxtəlif mövzular üzrə müəllifin yazdığı 1500-dən çox elmi, bədii, publisistik məqaləni də əlavə etsək, onun necə zəngin yaradıcılığa malik olduğunu təsəvvür etmək çətin olmaz.

Mən az-çox təcrübəmdə, oxuduğum kitablarda, gəzdiyim, gördüyüm yerlərdə torpaq vurğunu, insan və həyat aşiqi, təbiət məftunu olan adamlara rast gəlmişəm. Onların bitib-tükənməz enerji və həvəslə necə həyat aşiqi olmalarını öz dünyamda dönə-dönə götür-qoy etmişəm və belə bir qənaətə gəlmişəm ki, insanı bu dünyaya qırılmaz tellərlə bağlayan torpaq və yenə də ana torpaqdır! Bu ali keyfiyyəti qələminə, şəxsiyyətinə, vətəndaşlığına dərin hörmət etdiyim, həyat təcrübəsindən, pedaqoji fəaliyyətindən, ağsaqqallığından çox şey öyrəndiyimi Qulu müəllimdə görmüşəm. Onun nəzərində torpaq bütün insanlığı yaşadan ən etibarlı sərvətdir. Bəşər nəslinin ilkson mənzilidir. Əgər mənim bu mülahizələrimə azacıq şəkk edən varsa, onun oxucular arasında böyük əks-səda doğuranYaşamaq istəyirəm” (1968), “Mələk xala” (1969), “Həyatdan gələn səslər” (1984), “Torpağın ətri” (1984), “Atam və mən” (1970), “Torpağın göz yaşı” (1989) və bu qəbildən olan kitablarını tapıb vərəqləsinlər. O zaman bu insanın həyat eşqinin, yaşayıb-yaratmaq həvəsinin, torpağa məftunluğunu və bu böyük sevgisində necə mübariz olduğunu aydın təsəvvür edərlər.

Q.Xəlilov görkəmli yazıçı, publisist olmaqla bərabər, həm də orijinal dəst-xətti olan istedadlı tənqidçi və ədəbiyyatşünas idi. Onun ədəbiyyatımızın müxtəlif mövzularına dair yazdığı 20-dən çox elmi-monoqrafik tədqiqat əsəri, yüzlərlə sanballı, kəsərli məqalələri geniş ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Heç bir janr məhdudluğu bilmədən həm nəsr, həm poeziya, həm dramaturgiya, həm də publisistika və tənqid sahəsində səmərəli fəaliyyət göstərmiş, qaldırdığı ciddi problemlərlə yadda qalmışdır.

XX əsr Azərbaycan ədəbiyyatında, xüsusilə onun sovet dövründə yazıb-yaradanlarından elə bir ciddi, görkəmli sənətkar tapmaq olmaz ki, Q.Xəlilov onun haqqında sözünü deməmiş olsun. “Rəsul Rza” (1960), “Böyük sənət uğrunda” (1962), “Vaqifpyesitarixi dram janrı” (1964), “Sənət və sənətkar” (1966), “Azərbaycan romanının inkişaf tarixindən” (1973), “Həyat yaradıcılıq çeşməsidir” (1974), “Həyat və idrak” (1980), “Tənqidçilik çətin peşədir” (1986) s. sanballı kitablarında o, Azərbaycan poeziyasının və nəsrinin, dramaturgiyasının görkəmli nümayəndələri barədə həyati və elmi idrak işığında ciddi fikirlər, mühakimələr söyləmiş, bütünlükdə ədəbiyyatımızın və mədəniyyətimizin keçilmiş yoluna ayıq başla, təfəkkürlə nəzər salmışdır. Onun fəaliyyətində S.Vurğunun yaradıcılığı xüsusi yer tutur. O, şairinVaqifpyesi fonunda tarixi dram janrının bir sıra mühüm problemlərinin orijinal şəkildə həllinə çalışmışdır. Bundan sonra da şairin zəngin irsinə dönə-dönə müraciət etmiş, onun ədəbi-tənqidi görüşlərini, poetik baxışlarını, həyat həqiqətinə münasibətini müxtəlif məqalələrində şərh etmişdir.

Onun vəzifəsi dinləyicilərini anlatmaq, düşündürmək və ayıltmaqdır, həqiqi vətəndaşlar yetirməkdir. Mən dəfələrlə Qulu müəllimin 37-ci illərdə günahsız tutulan M.Müşfiq, H.Cavid, Y.Vəzir və başqa görkəmli sənətkarların faciəsindən danışanda necə sarsıldığını, qəzəbdən əllərinin titrədiyini, kövrəlib göz yaşı axıtdığının şahidi olmuşam.

Müasirlik tənqidçi Qulu Xəlilov üçün ən əsas və başlıca ictimai-estetik meyarlardan, ədəbi əsərin qiymətləndirilməsində ümdə amillərdən idi. İstənilən romanın, povestin həqiqi dəyəri Qulu müəllimin fikrincə, məhz onunla müəyyənləşirdi ki, əsərdə qoyulan məsələlər onun məzmunu, habelə əsərin bədii sənətkarlıq xüsusiyyətləri müasirlik anlayışının tələblərinə cavab versin. O yazırdı ki, müasirlik dedikdə, biz hər şeydən əvvəl, hər hansı mövzunu (lap tarixi mövzunu belə) müasir insanın gözü ilə görməyi, müasir insanın idrakı ilə qavramağı, duymağı nəzərdə tuturuq. Lakin müasirlik ruhunun əsərdə aydın görünməsi üçün hələ bu da kifayət deyil. Bugünün sənətkarı həm də bugünkü yazı mədəniyyətinə, daha doğrusu, müasir üsluba malik olmalıdır. Tənqidçinin fikrincə, müasirlik anlayışı bədii əsərin hər iki qatında - həm məzmun-problematika qatında, həm də forma-poetika qatında özünü mütləq göstərməlidir.

Q.Xəlilovun tənqidçi kimi ən məxsusi keyfiyyətlərindən biri onun daim prinsipial mövqedə durması idi. 1950-1970-ci illərdə onun heç bir avtoritet qarşısında geri durmayan cəsarətli, sərt tənqidçi imici formalaşmışdır. Ədəbi aləmdə hər kəs əmin idi və yaxşı bilirdi ki, əgər Qulu Xəlilov kiminsə haqqında, hansısa əsər barədə məqalə yazırsa, o, heç bir halda gördüyü nöqsanlardan, qüsurlardan yan keçməyəcək. Bəzən onu zəhmli, amansız, həddən artıq sərt tənqidçi kimi təsəvvür etmək istəsələr də, əslində bu, qətiyyən belə deyildi. Onun tənqidləri nə qədər acı və sərt olsa da, oxucu aydın görürhiss edirdi ki, bu sözlər səmimi və ürəkdən gələn olub, yalnız xeyirxah məqsədlə deyilib. O, sənətə qeyri-ciddi, qeyri-professional münasibəti heç kimə bağışlamırdı və ədəbiyyatın ümumi mənafeyini heç nəyə güzəştə getmirdi. Bunu sadəcə olaraq bacarmırdı...

Qulu Xəlilov tənqidçi kimi daha çox müasir ədəbiyyatla məşğul olsa da, klassik irsonun tədqiqi ilə də daim maraqlanmış, bu sahədə vaxtaşırı elmi məqalə və məruzələrlə çıxış etmişdir. Ədib “Azərbaycan romanının inkişaf tarixindən” adlı fundamental əsərində demək olar ki, bütün ədəbi-tarixi epoxalara, əksər ədəbi simalara müraciət etmiş, çoxəsrlik ədəbiyyatımızın, demək olar ki, bütün tarixi ərzində Azərbaycan nəsrinin, romanının təşəkkül və inkişaf yolunu izləyərək bu nəsrin inkişafına rövnəq verən ədəbi simaların hamısından ayrıca olaraq bəhs etmişdir. Qulu Xəlilovun yaradıcılığına daha çox diqqət və qiymət verdiyi klassik şairlərimizdən biri Molla Pənah Vaqifdir. Ədəbiyyatımızda realizmin başlanğıc mərhələsi sayılan Vaqif yaradıcılığı onu hər şeydən əvvəl, öz milli-mənəvi ruhuna və gücünə görə cəlb etmişdir. O, 1963-cü ildə yazdığı və böyük sənətkara həsr etdiyi “Məhəbbət nəğməkarı” adlı məqaləsini yenidən əsaslı şəkildə işləmiş, xeyli genişləndirmiş və 1968-ci ildə nəşr etdirdiyi kitabına “Görkəmli realist sənətkar” adı ilə daxil etmişdir.

Q.Xəlilov yeni dövr Azərbaycan ədəbiyyatının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin yaradıcılığına da sonsuz rəğbət bəsləmiş, onun həyat və fəaliyyətinin bir sıra məqamlarını yazılarında təqdir və təbliğ etmişdir. Böyük humanist” adlı məqaləsində o, dahi mütəfəkkirin maarifçilik ideyalarını şərh edərək bunların dövrü, xalqımızın gələcək inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu aydınlaşdırmışdır.

Görkəmli tənqidçinin ən çox sevdiyi klassik şairlərimizdən biridahi satirikimiz Mirzə Ələkbər Sabir idi. O, bu ədibin yaradıcılığından hər yerdə böyük vəchlə, iftixar hissi ilə danışır, yorulmadan təbliğ edirdi. Qulu müəllim Sabir haqqında ayrıca tədqiqat işi də aparmışdır. “Sabir portret ustası” kimi adlanan araşdırma şübhəsiz ki, sabirşünaslığa mühüm bir töhfə olmuşdur.

Qulu müəllimin maraqlı tədqiqatlarından biri də “Cavidonun qadın dünyası” adlanır. Nə üçün məhz qadın dünyası? Müəllif bu suala birbaşa cavab verməsə də, araşdırmasının yekunu kimi söylədiyi qənaətində sualı cavablandırır: “Bütünlüklə, qadın qəlbi Cavid sənətini hərəkətə gətirən, ona od və atəş verən “ilk Prometey odu”, təkan qüvvəsidir”. Tənqidçi düzgün olaraq qeyd edir ki, Şərq ədəbiyyatında, həmçinin Azərbaycan ədəbiyyatında qadının taleyi həmişə xalqın, insanlığın, bəşərin gələcəyinin taleyi kimi bütün humanist sənətkarları məşğul etmiş, düşündürmüşdür. Cavid yaradıcılığında həmin ənənələr nəinki davam etdirilmiş, habelə o, qadın və məhəbbət mövzusunun işıqlandırılmasında bir sıra özünəməxsusluqlar yaratmışdır.

Q.Xəlilovun haqqında sevə-sevə yazdığı yazıçılarımızdan biriYusif Vəzir Çəmənzəminlidir. Cavid əfəndi kimi sovet-bolşevik rejiminin repressiya qurbanlarından olmuş Y.V.Çəmənzəminlinin yaradıcılığına o, yüksək qiymət verirdi: “Mən Azərbaycan sovet romançıları içərisində Yusif Vəzir qədər savadlı, mədəni, xalq adət-ənənəsini dərindən bilən və əks etdirən, sözün ətrini hiss edən və az sözlə unudulmaz canlı lövhələr vermək qüdrətinə malik ikinci bir yazıçı tanımıram”.

Y.V.Çəmənzəminli kimi tarixi romanların başqa bir ustadı - M.S.Ordubadi yaradıcılığı da Qulu müəllimi tənqidçi olaraq özünə cəlb edirdi. Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, tarixi roman janrının banisi kimi tanınmış Ordubadi uzun və keşməkeşli həyat və yaradıcılıq yolu keçmişdir. Onun əsərləri barəsində tənqidçi və ədəbiyyatşünaslar arasında istər öz vaxtında, istərsə də sonrakı dövrlərdə müxtəlif fikirlər mövcud olmuşdur. Q.Xəlilov da məqaləsində məhz həmin mübahisəli nöqtələrə dair bəzi nəzəri səpkili mülahizələrini ədəbi ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müəllifin fikrincə, Azərbaycan nəsri həmin illərdə tarixi roman janrı ənənələrinə malik olmasa da, M.S.Ordubadi tarixi mövzulardan aldığı əsərlərin öhdəsindən bacarıqla gəlmişdir.

Dövrünün görkəmli sənətkarlarından olan M.Cəlalın yaradıcılığı da Qulu Xəlilovun tədqiq obyektindən kənarda qalmamışdır. Mir Cəlal bir çox maraqlı romanlar yazsa da, o, yazıçını daha çox ustad hekayənəvis kimi təqdim və təqdir edir. Ədibin üslubundan bəhs edəndə yazır ki, onun hekayələrini oxuyanda insan hər şeyi unudur, sanki yazıçı qarşında dayanıb səninlə sadə və şirin dildə söhbət edir, maraqlı bir əhvalat danışır. Bu mənada ədibin yaradıcılığı xalq ədəbiyyatının nağıl qolundan çox səmərəli surətdə bəhrələnir.

Tənqidçinin yaradıcılığına tez-tez müraciət etdiyi ədəbi simalardan birisovet dövrü nəsrimizin ağsaqqallarından olan xalq yazıçısı Süleyman Rəhimovdur. O, bu sənətkarın həyat və fəaliyyətinə bir neçə irihəcmli məqalə həsr etmişdir. Nasirin ölümündən sonra yazdığı “Dağ vüqarlı sənətkar” adlı tədqiqat yazısında Qulu Xəlilov yazıçının bütövlükdə həyat və yaradıcılığını nəzərdən keçirir, onun zəngin irsi barəsində uzun illər ərzində formalaşmış fikir və düşüncələrinə bir növ yekun vurur. O vaxtadək tənqidçinin bu yazıçı haqqında “Şamoroman-epopeya kimi”, “S.Rəhimovun dilüslubu barədə qeydlər” və başqa məqalələri, “Azərbaycan romanının inkişaf tarixindən” monoqrafiyasında ona həsr olunmuş hissələr artıq ədəbi ictimaiyyətə məlum idi. S.Rəhimov nəsrində Qulu Xəlilovun ən çox qiymətləndirdiyi cəhətlərdən birionun əsərlərinin dilinin zənginliyidir.

Sənətdə daim yeniliyi görən, duyan və qiymətləndirən tənqidçi şeirimizin ən böyük novatorlarından olan Rəsul Rza poeziyasına, onun poetik dünyasına da biganə qala bilməzdi. Odur ki, bu şairin hələ hamı tərəfindən tam qəbul olunmadığı, onun bir çox uğurlu şeirlərini başa düşməyərək onların milli-poetik ənənələrdən “kənarlaşma” olduğu, eksperiment daşıdığını deyənlərin əksəriyyət təşkil etdiyi bir dövrdə o, R.Rza haqqında böyük, sanballı bir elmi-tənqidi məqalə yazmışdı. 1960-cı ildə çapdan çıxan bu məqalə “Yeni söz, yeni fikir uğrunda” adlanırdı.

Görkəmli tənqidçi Əli Vəliyev, Osman Sarıvəlli, Məmməd Araz, Məmməd Rahim, Hüseyn Arif və başqalarının yaradıcılığına öz münasibətini bildirmişdir. Onun üçün tənqid olunmayan, tənqiddən kənarda qala bilən heç bir sima mövcud deyildi. Sənətin yüksək mənafeyi olan yerdə yaradıcılığa təzə başlayan gənc bir şairlə ustad bir sənətkarın arasında heç bir fərq qoymurdu. Qulu müəllim deyirdi ki, bəzi şairlər elə çalışırlar kitabları çıxsın. Əsərlərinin oxunub-oxunmamasının onlar üçün əhəmiyyəti yoxdur.

Q.Xəlilovun daha bir ümumi iradına - yazarlarımızın tənqidə qarşı dözümsüzlüyünə gələndə isə, bu, fikrimizcə, ədəbiyyat aləmimizdə ən ağrılı məsələlərdən biridir. Əlbəttə, məxsusi emosional təbiətə malik olan sənətkarların hər hansı tənqidə qeyri-adi həssaslığını haradasa başa düşmək olar. Lakin ictimai rəyin ifadəsi olan ədəbi tənqidin missiyasını, ümumiyyətlə, qəbul etməmək, yəni, onun tənqid etmək funksiyasına total şəkildə qarşı çıxmaq tənqidə bu dərəcədə nihilist münasibət, artıq bütün ölçüləri və hədləri keçir. Qulu müəllimi ədəbi tənqidə qarşı belə bir qeyri-təbii, qeyri-sağlam münasibət daha dərindən narahat edirdio, ömrünün sonuna qədər bu münasibətlə əsla barışa bilməmişdi...

Klassiklərə, keçmiş irsə baxışda hər hansı bir nihilizm, inkarçı münasibət də Qulu müəllimi özündən çıxarırdı. O cümlədən, müstəqilliyimizin ilk dövrlərində sovet dövrü mədəniyyətinə, ədəbiyyatına qarşı tez-tez özünü büruzə verən belə baxışı qətiyyətlə pisləyirdi. Belələrinə cavab verərkən deyirdi: “Təəssüf ki, bütün sahələrdə partokratiya dövründə əldə etdiyimiz uğurları inkar indi dəb düşüb. Bu sahələrdə, xüsusilə sənətdə və ədəbiyyatda, təhsildə yaranan yenilikləri görməmək ən azı nankorluqdur. S.VurğununVaqif”, Ü.Hacıbəylinin “Koroğlu” əsərləri 1937-ci ildə, şəxsiyyətə pərəstişə tutatut dövründə yaranmışdır. M.Müşfiqin, H.Cavidin, Ə.Cavadın, S.Vurğunun, S.Rüstəmin, R.Rzanın və digər sənətkarlarımızın, bəstəkarlarımızın bir çox ölməz əsərləri məhz partokratiya illərində yaranmamışdırmı? Quruluş ayrıdır, xalqın yaradıcı təfəkkürü ayrı... Əgər bu gün biz bu zəngin irsə arxa çevirsək, həm nankor olarıq, həm də quru yurdda qalarıq”.

Demək lazımdır ki, istənilən halda keçmişə, mədəni irsə inkarçı münasibət heç zaman özünü doğrultmamış, ondan ancaq ziyan dəymişdir. Digər tərəfdən, keçmişə aludəçiliklə onu elmi-tənqidi baxımından öyrənmək və ibrət dərsləri əxz etmək də tamamilə fərqli amillərdir. Görkəmli ədəbiyyatşünas və tənqidçi Qulu Xəlilov ömrü boyu mədəni irsə məhz belə sağlam və ağıllı münasibətin tərəfdarı olmuşdur.

 

Nurlana ƏLİYEVA,

filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 10.