Zəhmətlə fəth edilən zirvə

 

Abşeronun qədim yaşayış məskənlərindən biri olan Əmircan qəsəbəsi zəngin keçmişi, tarixi memarlıq abidələri ilə yanaşı, müxtəlif sahələrdə iz qoymuş görkəmli şəxsiyyətləri ilə də məşhurdur. General Abbasqulu ağa Bakıxanov, neft milyonçularından Murtuza Muxtarov, Şəmsi Əsədullayev, xalq rəssamı Səttar Bəhlulzadə, ilk azərbaycanlı təyyarəçi qadınlardan Sona Nuriyeva, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi, əməkdar elm xadimi, professor Ağacan Abıyev, xalq artisti Ağaxan Abdullayev və adlarını çəkmədiyimiz onlarla insan Əmircanda dünyaya göz açıb, boya-başa çatıblar.

Bu gün əmircanlıların fəxr edib qürur duyduqları, barəsində ağızdolusu söz açdıqları belə insanlardan biriHicran İbrahim oğlu Şərifovdur. “Şöhrət” ordenli, “Tərəqqi” medallı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Qızıl Fit” mükafatçısı, beynəlxalq dərəcəli və Olimpiya kateqoriyalı hakim, polis polkovnik-leytenantı kimi olduqca şərəfli, eləcə də ən ali tituladlar onun mübarizələrlə zəngin ömür yolunun parlaq səhifələrini təşkil edir. Xilənin (Əmircanı yerli sakinlər Xilə də adlandırırlar) adlı-sanlı nəsillərindən birinin nümayəndəsi, İbrahim müəllimlə Səkinə xanımın sonbeşik övladı olan Hicranın da taleyinə seçilənlərdən, vətənini dünyada tanıdanlardan, təmsil edənlərdən biri olmaq yazılıb.

Hər ötən ili idman həyatında böyük uğurlarla başa vuran Hicran üçün 2015-ci il də əlamətdar oldu. Həyatını yorulmadan idmana həsr edən bu qayğıkeş, mübariz insan ömrünün 50-ci ilini tamamladı. Ömrün 50 yaşının tamamını adətən, fiziki mənada olmasa da, mənəvi aspektdə gəncliyin bitməsi, müdrikliyin başlanğıc dövrü adlandırırlar. Ömrünün 50 ilini geridə qoyan dəyərli idman xadimi, ədalətli hakim Hicran Şərifov üçünbu illər qısalığından və ya uzun zaman kəsiyi olmasından asılı olmayaraq kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır. Hicran Şərifovun 50 illik yubileyi münasibətilə Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə hazırlanaraq nəfis şəkildə işıq üzü görən “Zəhmətlə zəfərə doğru” adlı kitab da bu dəyərli insanın zəngin həyat yoluna nəzər salmaq, onu bir daha yenidən tanımaq baxımından olduqca müəfəssəl mənbədir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə mənim məsləhətçisi olduğumuz bu kitabı vərəqlədikcə bir daha əmin olursan ki, qələbə, zəfər yalnız zəhmətlə əldə olunur.

Kitabda Hicran müəllim haqqında yazılan məqalələri, söylənən fikirləri, ürək sözlərini diqqətlə oxudum və mən bir daha əmin oldum ki, həyat qəribə olmaqla yanaşı, həm də mübarizədir, məktəbdir, sınaqdır. Əgər insan dözümlü, dəyanətli olmasa, hər cür haqsızlığa, ədalətsizliyə sinə gərə bilməsə, o, həyat məktəbindən, sınağından üzüağ çıxa bilməz. Hicran Şərifov da məhz belə dəyanətli, həyatın ağrı və acılarından qorxmayan, hər bir çətinlikdə sinəsini qabağa verməyi bacaran Azərbaycan oğludur. Bu insan Azərbaycan kişisinə xas olan mərdlik, dostluq, sözübütövlülük kimi keyfiyyətləri ləyaqətlə daşıyır, yaşadır və təbliğ edir. Ona görə kitabda onun haqqında ziyalıların, idmançıların, doğmaların, dostların ürək sözləri məzmun etibari ilə rəngarəng olduğu qədər də, real faktlardır. Bu yazılarda onun vətəninə olan məhəbbəti, doğma torpağına, insanlara olan bağlılığı, həyat yolunun kədərli və sevincli anları əks olunub. Lakin kitabdakı təbriklərin, xatirələrin, ürək sözlərinin hər biri insanı dərindən düşünməyə vadar edir.

Bu yerdə bir məqamı xüsusi qeyd etmək istəyirəm. Hicran Şərifov anasını çox tez itirib. Səkinə xanım həyatla vidalaşanda sonbeşik oğlunun cəmi 14 yaşı var idi. Ömrünün dərslərdə, idmanda uğurları ilə qürrələndiyi, öyündüyü bir çağında sevincini bölüşdüyü ən dəyərli insanı itirmək onun həyatının ən ağrılı, yaralı səhifəsidir. O, həyatı boyu bu ağrını yaşayıb, anasız illərində çox kövrəlib, lakin sarsılmayıb. Və bu kitabla da tanışlıq bir daha göstərir ki, Hicran Şərifov mətin olmağı, mübariz olmağı, həyatdan erkən köçmüş anasının arzularını həyata keçirməyi, onun istədiyi bir övlad olmağı bacardı... “Zəhmətlə zəfərə doğru” kitabını vərəqlədikcə sınaqlarla dolu həyat məktəbindən üzüağ çıxmağın ən gözəl nümunəsini görürük.

Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanda qazanılan uğurların sırasında güləşin xüsusi yeri var. Xalqımız daim bu idman növünə böyük həvəs göstərmiş, beynəlxalq idman arenalarında mübarizə aparan güləşçilərimiz fərqlənmişlər. Azərbaycana qalibiyyət gətirən güləşçilərin yetişməsində təbii ki, əsas vəzifələrdən biri məşqçilərin üzərinə düşür. Hicran Şərifov məhz belə təcrübəli məşqçilərimizdəndir. Onun yetirmələri dəfələrlə beynəlxalq yarışlardan, Olimpiya oyunlarından zəfərlə qayıdıblar. Şəxsən şahidəm ki, ikiqat Olimpiya medalçısı, dünya və qitə çempionatlarının dəfələrlə qalibi olmuş Rövşən Bayramovun adı məhz Hicran Şərifovun sayəsində idmanımızın qızıl fonduna daxil olmuşdur. Rövşən hələ yeniyetməlik illərindən Şərifovların evində yaşamış, yetişmiş, formalaşmış və güləşə inamlı addımlarını bu ocaqdan atmışdır. Dəfələrlə dünyaAvropa çempionatlarının qalibləri olmuş Elman Muxtarov, Elnur Həsənov, Səbirə Əliyeva, Fail İsgəndərov, Şəbnəm Əhmədova, Seymur Hüseynov və digərləri üçün Hicran Şərifov yalnız peşəkar məşqçi olmamışdır, ümumiyyətlə, onlar üçün qayğıkeş, himayədar mənəvi ata funksiyasını daşımışdır. Bu günHicran Şərifovun rəhbərlik etdiyi “Cəngi” İdman Klubunda formalaşan uşaq, yeniyetmə və gənc güləşçilər sabahın potensial çempionlarıdırlar.

Hicran Şərifovun Azərbaycan güləş məktəbinin inkişafındakı xidmətləri daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyev onu ali dövlət mükafatları ilə təltif edib. Hicran Şərifov həm də bir hakim kimi ölkəmizi dünyada tanıdır. İndiyədək dəfələrlə beynəlxalq görüşləri idarə edib və hər dəfə xalça üzərinə çıxanda yalnız və yalnız ədalət prinsipini rəhbər tutub. Ona görə 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında “Qızıl Fit” mükafatına layiq görülüb. O, tanınmış Azərbaycan hakimi Tofiq Bəhramovdan sonra bu mükafatı almış ikinci və hələlik sonuncu həmyerlimizdir.

Hicran Şərifov təkcə idmançı deyil, həm də polis həyatı yaşayır, polis polkovnik-leytenantıdır. Polis Akademiyasının müəllimi kimi dövlətçiliyin keşiyində dayanacaq zabitlərin yetişdirilməsində yaxından iştirak edir. Bu sahədəki fəaliyyətinə görə Daxili İşlər Nazirliyinin “Əla xidmətlərə görə” döş nişanı və “Qüsursuz xidmətlərə görə” medalının hər üç dərəcəsi ilə təltif olunması onun polis zabiti kimiöz missiyasını şərəflə daşıdığını təsdiq edir.

H.Şərifovun keçdiyi şərəfli ömür yolundan, beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etməsindən və bu yolda göstərdiyi misilsiz xidmətlərdən, polis zabiti kimi səmərəli fəaliyyətindən bəhs edən, 50 illik yubileyi ilə bağlı ölkəmizin və beynəlxalq idman ictimaiyyətinin, yaxınların, doğmaların, dostların ürək sözlərindən ibarət olan bu kitab həm də gənc və yeni yetişən idmançılara gələcək karyera yolunda ən gözəl nümunələrdən biridir. Bu kitab onların idman həyatına işıq saçır, yol göstərir.

Bütövlükdə kitabla tanışlıq Hicran Şərifovun hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsinin öhdəsindən layiqincə gəldiyini, peşəsini ləyaqətlə daşıdığını göstərir. Amma 50 yaş nədir ki? Hicran Şərifovun qələbələri hələ qarşıdadır. Hicran müəllimi tanıyanların hər biri ondan haqlı olaraq yeni uğurlar, qalibiyyətlər gözləyirlər. Odur ki, ən səmimi arzu və diləklərimi çatdırmaqla yanaşı, əminliklə demək istəyirəm ki, bu, Hicran Şərifov haqqında yazılmış sonuncu kitab olmayacaq.

 

Cavanşir QURBANOV,

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, professor

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 10.