Məktəblilərin
şimal bölgəsi ilə
tanışlığı muzeylər və parklar
şəhəri Xaçmazda başa çatıb
Noyabrın
19-da səkkiz rayonun məktəblilərindən ibarət
qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici
tur-aksiyası çərçivəsində Xaçmaz
rayonuna ekskursiya ediblər.
AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300-ə yaxın şagird Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar.
Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə Ulu Öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Tur-aksiyanın iştirakçıları Mərkəzdəki fotostendləri maraqla izləyiblər.
Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Məlumat verildi ki, muzey-park 2006-cı ildə yaradılıb. Parkda Azərbaycanın 53 görkəmli şair, yazıçı, mədəniyyət və incəsənət xadiminin büstləri qoyulub. Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Ümumilikdə rayon üzrə 8 park, 11 muzey, 11 şəlalə, 100–dən yuxarı fəvvarə, 104 abidə yaradılıb.
Sonra tur-aksiyanın iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət etdilər. Diqqətə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Muzey 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Tur-aksiyanın iştirakçıları Xaçmazdakı Dövlət Rəsm Qalereyası, Xalça muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış oldular.
Xaçmazla
tanışlıqdan sonra məktəblilər
şimal bölgəsinə
ekskursiyalarını yekunlaşdıraraq doğma
rayonlarına yola salındılar.
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 11.