Tur-aksiya iştirakçıları Şəkidən
zəngin təəssüratlarla ayrıldılar
“Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən maarifləndirici
tur-aksiyada iştirak edən Quba, Qusar və Xaçmaz
rayonlarının məktəbliləri respublikamızın
şimal-qərb bölgəsinə səfərlərinin
sonuncu günü – noyabrın 19-da Respublika
Atçılıq Turizm Mərkəzinin Şəki rayonunun
Daşüz kəndində fəaliyyət göstərən
filialı ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, məktəblilərə 2006-cı ildə Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə yaradılan mərkəzin 2007-ci ildən Respublika Atçılıq Turizm Mərkəzinin filialına çevrildiyi barədə məlumat verildi. Qeyd olundu ki, mərkəzin yaradılmasında əsas məqsəd qədim atçılıq ənənələrini bərpa etmək, milli atüstü oyunların qorunub saxlanmasını təmin etmək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək və gənc nəsildə bu sahəyə maraq oyatmaqdır.
Bildirildi ki, 10 hektar ərazisi olan Atçılıq Mərkəzinə milli atüstü oyunların keçirilməsi üçün meydança, 400 yerlik tamaşaçı tribunası, məşq meydançası, inzibati bina, həmçinin atların saxlanılması üçün tövlə daxildir.
Məktəblilərin diqqətinə çatdırıldı ki, 2006-cı ildən başlayaraq hər il may ayında burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir.
Sonra hər üç rayonun məktəbliləri ərazini gəzdilər, tövlədə atların saxlanıldığı şəraitlə tanış oldular. Bildirildi ki, hazırda burada ərəb, türkmən, alman, ingilis, həmçinin yerli cinslərdən olan yüzə yaxın at bəslənilir. Bu atlardan əsasən milli atüstü yarışlarda və turist gəzintilərində istifadə olunur.
Tur-aksiya iştirakçıları adından filialın direktoru Elman Qədirova Qubada toxunan suvenir-xalça hədiyyə edildi.
Bununla da Quba, Qusar və Xaçmaz məktəblilərinin Şəkiyə ekskursiyası başa çatdı.
Tur-aksiya
iştirakçıları qədim və müasir
Şəkidən zəngin təəssüratlarla
ayrıldılar.
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 11.