Tur-aksiyaya qoşulan 300-ə yaxın məktəbli Quba soyqırımı məzarlığını ziyarət edib

 

Noyabrın 18-da səkkiz rayonun məktəblilərindən ibarət 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba rayonunun görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan qrupların Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başladı. Qonaqlar qəsəbədə salınan Heydər Əliyev parkını gəzdilər, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış oldular.

Qırmızı qəsəbədən sonra tur-aksiya iştirakçıları Cümə məscidinə gəldilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, zəngin memarlıq üslubuna malik məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izlədilər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verildi.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırıldılar.

Bildirildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Məktəblilərin diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər.

Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijanotel kompleksiburada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.

Şimal bölgəsinə ekskursiyaya gələn məktəblilər noyabrın 19-da Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 11.