Azərbaycan Prezidenti İlham Əliyev
Rusiyanın təhsil və elm nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu
qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd etdi. Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd etdi. Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin hər iki ölkə üçün əhəmiyyətli olduğunu dedi.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının uğurlu fəaliyyətini məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. Rusiyanın təhsil və elm naziri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının fəaliyyətini təhsil sahəsində qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz
arasında təhsil sahəsində əlaqələrin
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 21 noyabr.- S. 1.