Qələbələr
Partiyası
23 il əvvəl yaranan Yeni Azərbaycan Partiyası dövlətə
və xalqa xidmət missiyasını
şərəflə daşıyır
Mövcud ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gələrək yaranan Yeni Azərbaycan Partiyası ilk gündən müstəqilliyə yeni qovuşmuş respublikamızda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçdi. Çünki o vaxtadək fəaliyyət göstərən heç bir siyasi qurum ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilməmişdi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi dairələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar.
Ona görə də 23 il əvvəl - 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının meydana çıxması ölkəmizdə baş verən siyasi-ictimai proseslərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə YAP-ı təsis etdilər. Partiya o zamankı iqtidara müxalifətdə idi və bu yola qədəm qoyan insanlar hər addımda hakim dairələrin təzyiqləri ilə üzləşirdilər. Lakin bu insanlar əyilmədilər, heç bir hədə-qorxu, təhdidlər onların əzmini qıra bilmədi. Beləliklə, Azərbaycanın işıqlı gələcəyini arzulayaraq bu yola qədəm qoyan insanların iradəsinin ifadəsi kimi vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyaları üzərində yaranan YAP tezliklə Azərbaycanın siyasi həyatında günəş kimi parladı.
YAP o zaman müxalifətdə olsa da, bəzi indiki müxalifət partiyalarından fərqli olaraq, Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına qarşı deyildi. YAP o vaxt hakimiyyətə hərbi çevrilişlə gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Ona görə də 1992-1993-cü illərin ağır siyasi durumu, ölkəni bürüyən böhranın nəticəsi olaraq ayağa qalxan Azərbaycan xalqı təkidlə Heydər Əliyevi hakimiyyət sükanının arxasına keçməyə, ölkənin taleyini həll etməyə çağırdı. 1993-cü ilin iyun hadisələri isə AXC-Müsavat iqtidarının yarıtmazlığının pik nöqtəsi oldu. Bu hadisələrdən sonra, iyunun 9-da Heydər Əliyev ölkə əhalisinin təkidli istəyi ilə Bakıya gəldi və proseslərin sonrakı gedişi ulu öndərə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusunu daşımağı həvalə etdi.
Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ilk illərdə iqtidarda olan qruplar yeni dövlətin əsaslarını qurmaq, idarəçilik mexanizmlərini formalaşdırmaq üçün bircə addım belə atmamışdılar. Çünki idarəçilik təcrübələri yox idi və bunun da nəticəsində ölkədə xaos, anarxiya, dərəbəylik baş alıb gedirdi. Cəbhədə vahid komandanlıq yox idi, batalyonlar hansısa təşkilatın rəhbərliyi ilə özü üçün döyüşürdülər. Sonrakı dövrdə isə onların əksəriyyəti siyasi proseslərə cəlb olundular, bəziləri isə düşmənlə döyüşməkdən başqa hər cür işlə məşğul idilər.
Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşdırılması, dövlət quruculuğu prosesi başlandı. Bütün silahlı birləşmələr qanunsuz elan edilərək yeni ordu quruculuğuna start verildi və cəbhədəki hərbi əməliyyatlar vahid komandanlıqdan idarə olundu. Tezliklə ulu öndərin başladığı quruculuq prosesi bütün sahələrdə öz effektini verməyə başladı. Təbii ki, bu uğurlu siyasi xətt YAP-ı ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Azərbaycan xalqı YAP-ı Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin başladığı genişmiqyaslı islahatların həyata keçirilməsində yaxından iştirak edərək onun siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi.
Yaranan qısa müddətdən sonra iqtidara gələn və 22 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. 1993-cü ildən hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı. 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərin qalibi YAP-ın namizədləri olmuşlar. Ölkəmizdə çoxlu sayda siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə edilmək imkanında deyil. Bu müvəffəqiyyətin əsas səbəbi isə əbədiyaşar lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinin müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına verdiyi töhfələrdir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində Yeni Azərbaycan Partiyası barədə deyib: “Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir”.
Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabr ayının
1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir. Həmin il Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2003, 2008 və 2013-cü illərin oktyabr aylarında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəridir. Xüsusilə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir seçki Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirmişdir. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.
2005-ci ilin mart ayında YAP-ın III qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq cənab İlham Əliyevi partiyanın sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüzminlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək Yeni Azərbaycan quruculuğunda fəal iştirak edirlər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu. Həmin qurultaydakı çıxışında Prezident İlham Əliyev deyib: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk”.
Bu gün YAP-da Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını ulu öndərin qoyduğu milli inkişaf strategiyasının daha genişmiqyaslı davamıdır. Son parlament seçkisi də YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq etdi.
YAP ənənəvi olaraq hər bir seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlaşır. 2015-ci ilin parlament seçkiləri də bu mənada istisna olmadı. YAP iki ay davam edən seçki kampaniyası dövründə uğurlu seçki strategiyası müəyyən edərək həyata keçirdi. Bu seçki kampaniyası partiyanın müəyyənləşdirdiyi ümumi strateji xəttə və hədəflərə uyğun qurulmuşdu. Qeyd edək ki, YAP bu seçki kampaniyasını “Yeni hədəflərə doğru” şüarı ilə keçirirdi və bu, təsadüfi deyildi. Çünki Azərbaycanın inkişafında yeni mərhələnin başlanması cəmiyyət tərəfindən qəbul olunan həqiqətlər sırasındadır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkəmizin inkişafı ilə əlaqədar müəyyənləşdirdiyi hədəflər dövlət başçısının siyasətinin islahatlar qanadının yeni mərhələsinin başladığından xəbər verir. Bu isə YAP-ın seçki kampaniyasının ümumi məfkurəsinin hazırlanmasında özünü göstərdi.
Bu seçkidəki qələbə bir tərəfdən YAP-ın seçki kampaniyasının uğurunu təsdiq etdi, digər tərəfdən ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu bir daha müəyyənləşdirdi. Bu seçkinin ortaya qoyduğu reallıqları bir daha nəzərdən keçirsək, belə bir amili də qeyd etməliyik ki, seçkinin nəticəsi YAP-ın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu bir daha təsdiqlədi. Ən əsası YAP-ın əldə etdiyi qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Bu mənada YAP seçkiyə gedərkən bir çox resurslara istinad edirdi. Bu resursların ən başlıcası isə Prezident İlham Əliyevin yüksək reytinqi və həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən lazımınca dəyərləndirilməsi idi. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov qəzetimizə müsahibəsində bu barədə deyib: “Başlıca resursumuz, qələbəmizin kökündə dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti, reytinqi, vətəndaşların ölkə başçısına olan böyük etimadı, inamı və təbii ki, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarıdır. Bütün bunlar Azərbaycan seçicilərinin siyasi ovqatının formalaşmasının əsasını təşkil etdi və qeyd etdiyim kimi, YAP-ın namizədlərinin lehinə verilən səslərdə öz əksini tapdı”.
Bu gün sıralarında 662 min nəfərdən artıq insanı birləşdirən YAP öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın hələ uzun onilliklər boyu hakim partiya statusunu qoruyacağına güclü təminatdır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 21 noyabr.- S. 2.