Yeni Azərbaycan Partiyası ötən
illərdə xalqa xidmət
missiyasını şərəflə yerinə yetirib
Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 20-də YAP-ın yaranmasının 23-cü ildönümünə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yaradılması zərurətindən danışıb. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl prinsipləri mövcuddur. Partiyanın ulu öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, idarəçilik qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi kimi amillər bu prinsipləri təşkil edir.
YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə bütün sahələrdə böhranın yaşandığı bir dövrdə ulu öndərin rəhbərliyi ilə yaradılan YAP bütün çətinliklərə sinə gərərək xalqın partiyası imicini qazandı. Həmin ağır illərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın qurulmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, həmrəylik mövcuddur və respublikamız regionun ən qüdrətli ölkəsinə çevrilib. Bütün bu uğurlar xalqın dəstəyinə arxalanan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olub.
Bildirilib ki, partiyamızın ictimai-siyasi təşkilatlarla qarşılıqlı əməkdaşlığa söykənən siyasi, sivil, mədəni dialoq qurmağa hazır olması və xarici ölkələrin mütərəqqi partiyaları, ictimai təşkilatları ilə hərtərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlıq uğrunda çıxış etməsi də onun həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə nüfuz qazanmasının əsasını təşkil edir. Təbii, bu cür amilləri nəzərə alaraq, demək olar ki, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir.
Partiyanın yaranma tarixinə diqqəti cəlb edən Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov həmin dövrdə şahidi olduğu hadisələrdən söhbət açıb.
YAP-ın yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayan Fəttah Heydərov deyib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevirib.
Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını deyən YAP İdarə Heyətinin üzvü, Milli Məclis Sədrinin müavini Bahar Muradova partiyanın gələcəyə doğru inamla addımladığını deyib. O bildirib ki, YAP-ın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb.
Bahar Muradova vurğulayıb ki, ulu öndərin “Dünənin, bugünün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin biri-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. Bu gün YAP-ın sıralarında birləşən yüzminlərlə insan ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır.
Partiyanın yaranması prosesinin daha bir şahidi, YAP idarə heyətinin üzvü Eldar İbrahimov ilk addımların olduqca çətin şəraitdə atıldığını deyib. O, partiyanın yaranma tarixi haqqında ətraflı məlumat verib, onun fəaliyyət göstərdiyi 23 il ərzində qazandığı uğurlardan, keçdiyi şərəfli və tarixi yoldan danışıb. Bildirilib ki, ölkəmizin ən ağır sınaq günlərində yaranan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayıb. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov YAP-ın ölkədə aparıcı siyasi qüvvə olmasından, gənclərin partiyanın sıralarına axın etməsindən, onların Prezident İlham Əliyevin daxili və xarici siyasətini fəal dəstəkləmələrindən danışıb.
Vurğulanıb ki,
YAP-ın amalı xalqa, Vətənə,
dövlətə sədaqətlə qulluq
etməkdir. Azərbaycanın siyasi tarixində
YAP qədər güclü, əzəmətli
siyasi partiya
olmayıb. O, YAP-ın ən nüfuzlu
siyasi qüvvəyə çevrilməsində
partiyanın yaradıcısı, ulu
öndər Heydər Əliyevin tarixi xidmətlərindən
bəhs edib, ümummilli
liderin siyasi xəttinin
bu gün partiyanın
sədri, Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın
iqtisadi inkişaf
sürətinə görə dünyanın qabaqcıl
ölkələrindən biri olduğunu vurğulayıb.
İcra
başçısı son günlərdə baş verən
hadisələrə toxunaraq qeyd edib ki, bu hadisələri
müəyyən səviyyədə ölkədə mənəviyyat
sahəsində islahatlar kimi də qiymətləndirmək
olar. Bu gün
birmənalı surətdə sübut olunub ki, cəmiyyətimiz
daxili təmizlənməyə qadirdir. Xalqla iqtidar arasında birgə məlumatlandırma
və anlaşma yaranıb. Bu da iqtidar
ilə xalq arasında birliyin
reallığıdır.
Azərbaycan.- 2015.- 21 noyabr.- S. 2.