Azərbaycanın UNESCO-nun fəaliyyətinə verdiyi töhfələr yüksək qiymətləndirilir

 

Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər.

İlham ƏLİYEV

 

Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Universalregional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar. Eyni zamanda, beynəlxalq təşkilatlar ölkəmizin üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayırlar.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayıb. Bu baxımdan Azərbaycan Respublikası ilə UNESCO arasında uğurlu əməkdaşlıq modeli də təqdir edilə bilər.

UNESCO yarandığı 70 il ərzində mədəni irsin qorunmasında, təhsilin, elmin inkişafında, qlobal problemlərin həllində mühüm rol oynayıb. Azərbaycan-UNESCO əlaqələri də ölkəmizin bu təşkilata üzv qəbul edilməsindən ötən müddət ərzində uğurla inkişaf edib. Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib. UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı mühüm layihələr həyata keçirməsi və ölkəmizlə bu sahədə əməkdaşlığı diqqəti cəlb edir.

2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu milli mədəniyyətimizin dünya miqyasında təbliği sahəsində uğurlu fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü genişmiqyaslı işləri xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli “Mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi də vacibaktual problem kimi önə çıxır. Ötən 12 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nunDünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətimizin tanıdılması sahəsindəki fəaliyyətinin əyani göstəricisidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun bu sahədə həyata keçirdiyi ən uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomunun hazırlanması olmuşdur. UNESCO-nun xətti ilə hazırlanmış albomaQarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağa məxsus nadir sənət nümunəsi olduğu nümayiş etdirilmişdir. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilibbizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı da əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilə bilər. Forumda Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə geniş fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırıldı. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Görüşdən sonra UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanışlıq olub. Xatırladaq ki, zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib. Zalda İcra Şurasının tədbirləri ilə yanaşı, xoşməramlı səfirlərin görüşləri, toplantıları da keçirilir. Dövlət başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş atdaş qoç abidələrinə baxıblar.

Ötən illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə üç dünya forumuna uğurla evsahibliyi etməsi forumda xüsusi qeyd edilib və gələcəkdə BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunun da təşkil ediləcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev forumda Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib: “Müstəqillik dövrünün əvvəlində Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğaliqtisadi tənəzzüllə üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişaf məramına töhfə vermək növbəsi bizimdir. Tamamilə əminəm ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə, elm kimi fəaliyyət sahələri bəşəriyyətin inkişafı üçün əsas istiqamətlərdir. Bu sahələrin inkişafı dünyamızı daha da təhlükəsiz edəcək.

Dünya irsi siyahısına daxil olan İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri kimi tarixi abidələrimizin UNESCO tərəfindən qorunan abidələr sırasında yer alması bizi fərəhləndirir. Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır. Lakin, eyni zamanda, müstəqil dövlət kimi yalnız 24 il yaşayan çox gənc bir dövlətdir. Bu illər bir siyasi sistemdən digər siyasi sistemə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid illəri olmuşdur. Bu illər ərzində ölkəmiz uğurlar əldə edə bilmişdir”.

Prezident İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Bildirib ki, bu dəhşətli terror hadisəsi beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bugünə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz ermənilər tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğulayıb.

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışır. Bu prinsipial və qətiyyətli yanaşma ölkə başçısının bütün xarici səfərlərində dünya ictimaiyyyətinin diqqətinə çatdırılır. Prezident İlham Əliyev Azərbaycanın humanitar fəlakətlə üzləşdiyinə də toxunub: “Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir.

İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik”.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 3.