Ədliyyə və məhkəmə sistemində islahatlar insan hüquqlarının aliliyinə xidmət edir

 

Noyabrın 22-də Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 97-ci ildönümü tamam olur. Respublikamıza rəhbərliyinin bütün dövrlərində insan hüquqlarının təminatını ali məqsəd kimi önə çəkən ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilmiş və bu tarix ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Ulu öndərin bu yüksək etimadı ədliyyə və məhkəmə orqanlarının əməkdaşları tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış, Azərbaycanın ədliyyə tarixinə, onun müsbət ənənələrinə dərin ehtiramın təzahürü kimi dəyərləndirilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə - 28 may 1918-ci ildə Ədliyyə Nazirliyi təsis edilmiş, dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy Xasməmmədov bu quruma rəhbər təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan məhkəmə palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq olunmuşdur. Cümhuriyyətin süqutundan sonra Ədliyyə Nazirliyinin mükəmməl struktur kimi əsaslı surətdə formalaşdırılması, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması 1970-ci illərə - ümummilli lider Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf edir. Ötən əsrin sonlarında - Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiqli yer tutması üçün qayğısını əsirgəməmiş, hüquqi dövlətin yaradılması baxımından ədliyyə orqanlarının fəaliyyətinin gücləndirilməsini zəruri saymışdır.

Başqa sözlə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, nazirliyin strukturu təkmilləşdirilmiş, usül və vasitələri müasirləşdirilmişdir. Ulu öndərin təşəbbüsü ilə o illərdə Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti təsis edilməklə yanaşı, keçmiş MDB-də ilk olaraq Azərbaycanda istintaq təcridxanaları nazirliyin tərkibinə verilmişdir. 2000-ci ildə iqtisadihüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı - Notariat və VVADQ orqanlarında da köklü dəyişikliklər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodoloji yardım göstərilməsi Ədliyyə Nazirliyinin funksiyalarına aid edilmişdir. Ümumilikdə 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmışdır. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha da möhkəmləndiyi, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının yüksək nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə ədliyyə sisteminin davamlı olaraq müasirləşdirilməsi ulu öndərdən sonra da daim diqqət mərkəzindədir. Ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları ədliyyə sisteminin işinin əhəmiyyətli dərəcədə təkmilləşməsini, keyfiyyətcə yeni dövrün tələbləri səviyyəsində qurulmasını təmin etmişdir.

“Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanla nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmişdir. 26 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun ədliyyə qulluqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən əhəmiyyətli sənəddir. 2009-cu il 6 fevral tarixdə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Bundan başqa, son 10 ildə regional ədliyyə şöbələrinin, Ədliyyə Akademiyasının yaradılması, nazirlik və məhkəmələr üçün ayrılan büdcə vəsaitinin 6 dəfəyədək artırılması bu sahədə kompleks islahatların həyata keçirildiyini bir daha təsdiqləyir. Ölkə rəhbərinin sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması istiqamətindəki qəti və prinsipial siyasətinə uyğun olaraq, hazırda Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların reyestrinin yenidən, daha mükəmməl qurulması istiqamətində tədbirlər görülür.

Ümumilikdə həyata keçirilən islahatlar təsdiqləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Bu məqsədlə ötən müddətdə ədliyyə sistemi ilə yanaşı, ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Məhkəmə-Hüquq Şurasının məqsədyönlü və səmərəli fəaliyyəti sayəsində məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni regional məhkəmələrin formalaşdırılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

Bu sahədə həyata keçirilən islahatların əsas hədəflərindən biri regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsidir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələri yaradılmışdır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə imzaladığı fərmanların da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələrin tez zamanda fəaliyyətə başlaması üçün qısa müddətdə mühüm təşkilati tədbirlər görülmüş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır. Yeri gəlmişkən, son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı digər işlər də görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Bakının YasamalSabunçu rayonlarında, Gəncə, Oğuz və Gədəbəydə belə məhkəmələr istifadəyə verilmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin bir müddət əvvəl Şəki Məhkəmə Kompleksinin açılış mərasimindəki iştirakı və çıxışı bu sahənin müasirləşdirilməsi tədbirlərinin davamlı xarakter daşıdığını bir daha təsdiqləmişdir. Kompleksin açılış mərasimində cənab İlham Əliyev məhkəmə sistemindəki islahatların uğurlu nəticələrini xüsusi qeyd etmişdir: “Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır... Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasirdaha da böyük inama malik olan sistemə çevirəcəkdir”.

Məhkəmə və ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi, onurğa sütunudur. Bu gün fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan möhkəm təməllər üzərində qurulmuş ədliyyə və məhkəmə sisteminə malikdir. Əminik ki, respublikamızın iqtisadi inkişaf tempinə adekvat olaraq bu sahədə islahatlar davam etdiriləcək, Azərbaycan inkişaf etmiş ölkələrlə rəqabətə girə biləcək modern ədliyyə və məhkəmə sisteminə malik olacaq.

 

Mirheydər ZEYNALOV,

Binəqədi Rayon Məhkəməsinin hakimi

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 4.