Maarifləndirici tur-aksiya məktəblilərdə Vətən sevgisini daha da artıracaq

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Lənkəran-Lerik marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən tovuzlu şagirdlər noyabrın 19-da axşamüstü doğma rayona qayıtdılar.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər qarşıladılar.

Qrupun rəhbəri, təhsil şöbəsinin metodisti Surxay Əsgərov bildirdi ki, rayonun IX-XI sinif şagirdləri noyabrın 16-dan 19-dək tur-aksiya çərçivəsində cənub bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları ilə yaxından tanış oldular.

Bu yerlərlə tanışlıq şagirdlərdə Vətən sevgisinin daha da artmasına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, mənəvi inkişafında müsbət rol oynayacaq.

Dörd günlük ekskursiyadan şən əhval-ruhiyyə ilə qayıdan Tovuz rayonundakı Azaflı kənd tam orta məktəbinin şagirdi Şəfəq Ələkbərova sevincini belə ifadə etdi: “Tur-aksiya maraqlı və əyləncəli keçdi. Lənkəranda 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi, Astara çay fabriki, Lerikdəki Uzun Ömürlülər Muzeyi və digər maraqlı yerlərlə tanış olduq”.

X X X

Həmin gün tur-aksiyada iştirak edən ağstafalı və qazaxlı şagirdlər də axşam saatlarında rayonlarına qayıtdılar. Tur-aksiyanın iştirakçılarını rayonların rəhbər işçiləri, müəllimlər və valideynlər qarşıladılar.

Ağstafa məktəblilərinin qrupunun rəhbəri İmran Nəsibov tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd günlük ekskursiyamız çərçivəsində gəzdiyimiz və ilk dəfə gördüyümüz yerlər şagirdlər üçün çox maraqlı idi. Bu səyahət onlarda doğma Vətənə olan məhəbbəti qat-qat artırdı. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”.

Ağstafa şəhərindəki texniki-humanitar liseyin X sinif şagirdi Ayşə Əliyeva ölkənin cənub bölgəsinə ekskursiyanın yekunu ilə bağlı təəssüratlarını bu sözlərlə ifadə etdi: “Lənkəran, LerikAstara rayonlarının tarixi abidələri ilə böyük maraqla tanış oldum, görməli yerlərini gəzdim. Bu tur-aksiya zamanı bir daha əmin oldum ki, bizim dünyada tayı-bərabəri olmayan, hər guşəsi cənnətə bənzəyən gözəl Vətənimiz var”.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.