Salyanlı tur-aksiya iştirakçılarının səfər təəssüratları

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən salyanlı şagirdlər səfərdən zəngin təəssüratla qayıdıblar.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllim və valideynlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Lətifə Mustafayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib:

-Səfər təəssüratımız olduqca zəngindir. Şagirdlər Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının qədim tarix və mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər məkanlarla, görməli yerlərlə yaxından tanış oldular. Bu, məktəblilərdə Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, milli mənəvi dəyərlərinə hörmət ruhu aşılanmasında çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün yaradılan nadir imkana görə tur-aksiyada iştirak edən rayonun məktəbliləri və müəllimləri adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.

Salyan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mircəlal Ağalarov sevincini belə ifadə edib:

-Gəncə, Şəmkir və Göygölün əsrarəngiz gözəllikləri məni heyran etdi. Orada gördüklərim yaddaşımdan heç vaxt silinməyəcək. Özümə həm də yeni dostlar tapmışam. Çox xoşbəxtəm. Bizə belə bir imkan yaradan hörmətli Prezidentimizə ürəkdən minnətdarıq.

 

Azərbaycan. - 2015.- 21 noyabr.- S.7.