Tur-aksiyalar məktəblilərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək

 

Tur-aksiyada ikinci dəfədir ki, iştirak edirəm. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu layihə mühüm əhəmiyyət kəsb edir. Çünki bu layihənin iştirakçıları ölkəmizin gələcəyini təmin edəcək gənclərdir.

Bu sözləri Quba şəhərindəki 6 nömrəli tam orta məktəbin dərs hissə müdiri Camafər Əliyeva ŞəkidəAZƏRTAC-a müsahibəsində bildirib.

Respublikamızın şimal-qərb bölgəsinə ekskursiyanın yekunları ilə bağlı təəssüratlarını bölüşən təhsil işçisi daha sonra deyib: “Tur-aksiya zamanı şagirdlər əvvəllər kitablardan öyrəndikləri tarixi abidələri, qədim yaşayış məskənlərini, şəhər və kəndləri öz gözləri ilə gördülər, geniş məlumat aldılar. Bu məlumatlar onların dünyagörüşlərinin formalaşmasında, ölkəmiz haqqında biliklərinin artmasında, ümumiyyətlə gələcək həyatlarında çox böyük rol oynayacaq, məktəblilərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək. Tur-aksiya zamanı şagirdlər özlərinə yeni dostlar qazandılar, ünsiyyət qurmağı öyrəndilər, kütləvi informasiya vasitələrinə ilk müsahibələrini verdilər. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu aksiya çox uğurlu layihədir və buna görə müəllim və valideynlər adından dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.