Tur-aksiya məktəblilərə Azərbaycanın bölgələrini daha yaxından tanımağa imkan verir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın növbəti mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın sonuncu günü Qobustan rayonuna gələn bir qrup Xızı məktəblisi Qobustan şəhəri, burada Heydər Əliyev Mərkəzi, habelə “Diri baba” türbəsi ilə tanış olub.

Qeyd edək ki, dörd gün davam edən gəzinti zamanı məktəblilər respublikamızın bölgələrindən olan həmyaşıdları ilə birlikdə İsmayıllı, Qəbələ, Şəki, sonuncu gün isə Qobustan rayonunu gəzib, tərtib olunan qrafik əsasında bölgələr barədə geniş bilgilər alıb, şən və mənalı istirahət ediblər.

Tur-aksiyanın şagirdlərdə xoş, unudulmaz təəssüratlar yaratdığını bildirən Xızıdan gələn qrupun müəllim-müşayiətçisi Dursun Zeynalova AZƏRTAC-a müsahibəsində deyib: “Qrupumuz 34 nəfər yuxarı sinif şagirdindən, 4 müəllim-müşayiətçidən, 1 həkimdən ibarətdir. Bu cür ekskursiyalar məktəblilərə Azərbaycanı, onun ayrı-ayrı bölgələrini daha yaxından tanımağa imkan verir, onlarda doğma diyarlarına daha çox bağlanmaq, onu daha çox sevmək hisslərini möhkəmləndirir. Bunun üçün bu təşəbbüsün səbəbkarı olan Prezidentimizə çox minnətdarıq.

Əlbəttə, uşaqların da öz dünyagörüşü vardır. Onlar xüsusən tariximizlə çox maraqlanırlar. Bu, hər şeydən əvvəl Vətən sevgisindən, ona bağlılıqdan qaynaqlanır. Dörd gün davam edən bu gəzinti şübhəsiz ki, onlara çox şey öyrədib. Ən əsası isə ana Vətənə bağlılıqdır”.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.