Maarifləndirici tur-aksiya məktəblilərin yaddaşında uzun müddət xoş xatirə kimi qalacaq

 

Biz tur-aksiyada iştirak edən şagirdlərin dünya görüşünün artırılması üçün tez-tez söhbətlər aparır, gəzinti zamanı onlara vətənpərvərlik hislərini aşılayır, səfər etdiyimiz rayonların tarixi, coğrafiyası, sosial-iqtisadi inkişafı, adət-ənənələri, kənd əhalisinin əsas məşğuliyyəti, bölgənin turizm imkanları barədə ətraflı məlumat veririk.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tur-aksiya rəhbəri Süleyman Süleymanov bildirib. O, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının əhəmiyyətini yüksək qiymətləndirib və məktəblilərə bu səfərin xoş və mənalı keçməsi, onların istirahətinin təşkili, əylənməsi və maariflənməsi üçün lazımi şərait yaradıldığını deyib: “Tur-aksiyada iştirak edən məktəblilər iki gün ərzində İsmayıllı və Qəbələ rayonlarının tarix və mədəniyyət abidələri, görməli yerləri ilə yaxından tanış olublar. Ümumiyyətlə ölkəmizdə gənc nəslin inkişafı üçün hər cür şərait yaradılıb. Uşaq, yeniyetmə və gənclərin yaxşı təhsilə yiyələnməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən maarifləndirici tur-aksiya da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu aksiya şagirdlərin həyatında çox mühüm hadisə hesab edilir. Onlara ölkəmizin səfalı yerlərini, tarixi abidələrini görmək nəsib olur. İnanıram ki, maarifləndirici tur-aksiya məktəblilərin yaddaşında uzun müddət xoş xatirə kimi qalacaq”.

Tur rəhbəri Süleyman Süleymanov məktəblilər üçün yaradılan bu şəraitə görə aksiyanın təşkilatçılarına, xüsusən də gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 11.