İsveç deputatlarına Azərbaycandakı
multikulturalizm ənənələri barədə
məlumat verilib
Stokholmda səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü İsveç parlamentində (Riksdag) Sosial Demokratlar, İsveç Demokratları, Yaşıllar Partiyası və Xristian Demokratlar Partiyasını təmsil edən bir qrup deputatla olub.
Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxil olub.
Parlamentin konstitusiya komitəsinin sədri Andreas Norlen bu görüşün həm Azərbaycan, həm də İsveç üçün səmərəli nəticələri olacağına əminliyini bildirib. O, parlamentin fəaliyyəti, qəbul edilən qanunlar barədə söhbət açıb.
Andreas Norlen Azərbaycan ilə İsveç arşındakı ikitərəfli
əlaqələrdən bəhs edərək bu
əlaqələrin inkişaf etdiyini bildirib, lakin bu istiqamətdə daha çox işin görülməli olduğunu,
qarşılıqlı səfərlərin əməkdaşlığın
genişlənməsinə təkan verəcəyini
vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Parisdə, Livanda, Türkiyədə və digər ölkələrdə törədilən terror aktlarını pisləyib. O vurğulayıb ki, bu kimi mənfi hallara qarşı milliyyətindən və dinindən asılı olmayaraq birgə mübarizə aparılmalıdır. K.Abdullayev Azərbaycanın dini liderlərinin və dövlət xadimlərinin İsveçə səfərinin önəmini qeyd edib.
Ölkəmizdəki siyasi, iqtisadi və mədəni inkişafdan söz açan Kamal Abdullayev Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq siyasətindən də danışıb. Qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasət çoxmillətli ölkə olan Azərbaycana böyük fayda gətirir, ölkəmizdə azad cəmiyyətin inkişafında böyük rol oynayır. Dövlət müşaviri Azərbaycandakı parlament ənənələrinə də toxunub, Milli Məclisin dini, etnik və siyasi baxışlarına görə rəngarəng olduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasında daha sıx əlaqələrin qurula biləcəyini deyərək, isveçli deputatları Azərbaycana səfərə dəvət edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu görüşün İsveç-Azərbaycan əlaqələrinə müsbət təsir edəcəyini deyib.
Şeyxülislam ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq, multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu qeyd edib, bu ənənələrin Azərbaycan dövləti və hökuməti tərəfindən daim dəstəkləndiyini vurğulayıb. Allahşükür Paşazadə bu gün dünyada radikalizmin və terrorizmin artığı bir zamanda Azərbaycandakı cəmiyyət və dövlət modelinin başqa ölkələr üçün örnək ola biləcəyini vurğulayıb.
İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bir çox ölkələrdə bəzi qüvvələrin İslamı siyasiləşdirərək terrorla əlaqələndirmək, onu gözdən salmaq istəklərindən danışan şeyxülislam bu kimi halları pisləyib. Qeyd edib ki, ənənəvi İslam dəyərlərini qoruyub saxlamaq və bu dəyərləri olduğu kimi insanlara çatdırmaq üçün Azərbaycanın müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi mütəmadi iş aparır.
Görüşdə çıxış edən digər din xadimləri Azərbaycandakı tolerantlıq mühitindən, dövlət-din münasibətlərindən danışıblar. Onlar ölkəmizdə müsəlmanların əksəriyyət təşkil etməsinə baxmayaraq, bütün dinlərin sülh şəraitində, heç bir problemlə üzləşmədən fəaliyyət göstərdiyini vurğulayıblar.
Sonra Azərbaycan nümayəndə heyəti İsveç parlamenti nümayəndələrinin ölkəmizlə bağlı suallarını cavablandırıblar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 5.