Rusiyanın təhsil və elm naziri Xalça Muzeyi ilə tanış olub

 

Noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov Azərbaycan Xalça Muzeyi ilə tanış olub.

Muzeyin direktoru Röya Tağıyeva qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, materialın, yaratma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

“Qızıl Fondunu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir. Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqda xoş təəssürat yaradıb.

Dmitri Livanovu Muzeylə tanışlıq zamanı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müşayiət edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 5.