Bütün
zamanların dahi bəstəkarı
“Üzeyir Hacıbəyli istisna
qabiliyyəti, görünməmiş fədakarlığı,
gözəl təhsili, erudisiyası, vətənpərvərliyi,
fəal ictimai-siyasi fəaliyyəti sayəsində
xalqımızın ehtiram bəslədiyi ən görkəmli
yaradıcı simalardan birinə çevrilib. O, dünya
korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə
təmsil edir”.
Heydər
ƏLİYEV
Bütün dövrlərdə dahi sənətkarların həyatı və yaradıcılığı, zəngin irsi daim insanların diqqət mərkəzində olur, onların ölməz əsərləri müasirlərini düşündürür, ictimaiyyət arasında müxtəlif fikirlər oyadır. Bu marağı zəmanənin heç bir axarı nə poza, nə də dəyişə bilir. Əksinə, onları xalqına daha da yaxınlaşdırır, hər kəsə xoş duyğular yaşadır. Üzeyir bəy Hacıbəyli məhz belə simalardandır. O, müasir Azərbaycan professional musiqi sənətinin və operasının banisi olmuşdur. Öz dövründə çox yüksək dəyərləndirilən “Stalin” mükafatı almışdır. “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülmüşdür. 1938-1948-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri olmuşdur. 1928-1929 və 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1945-1948-ci illərdə Azərbaycan EA-nın İncəsənət İnstitutunun direktoru vəzifəsində işləmişdir. Akademik, professor, əməkdar incəsənət xadimi, SSRİ xalq artisti Ü.Hacıbəyli 45 ildən artıq bir müddətdə yorulmadan milli musiqimizi inkişaf etdirmiş, onun nəzəri əsaslarını yaratmış, müasir ruhlu kadrlar yetişdirmiş, həm də bunu klassik vüsət və parlaqlıqla etmişdir.
Zaman keçdikcə bu şəxsiyyətin böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist dəyərləri hər zaman üçün tükənməz maraq doğurur. Onun yaşam tərzi, yaratdıqları indinin özündə də hamını valeh edir, daxilən zənginləşdirir. Üzeyir bəy illərin sərt sınağından, sosial sinfi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdən, ictimai-siyasi maneələrdən keçərək əbədiyaşarlıq qazanmış fədailərdəndir. Sənətin bir çox sahələrində öz istedadı ilə parlayan, silinməz izlər qoyan dahi bəstəkarın yaradıcılığı nəinki zamanın ruhunu, fikri mübarizəsini, eyni vaxtda estetik tələblərini, zövqünü, bədii düşüncəsini əks etdirir. Onun sənətinin dərinliyi, dolğunluğu isə bitkin bədii üslubda ifadə olunur. Bu üslub insanların mənəvi ehtiyaclarına cavab verir, onları təsiri altına alır, irəli aparır, daim ucaldır, yüksəldir. Ona görə də Üzeyir bəyin zəngin irsi Azərbaycan xalqının mədəni sərvətinə çevrilib.
Əsərləri dünya musiqi incisinin nümunələri hesab olunan bəstəkarın istedadı hərtərəfli, fəaliyyəti çoxşaxəli idi. Azərbaycanın himninin müəllifi, ilk milli operanın yaradıcısı idi. İstər musiqi sahəsində, istərsə də dramaturgiyada, publisistikada öz dəst-xətti ilə tanınmış, şöhrət tapmış, mətbuat tarixində silinməz izlər qoymuşdur.
Lakin tarix sübut edir ki, Üzeyir bəy kimi geniş istedada malik insanlar müxtəlif sahələrdə öz bilik və zəkalarını ortaya qoysalar da, bir sənətdə daha çox parlayırlar. Odur ki, biz də Ü.Hacıbəylini ilk növbədə dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi tanıyırıq.
Üzeyir bəy əslən Azərbaycanın mədəniyyət beşiyi adlandırılan Şuşa qəzasındandır. Atası Əbdülhüseyn Hacıbəyov böyük şairə və dövrünün tanınmış dövlət xadimi, xeyriyyəçisi Xurşudbanu Natəvanın mirzəsi idi. O, eləcə də Xan qızının Ağcabədidəki təsərrüfatını idarə edirdi. Bu səbəbdən ailə ilin çox hissəsini orada yaşamalı olurdu. Gələcəyin böyük dahisinin qismətinə də Ağcabədidə dünyaya göz açmaq düşür. Müəyyən müddətdən sonra anası Üzeyir bəyi də götürüb doğma yurduna - Şuşaya dönür.
Üzeyir bəy güclü köklərdən boy atmışdı. Sovet dönəmində ona sadəcə olaraq Üzeyir Hacıbəyov deyiblər. Yəni, adını və soyadını sadələşdirib bəylikdən uzaqlaşdırmaq istəyiblər. Amma Üzeyir bəy həqiqətən, əsil-nəcabətli ailədən, köklü nəsildən idi. Atası Əbdülhüseyn bəy dövrünün qabaqcıl ziyalısı idi. Anası Şirinbəyim xanım Qarabağda sayılıb-seçilən Əliverdibəyovlar nəslinin qızı idi. Şirinbəyimin qardaşı Ağalar bəy musiqinin dərin bilicisi idi. Üzeyirin də ilk musiqi müəllimi elə dayısı olmuşdu. O, ailənin dördüncü övladı idi. Hacıbəyovların hər üç oğlunun - Zülfüqarın, Üzeyirin və Ceyhunun gələcəkdə ədəbiyyat, musiqi və digər sahələrdə öz dəst-xətlərini göstərmələri təbii ki, gendən gəlirdi.
Üzeyir bəy Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində almışdı. Bu yurdun zəngin musiqi ənənələrinin, mühitinin onun gələcək sənət yollarında müstəsna əhəmiyyəti olmuşdu.
İstedadı, həyata münasibəti, fikirləri, düşüncələri ilə gənc Üzeyirin dünyagörüşünün formalaşmasında 5 il (1899-1904) təhsil aldığı Qori Müəllimlər Seminariyası böyük rol oynamışdı. Məhz bu illərdə o, qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdu. Burada onun gələcək həyat yolunu müəyyənləşdirən bir çox hadisələr baş vermişdi. Belə ki, seminariyada oxuduğu zaman Üzeyir bəy Avropa musiqi klassiklərinin əsərlərini öyrənir, skripka və baritonda çalmağa başlayır, xalq mahnılarını nota köçürür.
Onun tələbəlik illərinin mühüm hadisələrindən biri də Müslüm Maqomayevlə tanışlığıdır. Bu tanışlıq dostluğa, sonralar qohumluğa çevrilir. Hər ikisi Terequlovlar ailəsindən qız alır.
Təhsilini bitirdikdən sonra gənc müəllim Cəbrayıl qəzasının Hadrut kənd məktəbində işləyir. Rus dili, hesab, tarix və musiqi fənlərini tədris edir. Daha sonra isə Bakıya gəlir. Burada həm müəllim kimi çalışır, həm də ədəbi-publisistik fəaliyyətə başlayır.
1911-ci ildə Moskvada musiqi təhsili alan bəstəkarın qismətinə yenidən Bakıya qayıtmaq düşür.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlamışdır. O dövrün “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində çıxış etmişdir. “Molla Nəsrəddin” jurnalı da onun yaradıcılığında mühüm yer tutmuşdur.
Gələcəyin dahi bəstəkarı ilk növbədə jurnalist və publisist kimi qələmini ən müxtəlif mövzularda sınamışdır. Çoxsaylı məqalələr, felyetonlar, satirik miniatürlər, oçerklər, parodiyalar və s. yazmışdır. Tədqiqatçıların qənaətinə görə, Üzeyir bəy 65-dən çox gizli imza ilə çıxış etmişdi. Belə ki, o, “Filankəs”, “Bəhmənkəs”, “Bikəs”, “Bir şəxs”, “Adı bəy, özü Filankəs” kimi imzalardan istifadə edib. Onların arasında məzəli olanları da var idi. Bəzi imzalar isə oxucunu müəllifin şəxsiyyəti barədə düşünməyə vadar edirdi. Məqalə və felyetonlarının altından ən çox yazdığı imza isə “Filankəs” olub.
Qeyd edək ki, satirik gülüş, yumor Üzeyir bəyin həm təbiətinin, həm də yaradıcılığının, o cümlədən publisistikasının mayasını təşkil edirdi. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton onun ədəbi irsində əhəmiyyətli yer tuturdu.
Üzeyir bəyin zəngin yumoristikası vaxtilə mətbuat səhifələrində “Ordan-burdan”, “O yan-bu yan” rubrikası altında dərc etdirdiyi yazılarda özünü aydın göstərirdi. Onun “Bazar söhbəti”, “Məzhəkə”, “Təhsil” kimi satirik hekayələrini, “Rəfiqimdən məktub”, “Üçüncü dəllək”, “Məclisimizin duzu”, “O, heç”, “Tərəqqi və gerilik”, “Ha fikir edirəm, başa düşmürəm!” felyetonları dövrünün ən mühüm problemli məsələlərinə həsr edilmişdir. Həmin yazılar publisistik məziyyətləri, ictimai-siyasi məzmunu və bədii dəyərləri ilə seçilirdi. Bu silsilədən olan məqalələrdə Üzeyir bəy Bakı Şəhər Dumasının “fərsiz deputatlarını” rüsvay edir, tutduqları mənsəbə layiq olmadıqlarını, siyasi mövqelərinin sürüşkənliyini, saxtalığını açıb göstərirdi. Fəaliyyətsiz “qlasnıları” barsız ağaclara bənzədirdi.
Üzeyir bəy Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə hərtərəfli tanış olduqdan sonra onun ayrı-ayrı qollarının bir mənbədən qaynaqlandığını, hamısının da bir-birinə sıx bağlı olduğunu yəqin edirsən. Müəllifin “Dövlət Duması”, “Ata və oğul”, “Kələkbazlar”, “Üçüncü dəllək”, “Məzhəkə”, “Müalicə”, “Moizə” və digər qaravəlli və satirik miniatürlərini oxuduqca aydın olur ki, bunlar ədibin sonrakı möhtəşəm əsərlərinin bir növ müqəddiməsidir. Bu yazılar həm də Üzeyir bəyin qorxmaz, cəsarətli bir insan olduğunu təsdiqləyir. Onun böyük istedadının bir göstəricisi də odur ki, əsərləri hansı zamanda oxunsa, sanki həmin dövrün qüsurlarını, problemlərini açıqlayır.
Üzeyir bəyin felyetonları elə güclü təsir qüvvəsinə malik idi ki, onların ucbatından bəzən hökumət qəzetləri belə bağlayırdı. Məsələn, Əhməd bəy Ağayev 1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə əlaqədar elan olunan 17 oktyabr manifestindən sonra yeni qəzet açmışdı. Nəşrini dörd il davam etdirən həmin “İrşad” qəzetinin bir sıra nömrələri məhz Üzeyir bəyin redaktorluğu ilə dərc olunmuşdu. Lakin bundan da çox maraq doğuran fakt odur ki, qəzet iki dəfə Üzeyir bəyin felyetonlarının toxunduğu məsələlərin yuxarı dairələrə xoş gəlmədiyindən nəşrini dayandırmışdı.
İlk dəfə “Stolıpin xəyalı” felyetonu səbəbindən bağlanan “İrşad”ın yenidən çıxması mümkün olur. İkinci dəfə isə “Nağıl” felyetonu onun birdəfəlik bağlanması ilə nəticələnir.
Üzeyir bəyin publisistik yaradıcılığının ən qızğın dövrü 1905-1915-ci illərə təsadüf edir. Əslində, bu, həmin dövrün tələbi idi. Çünki həyatdan doğan problemlərə, gündəlik vacib suallara operativ cavab verəcək ən münasib janr məhz publisistika idi.
Ü.Hacıbəylinin məhz bu dövr publisistikasını qısaca səciyyələndirməli olsaq, bunu deyə bilərik: O, özünün çoxsaylı publisistik əsərləri ilə Azərbaycan xalqının həyatının, mübarizəsinin, qabaqcıl ziyalılarının demokratik görüşlərini, təfəkkürümüzün ən müxtəlif sahələrini və problemlərini işıqlandırırdı. Zamanın, o cümlədən Rusiyanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ortaya atdığı məsələlərə öz münasibətini bildirirdi. Üzeyir bəyin publisistikası demək olar ki, onun ən çox “Arşın mal alan”, “Məşədi İbad”, “Ər və arvad”dakı satirik surətlərinin yaranmasına böyük bir hazırlıq məktəbi olmuşdu. Dahi bəstəkarın komediyalarındakı mütərəqqi, demokratik fikirlər, köhnə həyatı və geriliyi təmsil edən obrazları tənqid, zülmkar təbəqələrin nümayəndələrinə qarşı satirik gülüş öz başlanğıcını publisistikadan alırdı.
Üzeyir bəy qələmini tərcümədə də sınamışdır. O, böyük rus yazıçısı Qoqolun “Şinel” əsərini dilimizə çevirmişdir. Cəlil Məmmədquluzadə tərcüməni çox bəyənmiş və 1909-cu ildə “Tərəqqi” qəzetində bu barədə yazmışdır.
1919-cu ildə “Azərbaycan” qəzetinə redaktorluq etməyə başlayanda Üzeyir bəy Hacıbəyli artıq peşəkar jurnalist idi. O, redaktorluğu dövründə də qəzetin səhifələrində müxtəlif imzalarla çıxış edirdi. Cümhuriyyətin həyatı qəzetdə hərtərəfli işıqlandırılırdı. Üzeyir bəy tutarlı yazıları ilə gənc, müstəqil respublikanın düşmənlərinə cavab verir, ermənilərin törətdikləri qırğınlardan bəhs edir, xalqa öz dostunu da, bədxahını da tanıdırdı. O, “Azərbaycan” qəzetinə qara yaxanlara, böhtan atanlara da özlərinə layiq cavab verirdi. Məqalələrinin birində yazırdı: “Danışırlar ki, “Azərbaycan” qəzeti guya Müsavat Partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu barədə onu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. “Azərbaycan” qəzetinin məsləki vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Qəzetdəki fəaliyyətində də Ü.Hacıbəyli özünü istedadlı, dərin düşüncəli və ideyalı bir publisist kimi göstərmişdir. Təsadüfi deyil ki, onun mətbuatda 900-ə yaxın məqalə və felyetonları çap olunmuşdur ki, bunlardan 100-dən çoxu “Azərbaycan” qəzetinin payına düşür.
Üzeyir bəy həm gündəlik hadisələrdən bəhs edir, həm perspektivə diqqət yönəldir, qaranlıq mətləblərə işıq salırdı. Onun hər gün baş verən cari hadisələrə də baxışı fərqli idi, onları səlis publisistik üslubda qələmə alırdı. Misal kimi, müəllifin cümhuriyyət dövründə “Təəssürat” başlığı ilə yazdığı məqalələri göstərmək olar.
Ölkəmizin bugünkü inkişafı bütün dünyanın diqqətini cəlb etdiyi, bu yüksəlişi çoxlarının gözünün götürmədiyi bir dövrdə istər-istəməz Ü.Hacıbəylinin “Bayrağımız sarsılmaz” yazısı yada düşür. Yazı həcmcə kiçik olsa da, mənaca dərin, publisistik nöqteyi-nəzərdən çox dəyərlidir. Buradakı hər sətri, hər fikri Ü.Hacıbəylinin publisistikasına epiqraf kimi də götürə bilərik. “Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır”.
Maraqlıdır ki, bu yazını dönə-dönə oxumaq istəyirsən. Sanki bununla günümüzün reallıqları bir daha gündəmə gətirilir. Budur Üzeyir istedadının, bəlkə də heç bir izaha, şərhə ehtiyacı olmayan gücü!
“O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər; ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında həqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istiyorlar...
Əbəs zəhmət!
O ağac sınmaz, o nur sönməz, o əl dönməz! Çünki bayrağımız həqq bayrağıdır. O, hər millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa həqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!
Nahaq səy!
Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməgə qadir olmuş bir millətin həqq və hürriyyət bayrağı enməz, sarsılmaz!”
Hansı janrda və hansı mövzuda yazmasından asılı olmayaraq Üzeyir bəyin qələminin məhsulu diqqəti həmişə cəlb edir. Bu baxımdan onun məktubları da çox maraqlıdır.
Üzeyir bəy ən çox qürbətdə yaşayan qardaşı Ceyhunla məktublaşıb. Yeri gəlmişkən qeyd edək ki, qardaşına yazdığı məktubları Ü.Hacıbəyli publisistikasının bir qolu kimi də dəyərləndirmək olar.
1908-ci ilin yanvarında Ü.Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında tamaşaya qoyduğu “Leyli və Məcnun” operası bütün müsəlman Şərqində opera sənətinin bünövrəsinə çevrilir. “Leyli və Məcnun”dan sonra - 1909-1915-ci illərdə bəstəkar “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını yazır.
1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsinə çevrilir. Bu opera həqiqətən, Azərbaycan opera sənətinin nadir incilərindəndir. Burada bəstəkar ilk dəfə olaraq klassik opera formasına riayət etməklə yanaşı, bütün ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri və s. yaratmışdır. “Koroğlu”da yeniliklər çox idi. Bəstəkar simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək ayrı-ayrı parçaların, ariyaların rəngarəng səslənməsinə nail olmuşdur.
“Koroğlu” ilə Ü.Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaradan bir bəstəkar olduğunu sübut etdi. Bu, bir həqiqətdir ki, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirdi. Bununla da o, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirdi.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə “Arşın mal alan” və “Koroğlu” böyük marağa səbəb olur. SSRİ-nin rəhbəri İ.V.Stalin hər iki əsərə tamaşa edir və onlara yüksək qiymət verir. O, “Koroğlu”nu vaxtında yaradılmış opera kimi dəyərləndirir və Üzeyir bəyə deyir: “Bir yox, iki belə opera yaratmaq lazımdır”.
Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Həmin məclisdə Üzeyir bəy Hacıbəyliyə yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir. Stalin Üzeyir bəylə xeyli söhbət edir və söhbət əsnasında “Arşın mal alan”a hələ Gürcüstanda olarkən baxdığını bildirir.
Məşhur bəstəkar Qara Qarayev Üzeyir bəy dühasını belə dəyərləndirib: “Azərbaycan opera sənətinin inkişafı öz qüdrətli istedadını xalqa sərf etmiş Üzeyir bəy Hacıbəylinin adı ilə qırılmaz tellərlə bağlıdır. Üzeyir bəy Hacıbəyli bütün Yaxın Şərq aləmində ilk opera olan “Leyli və Məcnun”, eləcə də ən yaxşı operalarından biri, Azərbaycan mədəniyyətinin gözəl incilərindən sayılan “Koroğlu”nun müəllifidir. Gözəl bəstəkarımızın yaradıcılıq yolu heç bir zaman dinclik bilməyən, daim musiqi yaradıcılığının yüksəkliklərinə can atan, öz sənətkarlığını yorulmadan cilalandırmağa çalışan böyük bir istedadın inkişafını əks etdirən parlaq bir nümunədir”.
Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. O da təsadüfi deyil ki, məhz “Koroğlu”dan sonra Üzeyir bəy “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülür.
Ü.Hacıbəylinin üç şedevr musiqili komediyası var ki, onlara sevilə-sevilə tamaşa edilir, həmişə də yadda qalır. Bunlar “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan”dır.
“Arşın mal alan”ın uzunömürlülüyünü və şöhrətini sübut etmək üçün bir neçə faktı göstərmək kifayətdir: bu operetta 70-ə yaxın xarici dilə tərcümə olunub, 100-dən çox teatrın səhnəsində oynanılıb, beş dəfə ekranlaşdırılıb.
Üzeyir bəyin xüsusilə musiqili komediyalarında obrazların bədii təsir prinsipi əsas yer tutur. Bu komediyaların ədəbi mətninin bəstəkarın özü tərəfindən yazılması da onun böyük istedadını təsdiqləyən faktdır. Həmin əsərlərdə müəllif olduqca canlı səhnələr, yaddaqalan obrazlar, dildən-dilə düşüb söylənilən komik vəziyyətlər yaradır. Üzeyir bəyin komediyalarında süni heç nə yoxdur, ən kiçik epizodlar da həyatın bir parçasıdır.
Bəstəkar irihəcmli əsərlərlə yanaşı, bəstəkar çoxsaylı mahnı və romanslar da yazıb. Xor, orkestr üçün əsərlərini və kamera instrumental musiqisinin xoreoqrafik miniatürlərini də yada salsaq, onun necə geniş diapazona malik sənətkar olduğunu aydın görərik. Bu isə nadir sənətkarlara qismət olan istedad və xoşbəxtlikdir. Yazıçı Anar bunu belə səciyyələndirib: “Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq beşqat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxmışdır, o həm də musiqiyə tamamilə yeni janrlar gətirmişdir. Muğam operası da bu qəbildəndir, ənənəvi operettalardan əsaslı şəkildə fərqlənən, azəri musiqisində yaranmış və təşəkkül tapmış orijinal musiqili komediyalar - “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” da, xalq çalğı alətləri orkestri üçün yazılmış fantaziyalar da...
“Sevgili canan” və “Sənsiz” də ümumi romans anlayışlarından bir sıra spesifik xüsusiyyətləri ilə ayrılan, tamamilə yeni bir janrın örnəkləridir - musiqili qəzəl janrının. Əgər ədəbi qəzəl milli şeirimizin ən populyar janrlarındandırsa və bu janrda minlərlə şair qələmini sınamışdırsa, musiqili qəzəllərin ilk örnəyini Üzeyir bəy yaratmışdır”.
Üzeyir bəyin ömür yolu hamar olmamışdır. Yaradıcılığa başladığı ilk vaxtlardan əsərlərinin üslubu, xüsusiyyətləri ətrafında mübahisələr getmiş, hətta onu ittiham da etmişlər. Bir qrup bəstəkarı xalqın mənəviyyatına, ruhuna zidd mövqe tutmaqda, ondan uzaqlaşmaqda günahlandırırdı. Digərləri isə tutduğu istiqamətin onu məhdudluğa apardığına, folklor dairəsindən çıxa bilmədiyinə, musiqinin primitiv və müasirlikdən uzaq olduğuna görə qınayırdılar. Lakin istər əsl mütəxəssislərin fikrinə, istərsə də zamanın təsdiqlədiyi gerçəkliyə görə bu baxışların hər ikisi yanlış idi.
Bəstəkarın istedadı böyük olduğu kimi, iradəsi də möhkəm, məsləki də aydın idi. O, istənilən hücumlara cavab verməyə hazır və qadir idi. Yeri gəldikdə belə də edirdi. Məsələn, məqalələrinin birində yazırdı: “Teatr tamaşaları bizim həyatımıza yalnız əxlaqi cəhətdən təsir etməmişdir, o, eyni zamanda insanın təbiətində olan estetik duyğunu da qidalandırmalıdır. Deməli, hər bir səhnə əsərində əxlaqi keyfiyyətdən əlavə bədii keyfiyyət də olmalıdır. Musiqi əsərlərində bədii keyfiyyət - musiqidə, dramatik əsərlərdə isə şeirdə və bədii sözlərdə ifadə olunur. Camaatın arasında səhnə sənətinin bu və ya digər növünə olan tələbat da buradan doğur”.
Təkcə musiqili səhnə tamaşalarının tərəfdarı olmadığını vurğulayan Üzeyir bəyin fikrincə, “ictimai tərbiyə üçün faciə də, dram da, komediya da, opera da, operetta da lazımdır!”
Üzeyir bəy neçə-neçə bəstəkarın, müğənninin müəllimi olub. Bu müəllimlik təkcə auditoriyada keçilən dərslə məhdudlaşmır. Üzeyir bəy Hacıbəylinin əsərləri, bütün yaradıcılığı görkəmli sənətkarların, o cümlədən aktyorların yetişdiyi məktəb idi.
Böyük rus bəstəkarı Dmitri Şostakoviç onun bu məziyyətindən də söhbət açıb: “Böyük istedada malik bəstəkar, görkəmli Azərbaycan xadimi Üzeyir Hacıbəyli bütün ömrünü Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etmişdir. Onun şagirdləri və davamçıları - Azərbaycan bəstəkarları - layiqli olaraq musiqi incəsənətində görkəmli yerlərdən birini tuturlar. Bu işdə Üzeyir Hacıbəylinin çox böyük xidməti vardır”.
Üzeyir bəyi sevənlər kimi, düşmənləri də az olmayıb. Gözü götürməyənlər arasında bədxah qonşularımız - ermənilər üstünlük təşkil edib. 1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri Mart qırğınları zamanı daşnaklar Üzeyir bəyin evini gülləbaran etmişlər.
Sovet hakimiyyətinin ilk illərində də Üzeyir bəyin başı üstündə qara buludlar dolaşırdı. Onu həbs və güllələnmək gözləyirdi. Lakin... Bəstəkarın həyat yoldaşı Məleykə xanımın təhlükəsizlik orqanlarında işləyən qardaşı Hənifə Terequlov güllələnməsinə hökm verilmiş 59 nəfərin siyahısında yeznəsinin adını görür. Bu xəbər tezliklə N.Nərimanova çatdırılır. Tədqiqatçıların yazdıqlarına görə, o zaman Bakı Soveti İcraiyyə Komitəsinin sədrindən vətəndaş müharibəsi dövründə şəhərdə tamaşa vermək imkanından məhrum olan Hacıbəyov qardaşlarının truppasının İrana qastrola getməsi üçün icazə alınır. Ailəsi, anası və teatr truppası ilə İranın Gilan vilayətinə gedən Üzeyir bəy o zaman həm özünün, həm də yaxınlarının həyatlarını təhlükələrdən xilas edir.
Erməni millətçiləri Üzeyir bəyə zərbə vurmağa həmişə fürsət axtarırdılar. 1939-cu ildə Moskvada İttifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir və Stalinin göstərişinə əsasən münsiflər heyətinə Ü.Hacıbəyli başçılıq edir. Bakı erməniləri bundan qıcıqlanaraq “yuxarı”ya məktub yazırlar ki, guya Hacıbəyli qeyri-millətlərin nümayəndələrinin müsabiqədə iştirakına mane olur. 1930-cu illər üçün bu, ən ağır ittiham idi. Üzeyir bəyin şəxsi katibi və yaxın qohumu Ramazan Xəlilov xatirələrində yazır ki, Molotov ona ünvanlanan bu məktuba dərkənar qoyaraq bəstəkara göndərir: “Özünüz həll edin”. Bu böhtan bəstəkarı özündən çıxarır və o, böyük stress keçirir və əsəbdən şəkər xəstəliyinə tutulur.
Ü.Hacıbəyli yaradıcılığının çiçəkləndiyi bir dövrdə dünyasını dəyişir. 1948-ci il noyabrın 23-də, 63 yaşında vəfat edir. O, həyatının son günlərində “Firuzə” operası üzərində işləyirdi. Bu yarımçıq əsərdən qalan təkcə Firuzənin ariyasıdır. Kim bilir, əgər ömür vəfa etsəydi, hələ neçə əsərlər yaradacaqdı...
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 6.