“Faust” operası və 4 dirəyin üstündə ucalan ev haqqında

 

Bir turistin Azərbaycana səyahətindən doğan təəssüratları

 

Azərbaycanın qısa müddət ərzində keçdiyi böyük inkişaf yolu bütün dünyanın diqqətini özünə cəlb edir, ölkəmizə turist kimi gələnlərin sayı getdikcə artır. Bizə qarşı aparılan böyük əks-təbliğat kampaniyalarının aramsız dalğalarına baxmayaraq Azərbaycan iqtisadi çiçəklənməsi, müasir memarlığı, qeyri-adi tolerantlığı və mehriban, üzügülər insanları ilə minlərlə əcnəbini özünə cəlb edir, onların yaddaşında sivil, müasir ölkə kimi həkk olunur. Tələbə dostunu Bakıya dəvət edən müxbirimizin  qeydlərini oxuculara təqdim edirik:

30 illik ayrılıqdan sonra tələbə yoldaşım İqor Suxanovu Bakı hava limanının yeni korpusunda qarşılayanda mənimlə görüşdükdən sonra heyrətlə ətrafına baxır:

- Teatr asılqandan, şəhər isə hava limanından başlayır. Bu, dünyanın ən gözəl aeroportlarından biridir. Əfsanəyə, nağıla bənzəyir. Çox gözəldir, valehedicidir.

 Hal-əhval tutub, taksiyə minərək şəhərə qayıdırıq. Müasir yolları, yeni göydələnlərı dostum maraqla seyr edir:

- Azərbaycanda ilk dəfə 1985-ci ildə olmuşam. 30 il keçib. Onda “Komsomolskaya pravda” qəzetindən ezamiyyətə gəlmişdim. Bakı digər sovet şəhərlərindən fərqlənsə də, belə müasir deyildi. Elə bil aradan yüz il keçib. Bugünkü Bakı ilk baxışdan hiss olunur ki, fərqli və bənzərsiz şəhərdir.

İqorla Lomonosov adına Moskva Dövlət Universitetində eyni kursda oxumuşuq. Rusiyanın məşhur nəşrlərində işləyib, “Komsomolskaya pravda”nın müxbiri olub, sonralar 4,7 milyon tirajla çıxan qəzetə başçılıq edib. İşi haqqında bütün ruslar kimi bir qədər təvəzökar danışır, ötüb keçən adi xatirələr kimi.

Evə girən kimi, tələsik səfər çantasını açır, böyük bir afişanı açıb evin döşəməsinə sərir:

- Bakıya gəlişimin əsas səbəbini deyib səni heyrətləndirmək istəyirəm. Oxu!

Afişada rus dilində yazılıb. Oxuyuram: “Bakı Opera və Balet Teatrında “Faust” operasında Mefistofel rolunu Aleksandr Suxanov ifa edir”. Ən maraqlısı isə “Faust”un səhnədə oynanıldığı il və gün idi - 26 fevral 1965-ci il!

- İqor, 50 il əvvəl bizim opera teatrından asılan afişa sənin əlinə haradan düşüb? Suxanov deyəsən qohumunuzdur. - Təəccübümü gizlədə bilmirəm.

- Qohumdan artıqdır. Aleksandr Suxanov mənim doğma atamdır! Onun gözəl səsi var idi. Sonralar məşhurlaşdı, Böyük Teatrda oxudu. Amma taleyi gətirmədi. Dünən anam Bakıya gedəcəyimi biləndə əl-ayağa düşdü. Onun 87 yaşı var. Gecə səhərə kimi yatmayıb, sənədlərin arasında bu afişanı axtarıb tapıb, xahiş etdi ki, bunu teatrın muzeyinə bağışlayım.

Adi teatr afişasını 50 il qoruyub saxlaya bilən anaya da, onu qiymətli bir muzey eksponatı kimi Bakıya gətirən oğula da qəlbimdə rəğbət hissi oyanır. Süfrəyə oturub, “üç bacı dolması” ilə şam edirik. İqor danışır ki, birinci dəfə Azərbaycana gələndə yadında qalan yol boyu sıralanan çayxanalar olub, hamısında da nədənsə milli musiqini lap ucadan qoyardılar:

- Birinci dəfə Lənkərana getdik. Orda rayon rəhbərliyi bizə böyük bir ziyafət verdi, cavan olduğum üçün hamı mənə sən deyərək adımla çığırırdı. Sağlıq deyirdilər, heç nə başa düşmürdüm. Mənə də söz veriləndə ayağa durub babamdan danışdım. Dedim ki, o şimalda yaşayıb və onun vətənində evlər uçmasın, batmasın deyə ağac dayaqların üstündə tikiblər. Orda torpaqlar bataqlıq kimi hər şeyi çəkib aparır. Ona görə babam həmişə deyərdi ki, dörd dirək üstündə tikilən ev heç vaxt yıxılmaz. Sovet ittifaqı da 4 sütun üstündə ucalan ev kimidir. Lakin bu sütunların sayı 4 yox, 15-dir. Onların içində ən möhkəmi isə Azərbaycandır. Mən badəni Azərbaycanın şərəfinə qaldırdım.

Həmin illərdə Heydər Əliyev Siyasi Büronun üzvü idi və Azərbaycanı da məhz ulu öndərin şəxsi nüfuzuna görə Sovet İttifaqının tərkibində əlahiddə statusa malik ən güclü respublikalardan biri kimi qəbul edirdilər. Bu sağlıq da Sovet İttifaqından daha çox Azərbaycana ulu öndərin gətirdiyi şöhrətə ünvanlanırdı.

 İqor xatırlayır ki, onun sağlığını xeyli alqışladılar və özünə də artıq “sən” yox, “siz” deyə müraciət etdilər. Suxanov gülümsəyərək əlavə edir:

 - Məni gəzdirən sürücü isə deyirdi ki, sənin familiyanda iki Azərbaycan sözü var: su və xan. Nəzərə al ki, mən suların xanıyam.

Bir qədər xatirələri vərəqlədikdən sonra ayağa durub İqorun atası Aleksandrın yarım əsr bundan əvvəl oxuduğu Opera və Balet Teatrını ziyarətə gedirik. İqor soruşur ki, gec deyilmi? Cavab verirəm ki, Bakı günün istənilən vaxtında gözəl görünən şəhərdir. Burda heç vaxt, heç yerə gecikmirsən. Hər saatın özünə məxsus gözəlliyi var.

Sakit, xatirələrin qanadlandığı kövrək bir gecədir. Opera və Balet Teatrının yanında, şəhərin mərkəzindəyik. Ona əvvəl atasının birinci dəfə oxuduğu teatrın qəribə və maraqlı tarixçəsini danışdım. 1910-cu ildə Bakıya məşhur bir opera müğənnisi gəlir. Onun konsertlərinə şəhərin varlıları, zadəganları yığışırmış. Bakı milyonçularından Mailov qardaşlarından biri müğənniyə aşiq olur, onun şərəfinə ziyafətlər, məclislər təşkil edir. Belə məclislərin birində maraqlanırlar ki, bir də müğənninin bu cənub şəhərinə yolu düşəcəkmi? Hər şeyə görə minnətdarlığını bildirən xanım onun səsinə layiq zalın olmadığı üçün bir daha buralara dönməyəcəyini bildirəndə Mailov israrla müğənnini bir ildən sonra qonaq dəvət edir: “Söz verirəm ki, sizin səsinizə və gözəllyinizə layiq opera teatrını tikəcəyik”. Söhbətdən xəbər tutan Bakı milyonçularından Zeynalabdın Tağıyev Mailovu keçmiş bənna, kərpici dalında daşıyan usta kimi başa salır ki, bu, mümkün deyil. Mərcləşirlər ki, opera teatrı bir ilə tikilərsə, bütün xərcləri Tağıyev ödəyəcək, bina da Mailova qalacaq. Əgər alınmasa, Mailov işləri başa çatdıracaq, bütün xərcləri ödəyəcək, binanı da Tağıyevə hədiyyə edəcək. İl başa çatmamış Tağıyev mərci uduzur.

İqor maraqla qulaq asır, fotoaparatını çıxarıb dayanmadan kameranı şaqqıldadır və deyir: “Rəqamsal kameranın üstünlüyü ondadır ki, pis fotoqraf olsan da, yüz şəkildən biri uğurlu alınır”.

Nizami küçəsindən - keçmiş Torqovıdan Fəvvarələr bağına, oradan Dənizkənarı Milli Parka çıxırıq. Bakı bulvarının tarixini, Bakı qoçularından “piştonçu” və “mauzeristlər”dən, sovet dövründən və müasir paytaxtdan bildiklərimi danışıram. Hər şey onun üçün maraqlıdır. Binalar, insanlar, keçmiş və müasir Bakı. Fərqlər onda heyrət doğurur, fotokamerası da aramsız olaraq işləyir.

Həftənin şənbə, bazar günləri Quba ilə Qusara yola düşürük. Axşam Qusarda Lermontovun ev muzeyinə baş çəkirik, Olimpiya idman kompleksinə dəyib, Quba gecələrinin ziyarətinə gedirik. Dostum gecə gördüklərinə heyrətlənir ki, Rusiyanın özündə 30-50 min əhalisi olan kiçik şəhərlərdə belə möhtəşəm tikililərə rast gəlmək mümkün deyil. Belə memarlıq nümunələri yalnız böyük şəhərlərə xasdır. Kiçik şəhərlər isə bir qədər sadə və dəbdəbəli deyil. Bir də onu ölkənin hər yerində dalğalanan bayraqlar valeh etdi: “Bu, yaxşı ənənədir, bayrağını göylərə qaldıran xalq qürurlu olur” - deyir. Biz onunla Qubada, Qusarda Bakının müxtəlif yerlərində projektorların işığında dalğalanan bayraqları şövqlə seyr etdik.

Turisti müşayiət etmək, əcnəbi səyyahın gözləri ilə öz ölkənə baxmaq maraqlıdır. Onun nəyə diqqət yetirdiyini görürsən. Tələbəlik yoldaşım demək olar ki, hər şeylə və hamı ilə maraqlanırdı: insanlar, binalar, memarlıq abidələri, tarixi yerlər, hadisələr. Milli adət və ənənələr, xörəklər.

Axşam ata yurdunda soyuq da olsa, İqorun xahişi ilə həyətdə ay işığında otururuq. Süfrənin, lavaşın, bədirlənən ayın və közərən manqalın şəklini çəkir. Hər şeyə fikir verir, qardaşımın oğlu rus dilini bilməsə də, İqorun xoşuna gəlir, gözləri atasının ağzındadır deyir, əmrlərinə hazır dayanıb. Özü də belədir, 87 yaşlı anasına gündə iki dəfə zəng edir, hal-əhval tutur. Anası nədənsə narahat olan kimi mehriban səslə sakitləşdirir. Deyir ki, anam sağlamdır, özü bişirib-düşürə bilir, lakin mənim hazırladığım xörəkləri çox sevir və mən də onu bu zövqdən məhrum etmirəm. İstədiyi vaxt istədiyi xörəyi bişirirəm.

 Səhər dağlara çıxırıq. Qırız Dəhnə kəndini görən kimi italiyalı fotojurnalist dostuna zəng edir ki, nə yatmısan orda, dünyanın ən gözəl mənzərələri Azərbaycandadır. Bizi qiyabi tanış edir ki, əlaqələrimiz qurulsun. Sonra mənə Sarbon Universitetindən professor dostunun ünvanını verir ki, Azərbaycan tolerantlığı ilə bağlı tədqiqatları var. Geri dönüb Qubada parkda çay içirik, hərbi alman əsirlərinin tikdiyi məşhur pilləkənlərdən yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə düşürük. Lazer adında yaşlı bir yəhudi Qubanın dünyanın ən gözəl yeri olduğunu deyir:

- Uşaqlarım Moskvada, Amerikada yaşayır. Amma heç birinin yanında qala bilmirəm, bir ay qalan kimi dözmürəm, geri qayıdıram. Bura dünyanın ən gözəl yeridir. Qırmızı qəsəbəyə isə biz yəhudilər öz aramızda kiçik Yerusəlim deyirik.

Lazer bizi qonaq çağırır, təşəkkür edib ayrılmaq istəyirik. Bu arada bir neçə yəhudi yaxınlaşıb, söhbətə qoşulur. Azərbaycan, yəhudi və rus dillərində danışanlar bir-birinə qarışır. İqor təəccüblənir ki, bəyəm hamınız bir-birinizin dilini bilirsiniz?

Qubada vaxtın darlığından istədiklərimizin onda birini ona göstərə bilmədim. Bakıya qayıdırıq. İqor heyrətini gizlətmədən deyir ki, mən əyalət görmədim, rayonlarınız da Bakı qədər gözəldir, məmnuniyyətlə köçüb belə bir yerdə yaşayardım.

Sonrakı iki günü isə tələbə dostum Bakını özü gəzdi. Planşetində proqram var, mən sadəcə telefonla istiqamət verirdim, o da lazım olan ünvana gedirdi. 3 dəfə Opera və Balet Teatrına anasının verdiyi afişanı aparsa da, teatr bağlı olduğundan kimsəni görə bilməyib. Şəhidlər xiyabanından Heydər Əliyev Mərkəzinə piyada gedib. “Belə gözəl şəhərdə taksiyə minmək axmaqlıq olardı, gərək ayaqla gəzəsən, hər şeyi də öz gözlərinlə görəsən” - deyir. Moskvaya uçanda isə məni öz evinə qonaq çağırdı, evimin ikinci mərtəbəsi sənindir, nə vaxt istəsən qardaşlarınla gələ bilərsən. Anam çox sevinər.

Tələbəlik dostumu aeroportdan Moskvaya yola salanda bu görüşlərin baş tutmasının iki səbəbini xatırladıq. Əgər internet olmasaydı, kimisə tapmaq, əlaqə qurmaq çətin olardı. Ötən ilin sentyabrında isə kurs yoldaşımız, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir İliç Tolstoy Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin 1984-cü il məzunlarının görüşünü təşkil etdi. Sonra isə hamını ulu babası, böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoyun muzey-malikanəsinə - Yasnaya Polyanaya dəvət etdi.

O görüşə bir qədər könülsüz getmişdim. Sözün düzü inanmırdım ki, aradan 30 il keçəndən sonra Moskvada kiminsə yadında qalmışam. Lakin  gecə saat 1-də aeroporta düşən kimi aramsız zənglər gəldi, soruşurdular ki, çatmışammı, haradayam, hamı qonaq çağırırdı, gözləyirdilər. Qrup yoldaşım Andrey Redkin təzyiqi 160-ı keçsə də, gecə yarısı təyyarə limanına gəldi: “30 ildir yolunu gözləyirəm, buradamı qalmalısan?”

Yasnaya Polyanada iki gün qaldıq, bir daha yenidən tanış olduq, tələbəlik illərini yada saldıq. Bu görüş hamımızı yenidən bir-birimizə bağladı. Məni təəccübləndirən o idi ki, hamı Azərbaycanla maraqlanırdı, uğurlarımıza sevinirdilər, Bakıya gəlməkdən ötrü əksəriyyətinin ürəyi çıxırdı. Bir daha dərk etdik ki, biz ayrı-ayrı ölkələrdə yaşasaq da, fərqli insanlar olsaq da, ümumi keçmişimiz və xatirələrimiz var. Rusiya Prezidentinin müşaviri babasının malikanə-muzeyində bizi övladları ilə qarşıladı, qeyri-adi qonaqpərvərlik göstərdi. Sən demə, o, aradan 30 il keçsə də hamımızı yaxşı xatırlayırdı və heç kimi, heç nəyi unutmamışdı. O vaxtdan bir ildən artıq vaxt keçib. İndi hamı məktublaşır, bir-birinə qonaq gedir. Bakıya gəlmək isə hamının arzusudur. 4-5 nəfər gəlib, qalanları növbə tutublar. İndi Yasnaya Polyanadan sonra Moskvaya getsəm bilirəm ki, üzümə qardaş kimi qapısını açan dostlarım var, onlar üçün də Bakı qərib və uzaq şəhər yox, yaxın dostlarının vətənidir.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 7.