İmamzadə ziyarətgahı
simasını dəyişir
Ölkəmizin
dövlət müstəqilliyini yenidən bərpa etməsi
bir sıra taleyüklü problemlərin həlli ilə
yanaşı, milli-mənəvi dəyərlərimizə, o
cümlədən müqəddəs dinimizə münasibətin
istiləşməsinə də müsbət təsirini
göstərib. Ölkə rəhbərliyi tərəfindən
bu məsələlər daim diqqətdə saxlanılıb.
Ümumilikdə
isə ölkəmizin müxtəlif bölgələrində
olan qədim məscidlərin, tarixi-memarlıq abidələrinin
bərpası və yenidən qurulması ilə bağlı
imzalanan çoxsaylı fərman və sərəncamlar
milli-mədəni irsimizə qayğının bariz nümunəsinə
çevrilib.
Dövlətin
dəstəyi və hərtərəfli qayğısı ilə
əhatə olunan belə məkanlardan biri də Gəncə
şəhəri ərazisində yerləşən, xalqın
inanc yerlərindən olan İmamzadə abidə-ziyarətgahıdır.
Qədim şəhərin ən dəyərli maddi mədəniyyət
nümunələrindən olan və mühüm dini əhəmiyyət
kəsb edən “İmamzadə” türbəsinin Gəncə
memarlıq üslubunda yenidən tikilməsi, bərpası və
abadlaşdırılması məqsədilə Prezident
İlham Əliyev sərəncamlar
imzalayıb. Eyni zamanda, dövlət başçısı
burada görülən işlərlə dəfələrlə
tanış olub, müvafiq tapşırıq və tövsiyələrini
verib. Ölkə Prezidentinin ayrı-ayrı tarixlərdə
imzaladağı 6 sərəncam əsasında aparılan
işlər davam edir.
Ziyarətgahda
olduq. Öyrəndik ki, hazırda kompleksdə tamamlanma işləri
aparılır. Artıq tikililərin üzlənməsi və
daxili interyerdə bəzək-naxışlanma sona
çatdırılıb. 2010-cu ildən əsaslı təmirinə
başlanılan kompleksin yerləşdiyi 2,5 hektar ərazidə
36 kiçik və 5 böyük günbəzdən ibarət
məscid, 200 kvadratmetr ərazisi olan qurbangah, 1000 nəfərlik
ehsangah, mehmanxana və 500 avtomobillik 2 dayanacaq inşa edilib.
İki salondan ibarət namazgahda nəfis xəttatlıq
işləri görülüb və kaşı materialla
örtülüb. Ərazidə müasir
işıqlandırma sistemi qurulub. 10 min kvadratmetrdən
çox asfalt örtüyü salınıb.Tikilinin həyəti
kərpiclə hasara alınıb. 600 kvadratmetrlik ərazidə
əsas giriş xüsusi layihə ilə hazırlanıb.
Piyadaların rahat hərəkəti üçün 500 min
paqonmetrdən çox səki daşları
düzülüb. Digər işlər isə davam etdirilir.
İmamzadə
kompleksi Gəncə şəhərinin və
bütövlükdə ölkənin ən maraqlı
dini-tarixi ziyarətgahıdır. Türbə isə kompleksin ən
qiymətli abidəsidir. Burada beşinci İmam Məhəmməd
Baqirin oğlu İbrahim dəfn olunub. Orta əsr Azərbaycan
memarlığının dəyərli nümunələrindən
olan İmamzadə piri Şərqin qədim karvan-ticarət
yolunun üzərində yerləşib. İmamzadə əsrlərdən
bəri Azərbaycanın müxtəlif bölgələrindən,
eləcə də başqa ölkələrdən gələn
müsəlmanların ziyarətgahına çevrilib. Bu dini
abidə Gəncənin qədimliyini sübut etməklə
yanaşı, şəhərin islam aləmindəki yerini və
nüfuzunu da göstərir.
Hazırda
şəhərdən İmamzadə ziyarətgahına gedən
istiqamətdə yaşıllaşdırma işləri
aparılır. Milli elementləri özündə birləşdirən
qırmızı kərpiclə üzlənmiş
divarların fonunda şam ağacları xoş bir mənzərə
yaradır.
Gəncəçayın
bu ərazidən keçən hissəsində çayın
yatağı təmizlənərək qaydaya salınır. Məişət
tullantılarından təmizlənmiş həmin ərazidə
5 mindən artıq şam ağacı əkilib. 27 metrə qədər
genişləndirilmiş yol ən müasir
işıqlandırma dirəklərinin qurulması ilə gecə
vaxtlarında da ərazini çıraqban edəcəkdir.
Kompleksin
təmiri ilə bağlı dövlət
başçısının imzaladığı əlavə
tədbirlər haqqında sərəncama uyğun olaraq
“Zazalı-İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun
inşasına da başlanılıb. Mövcud yolun asfalt
örtüyü xüsusi texnikalar vasitəsilə 90 santimetr
qalınlığında sıyrılaraq yenidən işlənir.
Yol 7 metrdən 15 metrədək genişləndirilir. Bardür
və işıq dirəkləri ilə ikiyə ayrılacaq
yolun hərəkət hissəsi avtomobillərin sağ və
sol istiqamətə getməsini
asanlaşdıracaq.
Bundan
əlavə, mövcud yaşayış massivlərində
insanların təhlükəsizliyini təmin etmək
üçün yolun sağ və sol hissəsinə səki
daşları düzülür. Gəncə çayı
üzərindəki körpünün təmirinə, eləcə
də hərəkətin ikitərəfli təminatı
üçün eni 7 metr olacaq yeni körpünün
inşasına da başlanılıb. Hazırda yolun
inşasına 40 texnika və 100 nəfərdən artıq
canlı qüvvə cəlb edilib. Dekabrın sonuna kimi yolun
3,5 kilometrinin istifadəyə verilməsi nəzərdə
tutulub.
Azərbaycan
xalqının əsrlər boyu qoruyub saxladığı zəngin
mədəni dəyərlərin müasir dövrdə təbliğinin
böyük əhəmiyyətini nəzərə alaraq Gəncə
Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisindəki
İmamzadə dini kompleksindən bəhs edən yeni bir kitab
da çapa hazırlanır.
Bu dəyərli
tarixi-memarlıq nümunəsi ölkəmizin qərb bölgəsində
dini turizmin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyəti
ilə seçilən abidələrdəndir.
Əli SƏLİMOV,
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 7.