Qaz ixrac edən region ölkələrinə Azərbaycanın
infrastrukturundan istifadə etmək təklif
olundu
Noyabrın 23-də Tehranda Qaz İxrac edən Ölkələrin Forumunun 3-cü sammiti öz işinə başlayıb.
Sammitdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani açılış nitqi ilə çıxış edib. Prezident qeyd edib ki, yaxın gələcəkdə dünyada təbii qaza olan tələbat artacaq, ona görə də foruma üzv olan ölkələr əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər ki, dünya bazarında tələblə təklif arasındakı balansı qorusunlar və qiymətlər sabit qalsın.
Rusiya Prezidenti Vladimir Putin çıxışında Foruma müşahidəçi üzv kimi qəbul edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Bildirib ki, qaz sahəsinə uzunmüddətli investisiyaların yatırılmasını artırmaq lazımdır. Bu məsələ ilə Forum üzvləri ciddi məşğul olmalıdırlar.
Rusiya Prezidenti deyib ki, Foruma üzv olan dövlətlər həmrəylik nümayiş etdirərək təbii qazın satışı zamanı “al və ödə” prinsipini əsas tutmalıdırlar.
Sonra Türkmənistanın, Venesuelanın, İraqın, Boliviyanın, Əlcəzairin, Nigeriyanın prezidentləri və digər dövlətlərin nümayəndələri çıxış edərək problemlər və onların həlli yollarından danışıb, bir sıra təklilər irəli sürüblər.
Azərbaycanın energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilməsi münasibətilə ölkəmizi təbrik etdiyinə görə İran və Rusiya prezidentlərinə və Forumun bütün üzvlərinə təşəkkür edib, Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan ötən 20 ildə qaz sahəsində qonşu dövlətlərlə səmərəli əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirmək niyyətindədir. İran, Türkiyə, Qazaxıstan və Rusiya ilə qaz sahəsində əməkdaşlıq əlaqələri və birgə işlər davam etdirilir. Qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Azərbaycan böyük təcrübə qazanıb və təbii qaz ixrac edən ölkələr arasında fərqlənir. Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində üzv olmaqla onun irəli sürdüyü problemlərin həll edilməsi və qəbul etdiyi qərarların həyata keçməsi üçün öz dəstəyini göstərəcək.
N.Əliyev Azərbaycanın təbii qaz ixracı sahəsində həyata keçirdiyi beynəlxalq layihələr haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan neft və qazın nəqli üçün yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsini təklif edir. Azərbaycan qazının Avropaya nəqli üçün reallaşdırılan Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmaq da qaz ixrac etmək istəyən region ölkələri üçün səmərəli ola bilər.
Qeyd edək ki, Azərbaycanın bu sammitdə iştirakını və Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi üzv kimi qəbul edilməsini tədbirdə iştirak edən bütün dövlət başçıları yüksək qiymətləndirib və ölkəmizi təbrik ediblər.
Tədbirin sonunda dövlət başçılarının birgə Bəyannaməsi qəbul edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran