Azərbaycan
Respublikası Prokurorluğu daha bir mötəbər quruma üzv qəbul olunub
Korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Parisdə 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilib.
Azərbaycan Respublikası Prokurorluğu səsvermə nəticəsində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatına üzv qəbul edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibətilə bu qurumun inzibati binasında təşkil olunub.
Hər iki qurumun prezidenti, eləcə də Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycana səfəri zamanı baş prokuror Zakir Qaralov ilə əldə edilmiş razılığa əsasən, Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin EPAC-a və EACN-ə üzvlük məsələsinin baxılması məqsədilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə bu tədbirlərdə baş prokurorun müavini – Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Baş Assambleyada Azərbaycanın EPAC-a üzvlük məsələsinə baxılıb. Səsvermədən əvvəl K.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olmaqla beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilərək tətbiq edilməsinin beynəlxalq əməkdaşlığın prioritet istiqaməti olduğunu vurğulayıb.
Sonra səsvermə keçirilib və Azərbaycan Respublikası Prokurorluğu bu təşkilata üzv qəbul edilib.
Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.
Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq əməkdaşlığın daha
da gücləndirilməsi məqsədilə
“Paris bəyannaməsi” qəbul edilib. Həmçinin 16-cı İllik
Konfransın Korrupsiyanın qarşısının
alınması və ona qarşı
mübarizə üzrə Bürosunun
(KNAB) təşkilatçılığı ilə
Latviyanın paytaxtı Riqada keçirilməsi
qərara alınıb.
Azərbaycan.- 2015.- 24 noyabr.- S. 7.