“New
Europe” qəzeti Azərbaycanda keçirilən
parlament seçkilərinə xüsusi buraxılış həsr edib
Avropa İttifaqının mətbuat orqanı olan “New Europe” qəzeti Azərbaycanda keçirilən parlament seçkilərinə 16 səhifəlik xüsusi buraxılış həsr edib.
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda Azərbaycanın siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu, dünyanın bir çox ölkələrindən gəlmiş 40-dan artıq nümayəndə heyətinin seçkilərin nəticələri ilə bağlı məruzə-hesabatları barədə oxuculara ətraflı məlumat verilir.
Məqalələrdə Prezident İlham Əliyevin Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins, Malta parlamentinin spikeri Anqlu Faruca, Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyid, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin Nümayəndələr Palatasının keçmiş sədri Jose de Venesia və təşkilatın Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri barədə məlumatlar yer alıb.
Yazılarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etməsi pislənib.
Məqalələrdən birində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun DTİHB-ın ölkəmizə müşahidə missiyası göndərməməsi ilə bağlı fikirləri də yer alıb. Əli Həsənov deyib ki, bu qurumun Azərbaycana müşahidə missiyası göndərməkdən imtina etməsi ölkəmizdə keçirilən parlament seçkilərinə kölgə sala bilməz. Azərbaycan Hökuməti parlament seçkilərini izləmək üçün qurumun müşahidə missiyasını ölkəmizə dəvət edib. Əfsuslar olsun ki, DTİHB bu təşəbbüsün həqiqi dəyərini qəbul etməyib və birtərəfli şəkildə seçkiləri müşahidə etməkdən imtina edib. Biz bunu siyasiləşdirilmiş qərar hesab edirik. Bu qərar ATƏT-in Nizamnaməsinə və prinsiplərinə ziddir. Bu hərəkətlə DTİHB seçki müşahidə təcrübəsinə çox mənfi hal əlavə etmiş oldu. Azərbaycan Hökuməti ölkə qanunvericiliyinə müvafiq olaraq beynəlxalq öhdəliklərə tam əməl edir və üzv olduğu qurumlarla bərabər, qarşılıqlı səmərəli, faydalı əməkdaşlığı davam etdirməyə hazırdır. Azərbaycan müstəqil, sürətlə inkişaf edən ölkədir. Azərbaycan heç zaman kimlərinsə istəyinə uyğun siyasət qurmayıb. Hər hansı bir qurumun öz istəklərini zorla qəbul etdirməsi yolverilməzdir. Azərbaycan bu mövqeyinə sadiq qalacaq.
Xüsusi buraxılışda AŞPA-nın müşahidə missiyasının ölkə ərazisində keçirilən seçkiləri izlədikləri barədə ətraflı yazı da dərc olunub. Məqalədə bildirilir: “Seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunub. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib. Missiyanın üzvləri səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu müşahidə ediblər. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edir. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır”.
Qəzetin müsahibləri - Polşa parlamentinin üzvü Mariyus Antoni Kaminski, Kanadadan olan senator Persi Dovn, ispaniyalı Antonio Qutiyerez, AŞPA-da Demokratik Solçuların təmsilçisi Tadeuz İşinski, Avropa Strateji və Kəşfiyyat, Təhlükəsizlik Mərkəzinin müşahidə missiyasının rəhbəri Klaud Moniq və başqalarıdır. Məqalələrdə “Bir çox seçki dairələrində veb-kameralar təmin edilib”, “Bu, həqiqətən də peşəkar işdir və digər ölkələrə nümunədir”, “Seçkilərdə qadınlar çoxluq təşkil edir”, “Azərbaycan Avropanın ən stabil ölkələrindən biridir”, “Azərbaycandakı parlament seçkiləri region üçün nümunədir” və digər başlıqlar yer alıb. Müşahidəçilər müsahibələrində, həmçinin Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, inkişaf dinamikasından, beynəlxalq əlaqələrindən söhbət açıblar.
Qəzetdə Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə iş şöbəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Milli Məclisə seçkiləri müşahidə edən qrupun üzvü Ceyson Katsın AZƏRTAC-a məxsusi müsahibəsi də yer alıb. Ceyson Katsın məntəqələrdə şəffaf qutuların qoyulması, komissiya üzvlərinin qaydalara ciddi riayət etmələri barədə fikirləri diqqətə çatdırılıb: “Azərbaycanda şəffaf, demokratik seçkilərin keçirildiyinin şahidi oldum. Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz yataqlarına malikdir. Azərbaycanın inkişafı dinamikdir. Azərbaycan Hökuməti cəmiyyətin sabitliyi və demokratiyanın inkişafı üçün zəruri olan bütün sivil qurumların yaratmaqla mühüm işin öhdəsindən gəlib. Azərbaycanlılar mənim indiyədək gördüyüm ən qonaqpərvər insanlardır”.
Xüsusi buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən yazılarda ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazandığı uğurlar yer alıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri barədə də oxuculara ətraflı məlumat verilib. Nəşrdə, həmçinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyindən, “Şahdəniz 2” və “Cənub” qaz dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından bəhs olunur.
Qəzetdə paytaxt Bakıda son illərdə aparılan tikinti-quruculuq işləri ilə bağlı fotoşəkillər yer alıb.
“New Europe” 1993-cü ildən dünyanın
ayrı-ayrı bölgələrində iqtisadi
prosesləri yaxından izləyən, onu
peşəkar şəkildə işıqlandıran, təhlil
edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən
nüfuzlu demokratik,
müstəqil mətbuat orqanıdır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 5.