“Əl-Machar”: Azərbaycan
İslam Həmrəylik Oyunlarını qəbul
etməyə hazırlaşır
İordaniyanın nüfuzlu “Əl-Machar” qəzetində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə bildirilir ki, bu ilin iyun ayında Bakıda ilk Avropa Oyunlarının uğurla keçirilməsindən sonra Azərbaycan IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə fəal surətdə hazırlaşır. Oyunların hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq onu qəbul etməyə tam hazır olduğunu bildirir.
Müəllif yazır ki, 2017-ci il Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə qərar Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının səkkizinci hesabat-seçki Baş Assambleyasında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
2017-ci il mayın 12-dən 22-dək keçiriləcək bu Oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin və 5 mindən çox idmançının iştirakı gözlənilir. İlkin razılaşmaya əsasən idmanın 20 növü üzrə yarışların keçirilməsi planlaşdırılır.
Məqalədə qeyd edilir ki, Bakıda Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini vurğulayıb və bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Prezidentin sözlərinə görə, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. İlham Əliyev, həmçinin vurğulayıb ki, paytaxtın qonaqları Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir, dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək. Bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək.
Sonra məqalədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilib. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini bildirib. O, xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir. Diqqətə çatdırılır ki, o, Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanda gedən böyük inkişaf proseslərinin, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığının şahidi olduğunu bildirib. O, Azərbaycanın İslam Həmrəylik Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.
Məqalədə, həmçinin noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) IX Baş Assambleyasının keçirilməsi haqqında geniş məlumat verilir. Qeyd olunur ki, tədbirdə 40-dan çox ölkənin nümayəndələri, o cümlədən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Əbdüləziz Əl Səud iştirak edib.
ISSF-in birinci vitse-prezidenti Hamad Kalkaba Malboum bildirib ki, ISSF Azərbaycan hökumətinin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini, Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi olduğunu və dünyada həmrəylik təbliğ etdiyini göstərir.
Oxucunun diqqətinə çatdırılır ki, Azərbaycan islam
dünyasında həmrəyliyin möhkəmləndirilməsinə,
müsəlman ölkələri arasında əməkdaşlığın
və qarşılıqlı münasibətlərin
inkişafına həmişə böyük
töhfə verib. Xüsusilə qeyd edilir ki,
2009-cu ildə Bakı “İslam mədəniyyətinin
paytaxtı” olub. 2018-ci ildə isə Azərbaycanın
qədim Naxçıvan şəhəri “İslam
mədəniyyətinin paytaxtı” olacaq.
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 7.