Muzeydə “Kəlağayısı gülgəz, libası əlvan” adlı sərgi açılıb

 

Noyabrın 24-də Azərbaycan Xalça Muzeyində xalqımızın qədim el sənəti nümunəsi olan milli irsinə - kəlağayımıza həsr edilmiş “Kəlağayısı gülgəz, libası əlvan” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək qayğı və dəstəkdən söhbət açıb.

Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla da xalqımızın milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə kəlağayının mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqlənib.

Sərgidə gənc kolleksiyaçılar Ruslan HüseynovFuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilir. Onlar on ilə yaxındır ki, milli irsimizi qorumaq, təbliğ etməklə məşğuldurlar. Təqdim olunan 250-dən çox geyim, baş örtüyü Qarabağ, Şamaxı, Bakı, Naxçıvan və digər bölgələrimizi əhatə edir. Bu kolleksiyada, həmçinin XVIII-XIX əsrlərə aid müxtəlif tikmə, zərgərlik nümunələri də toplanıb.

Tədbir çərçivəsində muzeyin uşaq şöbəsinin face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstərilib.

Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Bir ay davam edəcək sərgidə ustad dərsləri, uşaqlar üçün face-art proqramları keçiriləcək.

 

Azərbaycan.- 2015.- 25 noyabr.- S. 11.