Usta Saleh

 

Xalqımızın mədəni dəyərlərinin qorunub saxlanmasında və inkişafında hər bölgənin, kəndin öz payı, töhfəsi var. Mədəni dəyərlərimiz mükəmməlliyi ilə hər birimizə üzağlığı, könül xoşluğu bəxş edir. Bu baxımdan ölkəmizin dünyaca məşhur olan Şəki rayonunun bir ayrı yeri var.

Şəki özünün fərqli sənət nümunələri, tarixi abidələri, ipəyi, kəlağayısı və mətbəxi ilə həmişə dillər əzbəri olub. Növbəti səfərimiz bu məkanın daha çox bir sənət nümunəsi ilə yadda qaldı. Şəhərin 20 Yanvar küçəsində, yolun kənarında səliqə ilə asılmış müxtəlif papaq, məs, əsasən də şapkaların olduğu bir dükan diqqətimizi çəkdi. Marağımıza səbəb olan isə paytaxt Bakıda, o cümlədən ölkənin digər ticarət mərkəzlərində satış məqsədilə istənilən ölkədən (Türkiyə, Rusiya, Ukrayna, Belarus, Dubays.) gətirilən şapkaların təklif edilməsinə baxmayaraq, onların arasında Şəkidə diqqətimizi cəlb edən yerli şapkaları görməməyimiz idi.

Hava yağışlı olduğundan dükanın qapısı örtülü idi. Qapını döyərək içəri daxil olduq. Dükanda bir-birinə oxşayan üç nurani kişi oturmuşdu. Armudu stəkanda çay içə-içə nə haqdasa şirin-şirin danışırdılar. İçəri keçib hər biri ilə ədəb-ərkanla görüşdükdən sonra özümüzü təqdim edirik. Şapkalarla maraqlandığımızı görüncə əvvəl içəridəkilərdən biri, ardınca isə ikinci kişi dükanı tərk etdi. Dükan sahibindən onların çıxmalarının səbəbini soruşduqda dedi:

- Oğul, hər yerin bir qayda-qanunu, ədəb-ərkanı olduğu kimi, bizdə də özümüzə məxsus olan qaydalarımız var. İçəri girdinsə, dükanda olan qeyri-müştəri burada qalmaz. Bura mənim yerimdir. Müştəri olmayanda tanışlarla oturub söhbət edə bilərəm. Çaya da qonaq edərəm. Yox, əgər müştəri gəldisə, o halda hər kəs öz işini biləcək.

Dükanın sahibi Saleh Əliheydərov əsl şəkili qonaqpərvərliyi ilə bizə də çay təklif edir. İsti və ətirli çayı aramla içə-içə Saleh kişidən peşəsi ilə bağlı düşüncələrini öyrənməyə çalışırıq. Usta fikrimizi anlayır və bəzi məlumatlar verir:

- Ümumiyyətlə, mən papaqçı ailəsində dünyaya göz açmışam. Çörəyimiz baş geyimlərindən çıxıb. Atam Məhərrəm kişi ömrünün 35 ilini bu sənətə həsr edib. Kimlərə şapka tikməmişdi rəhmətlik. O dövrlər alıcı daha çox olardı. Amma atam bu sənətdən əldə etdiyi gəlirdən daha çox papağın insanları isti-soyuqdan, qar-yağışdan qoruması ilə yanaşı, qeyrət, qürur mənbəyi olmasını aşılamağa çalışırdı. Elə bu səbəbdən özümyavaş-yavaş atamdan bu sənətin sirlərini öyrənirdim.

Saleh kişi uşaqlıqda atasının sənətinə həvəs göstərməklə yanaşı, həm də musiqi təhsili alıb, tar çalmağı da öyrənib. Düz 35 il Şəki şəhər musiqi məktəbində tar müəllimi işləyib. Şapkaçılığı seçməsi isə atasının sənətini yaşatmaq istəyindən irəli gəlib.

Həmsöhbətimizin dediyinə görə, Şəkidə papaqçılar çoxdur. Şapkaçı isə yalnız odur. Alıcı sarıdan şikayəti yoxdur. Şapkaların satışı əvvəlki dövrlərdəki kimi olmasa da, yenə də pis deyil. Sifarişdən asılı olaraq istənilən modeldə şapka tikir. Onların arasında həm dədə-baba papaqları, həm də sifarişə uyğun müasir dəbdə olanlar da var.

Onun yanına şagird kimi gəlməyə təşəbbüs göstərənlərin olub-olmaması ilə maraqlanırıq. Təəssüf ki, cavab ürəkaçan olmadı.

Musiqi ilə şapkaçılıq kimi iki incə və dəqiqlik tələb edən sənəti öz zəif vücudunda birləşdirən Saleh kişi həm də nümunəvi ailə başçısıdır. İki övladı var. Hər ikisiali təhsillidir.

Beləcə, “Hər zaman iynən iti, papağın isə dik olsun, usta” - deyib qədim xalq sənətini yaşadan Saleh kişidən ayrılırıq...

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2015.- 25 noyabr.- S. 11.