Azərbaycan Prezidenti İlham Əliyev
İSESCO-nun baş direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini
qəbul edib.
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.
İSESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını dedi.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 1.