Azərbaycan
həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi qeyd
edilib
Azərbaycan
həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi
münasibətilə noyabrın 25-də Dövlət Musiqili
Teatrında təntənəli yubiley mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov, digər dövlət və hökumət
rəsmiləri, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının,
həmçinin bir sıra ölkələrin həmkarlar
ittifaqları qurumlarının rəhbər şəxsləri,
respublika həmkarlar ittifaqlarının nümayəndələri
iştirak ediblər.
Tədbiri
açan Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin
deputatı Səttar Mehbalıyev əlamətdar hadisə
münasibətilə respublika həmkarlar təşkilatlarının
üzvlərini təbrik edib.
Azərbaycanda
həmkarlar ittifaqlarının tarixindən danışan
S.Mehbalıyev XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində
Azərbaycanda neft sənayesinin çiçəklənməsi
ilə milli sahibkarların yetişdiyini, Bakının
böyük sənaye mərkəzinə çevrildiyini və
fəhlə hərəkatının genişləndiyini diqqətə
çatdırıb. Qeyd olunub ki, 1904-cü il
dekabrın 30-da “Elektrosila” zavodunda neft sənayeçiləri
ilə fəhlələr arasında ilk kollektiv müqavilə
imzalandı. 1905-ci il oktyabrın 17-də isə konka (at dəmir
yolu) işçiləri həmkarlar ittifaqı təşkilatı
yaratdılar. Artıq 1906-cı ilin sonunda Bakıda mövcud
olan 18-20 həmkarlar ittifaqının üzvlərinin sayı
12 min nəfəri ötmüşdü. Qafqazdakı həmkarlar
ittifaqının 75 faizi Azərbaycanın paytaxtında cəmlənmişdi.
Bildirilib ki, 1991-ci ildə
müstəqilliyini bərpa edən Azərbaycanda ölkə
həyatının bütün sahələrində olduğu
kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində
də xeyli dəyişiklik baş verdi, demokratik və
aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa
başladı. 1993-cü il fevralın 5-də Azərbaycan
Həmkarlar İttifaqları Şurası özünü
buraxaraq səlahiyyətlərini yeni təsis olunan konfederativ
tipli AHİK-ə verdi. Bu təşkilatın yaranması ilə
həmkarlar ittifaqlarının fəaliyyətində
inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar
ittifaqlarının səlahiyyətləri özlərinə
qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə,
dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa
yol açıldı.
S.Mehbalıyev deyib ki, AHİK-in müstəqil
qurum kimi formalaşması məhz ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz
Ümummilli Liderin şəxsi təşəbbüsü və
nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında
ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları
haqqında” Qanunun qəbul edilməsi ilə həmkarlar
ittifaqlarının cəmiyyətdəki yeri və statusu
müəyyən olundu. Bu qurumun fəaliyyətini
həmişə diqqət mərkəzində saxlayan Ulu
Öndər ona yardım göstərir, Konfederasiyanın
qurultaylarına təbrik məktubları göndərir, əldə
olunmuş nailiyyətləri yüksək qiymətləndirir,
zəruri tövsiyələr verirdi.
Qeyd edilib ki, Ümummilli Liderin
inkişaf strategiyasını uğurla həyata keçirən
Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının
sosial-iqtisadi məsələlərlə bağlı
mövqeyini dəstəkləməsi və bu sahədə
mühüm qərarlar qəbul etməsi qurumun həyatında
xüsusi rol oynayıb. Azərbaycan
Prezidentinin həmkarlar ittifaqlarının fəaliyyətinə
xüsusi diqqət yetirdiyini vurğulayan S.Mehbalıyev dövlətimizin
başçısının sərəncamları ilə həmkarlar
ittifaqlarında xidmətləri olan şəxslərin
yüksək fəxri adlar, orden və medallarla təltif
edildiyini söyləyib.
“Bu gün Azərbaycan həmkarlar ittifaqları
vətəndaş cəmiyyətinin əsas institutlarından
biridir”, - deyən sədr AHİK-in Baş Kollektiv Sazişin
layihəsinin hazırlanmasının və
bağlanmasının təşəbbüskarı kimi
çıxış etdiyini söyləyib. Bildirilib ki,
Baş Kollektiv Saziş üçtərəfli qaydada -
AHİK, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası arasında
bağlanılır. Müvafiq olaraq sahələrdə tarif
sazişləri, yerlərdə isə kollektiv müqavilələr
bağlanılır. Hazırda Azərbaycanda 13 min 451 kollektiv
müqavilə, 119 tarif sazişi fəaliyyət göstərir.
Respublikada sosial tərəfdaşlığın formaları
ildən-ilə təkmilləşir, 2014-2015-ci illəri əhatə
edən Baş Kollektiv Sazişdə bir çox yeni və
perspektivli müddəalar əksini tapıb.
AHİK sədri vurğulayıb ki, Konfederasiya
həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına
dair qanun və proqramların, bir çox normativ sənədlərin
işlənib hazırlanmasında fəal iştirak edib.
Müxtəlif orqanlar tərəfindən
hazırlanmış 100-dən çox qanun layihəsində
AHİK-in rəyi nəzərə alınıb. Həmkarlar
ittifaqı mütəxəssislərinin birbaşa
iştirakı ilə ərsəyə gəlmiş bu sənədlər
həmkarlar ittifaqının hüquqi bazasını xeyli
genişləndirib.
Diqqətə
çatdırılıb ki, bu gün sıralarında 1,6
milyondan çox həmkarlar ittifaqı üzvünü birləşdirən
AHİK işçilərin pozulmuş əmək və
sosial hüquqlarının bərpası uğrunda daha səmərəli
mübarizə aparır. AHİK və üzv təşkilatlarda
işə bərpa ilə əlaqədar 823 müraciətdən
143-ü müsbət həll edilib. Bu müddətdə 4211 nəfərin
öz iş yerində saxlanılmasına nail olunub. Azərbaycan
həmkarlar ittifaqları transmilli şirkətlərdə
işçilərin həmkarlar ittifaqına cəlb edilməsi
sahəsində də müəyyən təcrübə
toplayıb. Belə şirkətlərdə 70-dək həmkarlar
ittifaqı təşkilatı fəaliyyət göstərir.
Qeyd olunub ki, ölkədə
silsilə tədbirlər – təqdimatlar, seminarlar, “dəyirmi
masa”lar, yığıncaqlar təşkil edən AHİK-in
1991-ci ildən nəşr edilən mətbu orqanı olan
“Ülfət” qəzeti respublikamızda ən yüksək
tirajla yayımlanan nəşrlərdəndir.
Bildirilib ki, beynəlxalq həmkarlar
ittifaqı hərəkatının tərkib hissəsi olaraq
AHİK xarici ölkələrin həmkarlar ittifaqları ilə
həmrəylik və əməkdaşlığı getdikcə
möhkəmləndirir, beynəlxalq həmkarlar ittifaqı hərəkatının
aksiyalarında iştirak edir. AHİK güclü, fəal
və innovativ milli həmkarlar ittifaqı mərkəzi kimi
artıq özünü təsdiq edib. Bunun nəticəsidir
ki, Konfederasiya 2000-ci ildən üzv olduğu,
sıralarında 162 ölkənin 328 həmkarlar
ittifaqını – 176 milyon üzvü birləşdirən və
dünyanın ən böyük həmkarlar ittifaqı qurumu
olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
(BHİK) rəhbər heyətində təmsil olunur. Belə ki, BHİK-in III
qurultayında AHİK-in nümayəndəsi bu qurumun
vitse-prezidenti seçilib. İndiyədək dünyanın 46 beynəlxalq
təşkilatı və milli həmkarlar ittifaqı mərkəzi
ilə əməkdaşlıq əlaqələri qurulub, 10 xarici
həmkarlar ittifaqı qurumu ilə ikitərəfli müqavilələr,
Beynəlxalq Əmək və Beynəlxalq Miqrasiya təşkilatları
ilə əməkdaşlıq haqqında sazişlər
imzalanıb.
Bu
gün gənclər siyasətinin Azərbaycanda prioritet istiqamətlərdən
birini təşkil etdiyini deyən S.Mehbalıyev gənclərin
həmkarlar ittifaqı işində iştirakının
xüsusilə diqqət mərkəzində
saxlanıldığını vurğulayıb. O deyib ki, bu gün AHİK
aparatının hər üç işçisindən
birinin yaşı 30-dan aşağıdır. Azərbaycan həmkarlar
ittifaqlarında üzvlərin 25,2 faizini gənclər
təşkil edir. AHİK-in Gənclər
Şurası fəaliyyət göstərir. Onun sədri həm də Pan-Avropa Regional Gənclər
Şurasının vitse-prezidentidir.
Diqqətə
çatdırılıb ki, son 10 ildə rəsmi beynəlxalq
yarışlarda, çempionatlarda 332 medal qazanmış həmkarlar
ittifaqları idmançıları bu uğuru davam etdirirlər.
Birinci Avropa Oyunlarının
açılış mərasimində Azərbaycan nümayəndə
heyətinin ön cərgəsində respublikamızın
bayrağını Azərbaycan Həmkarlar İttifaqları
İdman Təşkilatları Assosiasiyasının nəzdindəki
“Atilla” idman klubunun cüdoçusu Elmar Qasımov aparıb.
Bildirilib
ki, həmkarlar ittifaqlarının maliyyə bazasının
möhkəmləndirilməsi məqsədilə
üzvlük haqlarının artırılması sayəsində
həmkarlar ittifaqı təşkilatlarının öz
funksiyalarını yerinə yetirmək imkanları genişlənib. Sahə həmkarlar
ittifaqları öz üzvlərinin
sağlamlığının və istirahətinin
qayğısına qalaraq həmkarlar ittifaqı vəsaiti
hesabına yeni istirahət bazaları tikdirib istifadəyə
verib. Həmkarlar ittifaqı təşkilatlarının
daxili imkanları hesabına hər il orta
hesabla 45 min nəfərdən artıq vətəndaş
müalicə və istirahət ocaqlarına
yollayışlarla təmin olunub. Uşaq
sağlamlıq düşərgələrində isə
işçilərin minlərlə övladı dincəlir.
AHİK-in
qaçqın və məcburi köçkünlərə,
20 Yanvar, eləcə də Qarabağ müharibəsi şəhidlərinin
ailələrinə yardımlar etdiyini vurğulayan
S.Mehbalıyev Konfederasiya və onun üzv təşkilatları
tərəfindən göstərilən yardımların 10
milyard manatlarla hesablandığını deyib. Bildirib
ki, AHİK tərəfindən sanatoriya-kurort müəssisələrinin
12600 çarpayı fondunun yalnız 2250-sindən
sanatoriya-kurort müalicəsi və istirahət
üçün istifadə edilir.
AHİK sədri
rəhbərlik etdiyi qurumun milli ordu ilə də yüksək
səviyyədə iş apardığını söyləyərək
hərbi hissələrdə əsgərlərlə
görüşlərin, özfəaliyyət kollektivlərinin
çıxışlarının təşkil edildiyini,
müxtəlif şeir, bədii-qiraət müsabiqələrinin
keçirildiyini bildirib. Qeyd olunub ki, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimlərinə həmkarlar
ittifaqlarının təqaüdləri verilir. Həmçinin
ali təhsil müəssisələrində
qış və yay sessiyalarının nəticələrinə
görə təhsildə uğur qazanmış, ictimai
işlərdə fərqlənmiş tələbələrə
də adlı təqaüd verilir. İndiyədək
1700 nəfərdən artıq gənc belə təqaüdə
layiq görülüb.
S.Mehbalıyev
çıxışının sonunda deyib: “AHİK olaraq
üzərimizə düşən məsuliyyəti dərindən
dərk edir, həmkarlar ittifaqı birliyinin qorunmasına, həmkarlar
ittifaqının cəmiyyətdə rolunun və təsirinin
artmasına, bütün səviyyələrdə sosial əməkdaşlığın
möhkəmlənməsinə çalışırıq”.
Mərasimdə
çıxış edən Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli HƏSƏNOV deyib:
- Sənayeləşmə
dövründə Avropada meydana gələn həmkarlar hərəkatı
ötən müddətdə böyük inkişaf yolu
keçib, insan hüquq və azadlıqlarının,
xüsusilə də əmək hüquqlarının
qorunması sahəsində mühüm nailiyyətlər
qazanıb.
Azərbaycanda
da həmkarlar təşkilatları XIX əsrin sonu XX əsrin
əvvəllərində Rusiya imperiyasının sənaye mərkəzlərində
gedən ictimai-siyasi və iqtisadi proseslər, habelə
insanların sosial problemlərinin həlli məsələsinin
aktuallaşdığı bir dövrdə yaranmağa
başlayıb. Artıq XX əsrin əvvəllərində neft
hasilatının artması, böyük sənaye müəssisələrinin
yaranması nəticəsində Bakı şəhəri
sürətli inkişaf dövrünə qədəm qoyub və
qısa zamanda Rusiya imperiyasının əsas iqtisadi mərkəzlərindən
birinə çevrilib. Həmin dövrdə
dünyanın iqtisadi mərkəzlərində gedən
ümumi meyillərə uyğun olaraq neft sənayesində
çalışan böyük işçi qüvvəsinin əmək
hüquqlarının qorunması məsələsi də
aktuallaşıb. Təsadüfi deyil ki,
Bakı fəhlələrinin 1904-cü ildə keçirilən
ümumi tətili həmin dövrdə Rusiya imperiyasında ən
böyük kütləvi etiraz aksiyası kimi tarixə
düşüb. 1905-ci ildə ilk həmkarlar
təşkilatlarının yaranmasını da bu prosesin məntiqi
nəticəsi hesab etmək olar. Sonrakı
dövrdə Azərbaycanda həmkarlar hərəkatı əməyin
bütün növlərini əhatə edərək
işçilərin hüquqlarının müdafiəsi sahəsində
nüfuzlu və təsirli bir instituta çevrilib.
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra həmkarlar
hərəkatı öz inkişafının yeni mərhələsinə
qədəm qoyub, həmkarlar ittifaqlarının fəaliyyəti
yeni məzmun kəsb edib. 1993-cü ildə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
həmişə həmkarlar təşkilatlarına diqqət
və qayğı ilə yanaşıb, onların
inkişafına böyük önəm verib. Ulu Öndər həmkarlar hərəkatını
müxtəlif siyasi qüvvələrin təsirindən
qoruyub, onların uzun illər ərzində yaradılan
maddi-texniki bazasının dağıdılmasının
qarşısını alıb. Məhz həmin
dövrdən başlayaraq həmkarlar ittifaqlarının təşkili,
idarə olunması və fəaliyyətində ideoloji amillərin
təsiri aradan qaldırılıb, inzibati amirlik
metodlarından imtina edilib, demokratik prinsiplərin tətbiqinə
başlanıb və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının yaradılmasına hər cür dəstək
verilib. 1994-cü ildə “Həmkarlar
İttifaqları haqqında” Azərbaycan Respublikası
Qanununun qəbulu ilə bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin
müasir və demokratik prinsiplər əsasında tənzimlənməsinin
hüquqi bazası formalaşdırılıb.
Hazırda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini
əhatə edən çoxsaylı həmkarlar ittifaqları
komitələri və federasiyaları daxildir. Konfederasiyanın ətrafında
birləşən sahə həmkarlar ittifaqı üzvlərinin
sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən
kütləvi, eyni zamanda, mütəşəkkil bir ictimai
qüvvə olduğunu göstərir. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq,
sosial təminat, əməyin mühafizəsi, əmək
hüquqlarının qorunması ilə bağlı
ardıcıl və müntəzəm tədbirlər həyata
keçirir.
Müstəqillik
dövründə AHİK-in beynəlxalq əlaqələri də
yaranıb və genişlənib, qurum Beynəlxalq Əmək
Təşkilatı və Beynəlxalq Azad Həmkarlar
İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların
üzvü olub.
İnsan
hüquq və azadlıqlarının təmin
olunmasını ali məqsədi hesab edən
Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın
iqtisadi və sosial mənafelərinin, əmək
hüquqlarının qorunması sahəsində həmkarlar
ittifaqlarının roluna böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası hər il ölkənin
sosial-iqtisadi siyasətinin reallaşmasında
razılaşdırılmış mövqelərini və
birgə fəaliyyəti müəyyən edən Baş
Kollektiv Saziş imzalayırlar.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev həmkarlar təşkilatlarının
cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab
edir. İmzalanmış fərman və sərəncamlar,
həmçinin həmkarlar təşkilatları sahəsində
çalışan işçilərin yüksək dövlət
mükafatları ilə təltif edilməsi dövlətimizin
başçısının bu sahəyə ardıcıl
diqqət və qayğısının əyani təzahürüdür.
Digər tərəfdən, ölkə
qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə
edilmiş mütərəqqi dəyişikliklər
işçilərin hüquqlarının daha səmərəli
qorunması üçün həmkarlar təşkilatlarına
yeni imkanlar yaradır.
Sevindirici
haldır ki, Azərbaycan həmkarlar təşkilatlarının
üzvləri onlara göstərilən dövlət
qayğısını yüksək qiymətləndirir, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini
təqdir edir və dəstəkləyirlər. Təsadüfi deyil ki,
AHİK prezident seçkilərində cənab İlham
Əliyevin prezident postuna namizədliyinin irəli sürülməsi
təşəbbüsü ilə çıxış edib.
Qeyd
edim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
və müstəqil siyasət nəticəsində Azərbaycan
dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə
çevrilib. Liberal
iqtisadi islahatların davam etdirilməsi, investisiyaların təşviqi,
məqsədli dövlət proqramlarının
reallaşdırılması nəticəsində son 10 ildə
ölkə iqtisadiyyatı 3 dəfədən çox
artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə
enib, respublikada sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin
rifahı əsaslı şəkildə yüksəlib.
2003-cü ildən bu günədək Azərbaycanda minlərlə
istehsal müəssisəsi yaradılıb, 1,4
milyon yeni iş yeri açılıb. Yeni yaradılan iş
yerlərinin əksəriyyəti özəl sektorun payına
düşür. Hesab edirəm ki, bütün bu
reallıqları nəzərə alaraq, AHİK əmək
prosesinə cəlb olunan vətəndaşların iş
şəraitinin yaxşılaşdırılması,
onların sosial problemlərinin həlli və əmək
hüquqlarının təmin olunması üçün
ardıcıl və məqsədyönlü tədbirləri
davam etdirməlidir. Həmkarlar İttifaqları
Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən
transmilli şirkətlərlə əməkdaşlıq məsələlərinə
diqqəti artırmalı, əməyin təşkili və
sosial problemlərin həlli sahəsində qabaqcıl
dünya təcrübəsini dərindən öyrənməli
və tətbiq etməlidir.
Əminəm
ki, AHİK qarşıdan gələn dövrdə də
öz missiyasını uğurla davam etdirəcək və
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gələcək.
Sonra
Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının baş katibi Şaran Burrounun Azərbaycan
həmkarlar ittifaqlarının yaranmasının 110 illik
yubileyi münasibətilə videomüraciəti təqdim
edilib.
Əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin
Kərimli nazir Səlim Müslümovun təbrik məktubunu
oxuyub. Qeyd
edilib ki, öz sıralarında 1,6 milyondan çox
üzvü birləşdirən AHİK işçilərin
hüquqlarının fəal müdafiəsini və Baş
Kollektiv Sazişə əməl olunmasını təmin edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti
Məmməd Musayev çıxışında minlərlə
sahibkarlıq subyektini, 70-dək sahibkarlıq
assosiasiyasını birləşdirən ASK-nın 2001-ci ildə
Baş Kollektiv Sazişə qoşulduğunu vurğulayıb.
Bildirib ki, saziş ölkədə
sahibkarlığın inkişafına əlverişli şərait
yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, AHİK və ASK-nın təhlükəsiz əmək
şəraiti sahəsində gördüyü işlər
işçilərin hüquqlarının müdafiəsi
baxımından vacib rol oynayır.
Rusiyanın Müstəqil Həmkarlar
İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar
İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti
Mixail Şmakov Azərbaycan həmkarlar ittifaqlarının
yaranmasının 110 illik yubileyi münasibətilə rəhbərlik
etdiyi qurumlar adından təbriklərini çatdırıb. O, Azərbaycanın
həmkarlar ittifaqlarının yüksək fəallıq
göstərdiyini və mühüm uğurlar
qazandığını vurğulayıb.
Türkiyə Həmkarlar İttifaqları
Konfederasiyasının baş katibi Pevrul Kavlak da yubiley
münasibətilə təbriklərini çatdıraraq Azərbaycan
həmkarlar ittifaqlarının fəaliyyətinin təqdirəlayiq
olduğunu qeyd edib.
Gürcüstan Həmkarlar İttifaqları
Birliyinin sədri İrakli Petriaşvili həmkarlar
ittifaqları təşkilatlarının demokratik dövlət
quruculuğunda mühüm rol oynadıqlarını diqqətə
çatdıraraq AHİK-in də bu baxımdan yüksək
xidmətlərini qeyd edib. O, Azərbaycan və
Gürcüstan həmkarlar ittifaqları arasında səmərəli
əməkdaşlıqdan məmnunluğunu bildirib.
Avrasiya Qida, Kənd Təsərrüfatı,
Meşə və Turizm İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının prezidenti, Türkiyə
Otel, Restoran və İstirahət yerləri İşçiləri
Həmkarlar İttifaqının sədri Cəmail
Bakındı müstəqilliyin bərpasından sonra Azərbaycanın
sürətlə inkişaf edərək
mühüm nailiyyətlər qazandığını,
ölkəmizdə dinamik inkişafın şahidi olduğunu
bildirib. Azərbaycan həmkarlar
ittifaqlarının da sürətlə inkişaf edərək
artıq beynəlxalq qurumlarda fəallığı ilə
seçildiyini vurğulayan qonaq dünyada sülhün və
həmrəyliyin qorunmasında həmkarlar ittifaqlarının
da üzərinə mühüm vəzifələrin
düşdüyünü qeyd edib.
Sonra yubiley münasibətilə Türkiyənin
Hak İşçi Sendikaları Konfederasiyasının sədr
müavini Əli Çingiz Gülün təbrikləri diqqətə
çatdırılıb.
Belarus Həmkarlar İttifaqları
Federasiyasının katibi Anna Qriqoryevna Varfolomeeva da 110 illik
yubiley münasibətilə Azərbaycan həmkarlar
ittifaqlarını təbrik edib, qarşıdakı illərdə
daha böyük uğurlar arzulayıb.
Daha sonra həmkarlar ittifaqlarının Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamları ilə orden,
medal və yüksək fəxri adlara layiq
görülmüş fəallarına mükafatları təqdim
edilib.
Sonda yubiley mərasimi
iştirakçılarının adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 3.