ISESCO İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları Məryəm Ələkbərlinin sərgisi ilə tanış olublar

 

Noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev çıxış edərək ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbir çərçivəsində Bakıda olan qonaqlara xalqımızın mədəniyyəti, tariximüasir inkişafı ilə yanaşı, ölkəmizdə gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Sərginin əhəmiyyətindən danışan Xalq Yazıçısı vurğulayıb ki, gənc rəssam Məryəm Ələkbərlinin sərgiyə təqdim etdiyi 50-dək rəsm əsəri öz ruhunu milli dəyərlərdən alır. Bu əsərlərdə yer alan Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir.

Dünyada müsəlman ölkələrinə qarşı ikili standartların nümayiş olunduğunu diqqətə çatdıran Elçin Əfəndiyev qeyd edib ki, buna baxmayaraq bütün müsəlman ölkələri bəşəriyyəti dincliyə, xoşbəxtliyə, insanlığa və tolerantlığa dəvət edir. “Əsrlərin sədası” sərgisinin mövzu etibarı ilə qeyd olunan xüsusiyyətləri özündə ehtiva etdiyini bildirən görkəmli yazıçı sənət əsərlərinin müəllifinin bir müsəlman ölkəsinin övladı olduğunu vurğulayıb.

Xalq Yazıçısı gənc və istedadlı rəssam Məryəm Ələkbərlini yeni sərgi münasibətilə təbrik edibona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu diqqətə çatdırıb və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Baş direktor ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının ölkəmizdə keçirilməsini əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi dəyərləndirərək, bunun təşkilatda təmsil olunan ölkələrin, həm də qarşılıqlı olaraq təhsil və mədəniyyət sahəsindəki əlaqələrinə müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.