Gənclər Təşkilatları Milli Şurasının 20 illik yubileyi qeyd olunub

 

Noyabrın 25-də Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis edilməsinin 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi də təşkil olunub.

Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ARGTMŞ-nin yaradılmasının 20-ci ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.

ARGTMŞ-nin sədri Şahin Seyidzadə çıxış edərək Şuranın tarixi haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 112 gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şura özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə yerli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. O, Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Şuranın mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu günbu qurum üçün prioritet istiqamətdir. Ş.Seyidzadə ötən 20 ildə ARGTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını bildirib.

Gənclər və idman naziri Azad Rəhimov Şuranın XIII qurultayının qurumun 20 illik yubileyinə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb. Nazir deyib ki, Azərbaycan ötən 20 il ərzində tarixin ən şərəfli anlarını yaşayıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlikinkişaf üçün möhkəm təməllər yaradılıb. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir, regionlarda Gənclər evləri, Gənclər Fondu və digər mühüm qurumlar fəaliyyətə başlayıb. Gənclərlə bağlı inkişaf strategiyası və dövlət proqramları qəbul edilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyiöz fəaliyyətində ölkəmizdə gənclərlə işi əsas prioritet kimi görür və fəal gənclərin yetişdirilməsi üçün onların yerli və beynəlxalq platformalarda iştirakına şərait yaradır. Təqdirəlayiq haldır ki, Şuranın sıralarından bu gün mühüm dövlət vəzifələrində çalışan gənclər yetişiblər. ARGTMŞ ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə - “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları və digər mötəbər yarışlarda fəal tərəfdaşlıq edib.

Nazir Şuranın beynəlxalq təcrübənin ölkə gəncləri tərəfindən öyrənilməsində fəal rolunu xüsusi qeyd edib, buna görə dərin minnətdarlığını bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək 20 illik yubiley münasibətilə BMT adından gənclər sahəsində yüksək xidmətinə görə Şuranın üzvlərini təbrik edib. BMT-nin gənclər strategiyası ilə bağlı məlumat verən A.Broek bu siyasətdəki bəzi məsələlərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapdığını deyib. O, Şura üzvlərinin BMT-nin gənclər proqramları çərçivəsində təşkil etdiyi bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Vüsal Quliyev bildirib ki, Şura gənclər siyasətində bir brendə çevrilib. Ölkəmizdə gənclər təşkilatlarının, QHT-lərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. ARGTMŞ bu illər ərzində təşəbbüskarlığı, davamlılığı ilə xüsusi seçilib. Şuranın timsalında Azərbaycan Avropa Gənclər Forumunda təmsil olunub. Bununla da Şura Azərbaycan gənclərinin Avropaya qoşulmasına töhfə verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu təşkilatla uğurlu əməkdaşlıqdan danışıb. Bildirib ki, artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir. Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında ARGTMŞ-ə üzv olan gənclər təşkilatlarının rolundan söz açıb. O, Azərbaycan gənclərinin hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirib.

Avropa Şurasının gənclər departamentinin rəhbəri Rui Qomeş gənclərlə bağlı bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanda olmasından məmnunluğunu bildirib, ARGTMŞ-nin 20 illiyi yubileyi münasibətilə təbriklərini çatdırıb.

Sonra ARGTMŞ-in 1997-ci ildən üzvü olduğu Avropa Gənclər Forumunun prezidenti xanım Yohanna Nimanın təbrik məktubu oxunub.

Tədbirdə digər çıxış edənlər də 20 il ərzində müxtəlif gənclər təşkilatlarını əlaqələndirən və gənc kadrlar yetişdirən Şuranı yubiley münasibətilə təbrik edib. Onlar Milli Məclisdə gənclərlə bağlı xüsusi komitənin yaradılmasını Azərbaycanda gənclər siyasətinə və gənclərə göstərilən diqqət və etimad kimi qiymətləndiriblər.

Sonra Şuranın ötən 20 il ərzindəki sədrləri və təşkilata dəstək olan qurumların rəhbərləri təltif ediliblər.

Daha sonra gənclər təşkilatlarının ikinci milli konqresi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə ölkəmizdə bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək, dövlət gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarə edilməsinin səmərəli mexanizmlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

Sonda ARGTMŞ-ə üzv gənclər təşkilatlarının yığıncağı olub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.